Karikaturaçı: Əsl rəssamın iki qələmi olmalıdır - MÜSAHİBƏ+FOTOLAR

09:24 | 08.09.2015
Karikaturaçı: Əsl rəssamın iki qələmi olmalıdır - MÜSAHİBƏ+FOTOLAR

Karikaturaçı: Əsl rəssamın iki qələmi olmalıdır - MÜSAHİBƏ+FOTOLAR

ANN.Az-ın müsahibi rəssam Şirin Cəfərovdur. O, 1956-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində kolxozçu ailəsində anadan olub. Uşaqlıqda rəsmə həvəsi böyük olduğundan ailəsi onun bu marağını qiymətləndirməyi bacarıb, daima onun arxasında dayanıb. Rəssam sənətini ürəkdən sevib və buna görə də çəkdiyi rəsm əsərlərini dünyanın neçə-neçə ölkəsində sərgiləyib.

Kiçik rəssam... 

Rəssamlığa həvəs məndə hələ uşaqlıqdan var idi. Bunu görən ailə üzvlərim və qohumlarım məni gələcəkdə  rəssam kimi təsvir edir, buna inamları daha da artırdı. Hələ 5-ci sinifdə oxuyarkən məktəbdə artıq sərgim nümayiş olunurdu. O vaxtı bizə müxtəlif mövzular verilirdi. Məsələn, yaşadığımız kənd həyatını, rayonun dağlarını, qayalarını, çaylarını necə təsvir edərdiniz? Hər dəfə nümayiş olunan sərgidən sonra rəssamlığa həvəsim çoxalırdı. 8-ci sinifdə oxuyanda məktəbin "kiçik rəssamı” adını qazanmışdım. Məktəb rəhbərliyi, müəllimlərin və valideynlərimin istəkləri əsasında Bakıdakı Əzim Əzimzadə adına rəssamlıq məktəbinə gəldim. Orta məktəb illərində çəkdiyim rəsm əsərlərini də özümlə Bakıya gətirmişdim. Sənədlərimi təqdim etdim, sonra münsiflər heyəti təqdim etdiyim rəsmlərimə göz gəzdirdilər və onların da gözəl olduğunu söylədilər, amma bunu da əlavə elədilər ki, sənət tələbatı üçün rəsm qabiliyyətim hələ aşağı səviyyədədir və gələn il növbəti dəfə müraciət edim. Bundan sonra Sumqayıta getdim, Cəfər Cabbarlı adına mədəniyyət evinin rəssamlıq dərnəyinin üzvü seçildim. Həmin dərnək məni tam rəssam olaraq yetişdirdi. Çünki oradakı müəllimim, mərhum Mixail Dmitriyeviç Krassikov mənə bu sənətin bütün dərinliklərini, incəliklərini öyrətdi. Növbəti il təkrarən sənədlərimiz Ə.Əzimzadə adına məktəbə təqdim etdim və oranın tələbəsi oldum. Bu mənim üçün ən böyük uğurlardan biri idi. 1982-ci ildə rəssamlıq məktəbini bitirdim, amma təhsilimi davam etdirməyə çox böyük həvəsim var idi. Buna görə də sənədlərimi indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, o vaxtkı Azərbaycan Dövlət İncəsənət İnstitutunun qrafika bölməsinə verdim. İmtahan vaxtı yenə də tale üzümə gülmədi, qəbul olmadım. 

Elə həmin il Litvanın Kannas şəhərinə getdim. Komsomol bileti ilə getdiyim üçün orada məni komsomol nümayəndələri qarşıladılar. Qısa zaman ərzində artıq işə düzəldim. 12 il orada ayrı- ayrı rayonlarda tərtibatçı rəssam fəaliyyəti ilə məşğul oldum. 1995-ci ildə Litvadan Polşaya getdim. 15 il orada sərbəst yaradıcılıqla məşğul oldum.   Demək olar ki, qış aylarında Varşavada, yay aylarında Baltikdə çalışdım. Orada olan mənzərələr, görüntülər barəsində kifayət qədər rəsm əsərləri mövcuddur. (Həmin rəsm əsərlərinə müsahibənin sonunda baxa bilərsiniz – O.A.)

Azərbaycana qayıtmağımın iki əsas səbəbi var idi...

Uzun illərdən sonra Azərbaycana -  öz doğma diyarımıza qayıtmağa qərar verdim. Bunun iki əsas səbəbi var idi: Ailə qurmuşdum və bizim 3 övladımız (iki qız, bir oğlumuz) var idi. Artıq onlar da böyüyüb boya-başa çatmışdılar, onların da ailə qurmaq zamanı idi. İstəmirdik ki, uşaqlarımız əcnəbi insanlarla evlənsinlər. Gələcəyimiz haqqında fikirləşən zaman xarıcdə birdəfəlik qalmaq fikrimiz yox idi. Yaşlanırdıq, vətən həsrəti, gedib-gəlmək o qədər də asan deyildi. 

İkinci səbəb isə odur ki, mən Polşada Rəssamlıq İttifaqının üzvü seçilə bilmədim. Çünki Polşa vətəndaşı deyildim. Nə qədər çalışsam da bu cəhdim alınmadı. Bu səbəblər məni vətənə qaytardı. Fikirləşdim ki, gəlib Azərbaycanda Rəssamlar İttifaqının üzvü olaram. Bu qeyd etdiyim səbəbləri nəzərə almaqla vətənə qayıtdım və 5 il Azərbaycan Beynəlxalq Universitetində dərs dedim. 2010-cu ildə Rəssamlar İttifaqının üzvü oldum. Hazırda da rəssamlıq fəaliyyətimi davam etdirirəm.

Bu ölkələrdə rəsm sərgilərim olub...

Xarici dillərdən litov dilini (Litva-nın ana dili) yaxşı bilirəm. Çünki Rəssamlar akademiyasını bu ölkədə bitirmişəm (1985-ci il). Rus dili, polyak dili, biraz da  ingilis dili bilirəm. Xarici ölkələrdə olduğum müddətdə bir neçə ölkələrdə rəsm sərgilərim olub: 1983 – Kaunas, Litva; 1984 – Klaypeda, Litva; 1985 – Elekrenay,Litva; 1988 – Buxarest, Rumıniya; 1989 – Varşava, Polşa; 1993 – Krakov Polşa; 1995 – Sopot, Polşa; 2000 – Brüssel, Belçika; 2000 – Paris, Fransa; 2005 – Sopot Polşa və.s Bu ölkələrdə çəkdiyim əl işlərimi satsamda, hal hazırda Bakıya da xeyli sayda rəsm əsələri gətirmişəm.

Karikaturaçı rəssam olmaq elə bir istedaddır ki...

Karikatura rəssamın ürəyindən damla-damla axan istedadının tərənnümüdür. Karikatura rəngli- bəzəkli formada təzahür edən istedaddır. Bununla sən həm özünü,  həm də bu karikaturaya baxan insanı güldürmüş olursan. İnsanlar yorğunluqdan, problemlərdən beziblər, onlar həm bu problemlərin kəskin tənqid edildiyini görmək istəyir, həm də ona gülmək istəyir. Karikatura bu zaman insanların köməyinə gəlir. Elə adamlar var ki, hansısa karikaturaçı rəssamla danışıb- gülmək istəyir ki, qarşılaşdığı problemləri yaddan çıxartsın. Karikatura çəkməklə mən həm də neçə-neçə küsülü cütlüyü barışdırmışam. Bu da rəssamlıq sənətində insani hissin böyük olduğundan xəbər verir.  

Rəssam Əzim Əzimzadəyə bənzəmək istəmişəm...

1995-ci ildən karikatura çəkməyə başlamışam. Yəni Polşaya getdiyim vaxtda. İlk çəkdiyim karikatura Mister Binlə bağlı olub. İdmana marağım böyük olduğunundan Polşanın voleybol yığmasının üzvlərinin şəkillərini çəkib özlərinə təqdim edirdim. Özümü daha çox bənzətmək istədiyim rəssam Əzim Əzimzadədir. Çünki uşaqlıqdan bu rəssamın vurğunu olmuşam. Hazırda da həmin rəsm əsərlərinə baxanda bu vurğunluğun sonsuz olduğunu anlayıram. 

Əsl karikaturaçı meydanda çınağa çəkilir...

Karikaturaçı rəssam daim imtihan olunur, meydanlarda sınağa çəkilir. Meydan, yəni rəssamlar arasında yarmarka deməkdir. Rəssamlar bu meydanda öz əsərləri ilə öz üstünlüklərini nümayiş etdirirlər. Əsl rəssam meydanda özünü tanıtmalıdır. İnsanlar yığılır həmin rəssamların başına və o rəssamlar da heç kimə fikir vermədən (istər yüz adam başına yığılsın) öz əl işlərini davam etdirirlər. Karikaturaçı olmaqdan ötrü ilk növbədə gözəl portret çəkməyi bacarmalısan. Anatomiyanı, insan psixologiyasını, etikasını dərindən bilməlisən. Bir sözlə, karikaturaçının öz dəsti-xətti olmalıdır.  Yeni nəsil rəssamları da ortaya nəsə qoymaq istəyirlər: kompüterdən baxıb çəkənlər var, kalka kağızına qoyub üzünü köçürənlər var, şüşə üzərində rəsm çəkənlər var və.s Amma portret karikatura çəkən çox az sayda adam var, məsələn, götürək elə İçərişəhərin özünü. Bir nəfər belə karikatura çəkən yoxdur ki, meydana çıxsın. 

Rəssamın iki qələmi olmalıdır...

Gündəmi izləyirəm. Yəni gündəlik baş verən hadisələrlə maraqlanıram. Amma siyasətə qarışmıram. buna görə də siyasətçilərin karikaturalarını çox az hallarda çəkirəm. Misal üçün, Barak Obama istisna olmaqla digər siyasətçilərdən kimisə qələmimdən keçirməmişəm. Bunu da qeyd edim ki, rəssamın tək qələmi yox, iki qələmi olmalıdır. Yəni karikatura qələmi başqa, istənilən rəsm əsərini çəkən rəssam qələmi başqa olmalıdır. Onlar tan fərqli şeylərdir. 

Biz karikaturanın ancaq mənfi cəhəti haqqında düşünürük...

Karikatura sözünün ancaq tənqidi mənasını bilirik. Amma Avropada karikaturanı olduğu kimi qəbul edirlər. Biz ya karikaturanı ostluq şarjı kimi qəbul edirik, ya da daha kəskin, daha sərt, mənfi cəhəti haqqında düşünürük. Bizim ədəbi dildə karikatura sözü yoxdur. Bu söz dünyəvi sözlər sırasına daxildir və biz də bu sözdən istifadə edirik. Karikaturanın iki növü var: tənqidi və yumoristik. Ancaq səbəbi belə bilənməsə də ancaq tənqidi tərəfi qəbul edirik. 

Bu sənətdə olduğum 45 il... 

Artıq bu sənətdə olduğum 45 ildir. Demək olar ki, həyatımı sənətimə həsr etmişəm. Bu illər ərzində öz sənətimə maraq göstərənlərə həmişə yardımçı olmuşam. İndiyə qədər 100-dən çox tələbəm olub və hazırda da 6-7 tələbəm var. Xarici ölkələrdə olduğum müddətdə tələbələrim olub. Polşada olduğum müddətdə tələbələrim çox olub, onlarla şəkillərim də var. Rəssamlıq sənətində pul var. Amma baxır bu sənətlə sən hansı ölkədə fəaliyyət göstərirsən. İtaliya, İspaniya, Almaniya kimi ölkələrdə, təbii ki, bu sənətlə məşğul olsan, yaxşı qazanc əldə edə biləcəksən. Azərbaycanda da bu sənətlə məşğul olmaq pis deyil. 2005-ci ildə Azərbaycana qayıtmışam və bu işimi davam etdirirəm, sifarişlər alıram və s. Bundan sonra vətəndən getməyi düşünmürəm. Çünki öz vətənində olduğun kimi başqa heç bir ölkədə rahat şəkildə hərəkət edə bilmirsən. Həmçinin vətənin öz yeri bir başqadır. 

Son istəyim budur...

Bu həyatda çətinliklə də olsa bütün istəklərimi yerinə yetirmişəm. 60 yaşım var, bu yaşa qədər olan həyatımı öz işimə, sənətimə həsr etmişəm. Sadəcə son istəyim odur ki, bu günə qədər olan əziyyətlərim, rəsm əsərlərim qiymətləndirilsin və əməkdar rəssam adını alım. Bu həyatda mənim üçün ən böyük uğur olar.
    
Söhbətləşdi: Orxan Aslanlı
Foto müəllifi: Fərqanə Novruzova
 
 













































































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM