Kiçik Venesiya – şəhər mərkəzində su krallığı - FOTOREPORTAJ

15:16 | 19.08.2015
Kiçik Venesiya – şəhər mərkəzində su krallığı - FOTOREPORTAJ

Kiçik Venesiya – şəhər mərkəzində su krallığı - FOTOREPORTAJ



Rüstəm Qasımov

Bu gün biz sizinlə Londonun ən gözəl rayonlarından birinə, harmoniya və dincliyin hökm sürdüyü məkana səyahət edəcəyik. Dumanlı Albionda İtaliyanın bir parçası olan bu gözəl məkan turistlərin ən sevimli yerlərindən biridir. 
 


Londonun mini-rayonlarından biri olan Kiçik Venesiya Beyd Veylin cənubunda yerləşir, Paddinqton metro stansiyasından bir neçə dəqiqəyə bura gəlib çatmaq olur. Kiçik Venesiya öz adına tamamilə layiqdir. Bura gələndən cəmi bir neçə dəqiqə sonra hiss edəcəksiniz ki, qeyri-ingilis bir yerdəsiz – buranın quruluşu və küçələrin atmosferi İtaliyanın məşhur şəhəri Venesiyanı xatırladır. 
 


İngilislərə xas olmayan bu adın formalaşmasında bir neçə versiya irəli sürülür. Versiyalardan biri belədir ki, məkana 1862-1887-ci illərdə yaşamış və buranın gözəlliyini vəsf edən ingilis şair Robert Brauninq tərəfindən ad verilib. 
 


Hazırda Londonun ən gözəl bölgələrindən biri olan məkan özünün möhtəşəm restoranları, kafeləri, pabları, mağazaları, kukla teatrları və qalereyaları ilə diqqətləri cəlb edir. Gündüz-gecə qaynar həyatın hökm sürdüyü şəhərdə belə dinc məkanın mövcud olduğuna inanmaq olmur. Bu, Londonun möhtəşəmliyini göstərən səbəblərdən daha biridir. 
 


Bu heyratamiz yer haqqında daha çox məlumat almaq üçün biz sizinlə kanal boyunca Kamdenə qədər səyahət edəcəyik. Bunun üçün bizə "su avtobusu” (waterbus) gərək olacaq. 
 


Bəzən su tramvayı da adlanan su avtobusu damı olan böyük qayıqdır. Gəzintinin qiyməti 9 funt, bizim pulla 14 manatdır. Geniş su avtobusunda oturmaq üçün kifayət qədər yer tapmaq olur. 
 


Bileti aldıqdan sonra nəhayət ki, səyahətimizə başladıq. İlk diqqəti cəlb edən insan xilas etməyə daim hazır olan xilasedicilər oldu. 
 


Bizim bələdçimiz Sara adlı bir qadın idi, o, gəzintimiz boyunca bizə Kiçik Venesiyanın tarixi və ətrafdakı ərazilər barədə məlumatlar verirdi. 
 




Ətrafa göz gəzdirəndə sahillərə park edilmiş çox sayda qayıq və barj görmək olurdu. 

Qayıqların çoxu təkcə rəngləri ilə deyil, böyüklüyü ilə də seçilirdi. 

Bələdçimizin sözlərinə görə, Kiçik Venesiya təkcə Londonun mərkəzində yerləşməklə kifayətlənmir, burada həm də insanlar yaşayır. Kanalın sahilində park edilmiş qayıqlar həm də insanlar üçün evlərdir, burada 3 mindən çox insan yaşayır. 
 








Londonun mərkəzində xüsusi mülkiyyətin fantastik qiymətə olduğunu nəzərə alsaq, qayıqda yaşayan insanların bəxti gətirib, onlar şəhərin mərkəzin sakinləridir. 

Bu qayıq evlərin yanından keçəndə su avtobusları hansısa qəzadan yayınmaq üçün dərhal sürəti endirirlər. Əgər su avtobusu sürətlə hərəkət etsə, bu kanalda dalğaların yaranmasına və yaşayış qayıqlarının silkələnməsinə səbəb olur. İngilislər hətta ən xırda məsələlərdə də diqqətli və anlayışlı olmağa çalışırlar. 

Hər bir qayıqda və barjda çox da böyük olmayan dəyirmi masa görmək mümkündür, sakinlər burada istirahət etməyi və günəş vannası qəbul etməyi sevirlər. 
 





İngilislər bağlara və bitkilərə vurğundurlar, buna görə də onlar hətta qayıqda yaşayanda belə, güllərə və dibçəklərə qulluq edirlər.
 
Ümumiyyətlə, Kiçik Venesiya da bütün London kimi yaşıllığa qərq olub. Burada hətta divarları da yaşıllıqlar örtür, bu, həm məkana gözəllik bəxş edir, həm də ətraf mühit üçün faydalıdır. 
 



Bələdçinin sözlərinə görə, kanalda bir neçə növ balıq yaşayır, kanalın suyunun rəngi tünd yaşıl olduğundan onları görmək olmur. Suyun rəngin tündlüyü bir hüceyrəli yosunların rənginə görədir. Əvvəllər kanala çirkab suları axıdılırmış, bu səbəbdən kanal çirklənirmiş. Sonradan isə bu proses dayandırılıb və sərt cərimələr müəyyənləşdirilib, indi də kanalın təmizliyinin qorunması üçün və ətraf mühitinin təmizliyi üçün müxtəlif tədbirlər həyata keçirilir. 
 



Məlum oldu ki, əvvəllər, mühərrikli qayıqlar olmayanda, qayıqları və barjları kanal boyunca atlar sürürmüş. Bunun üçün kanalın boyunca xüsusi asfalt yol çəkilibmiş. Keçmişdə kanal ölkənin iqtisadi inkişafında önəmli rol oynayıb, müxtəlif ticarət malların şəhərin bir ucundan digər ucuna bu kanal vasitəsilə daşınırmış. 
 


Kanal üzərində çox sayda körpü mövcuddur, onların bir çoxu maraqlı dizaynı ilə seçilir. 
 


Bir müddətdən sonra bizim avtobusumuz böyük tunelə gəlib çatdı, tuneldən yalnız bir qayıq və ya barj keçə bilər. Biz tunelə daxil olanda, qeyri-adi hisslər yaşadıq. Tunelin sonunda həyat əlaməti olan işıqla rastlaşmaq gözəl hiss idi. 
 



Kanal boyunca nə qədər çox üzsək, sahil boyundakı qayıqların sayı bir o qədər çox artırdı. 
 






Yeri gəlmişkən, bizim səyahətimiz həmçinin London zooparkının yanında baş tuturdu. Bu dünyanın ən qədim zooparkıdır, onun əsası 1828-ci ildə qoyulub. Zoopark boyunca üzərkən, quşlar üçün olan qəfəsləri görmək mümkündür. 
 


Asfalt yol boyunca müəyyən məsafədən bir dəmir hasarlar və qapılar gözə dəyir, ingilis parkları kimi bura da gecə bağlanır. Qapıların bağlanması mövsümdən asılıdır. Ona görə də əgər siz London parklarına gecə baş çəksəz, saata baxmağı unutmayın.  
 


Kanal boyunca gəzintidə olan insanları görmək olur, kimsə velosiped sürür, kimsə rolikdədir, kimsə oturub sakitlik və dincliyin zövqünü yaşayır, kimsə kitab oxuyur, kimsə göyərçinləri yedizdirir, bunun üçün hətta Kiçik Venesiyada xüsusi yollar mövcuddur. 
 








Əgər siz balaca qayıq və musiqi müşayiəti istəsəniz, o zaman sizə bu variant uyğun ola bilər. 
 


Bir neçə dəqiqə üzdükdən sonra biz çox orijinal bir Çin restoranına gəlib çıxdıq, o, Çin üslubunda tikilmiş evə bənzəyirdi. Yaşıllığın içində onun qırmızı rəngi dərhal diqqəti cəlb edirdi. 
 



Bizim səyahətimiz 40-45 dəqiqə davam etdi və Kamden rayonunda başa çatdı. Burada Londonun ən böyük köhnə-kürüş bazarlarından biri yerləşir. 

Kamden Market Londonun ən qaynar nöqtələrindən biridi, bura hər çox sayda insan baş çəkir. Bazar günləri ziyarətçilərin sayı yüz mini keçir. 

Ridjentsk kanalında körpü çox orijinal görünürdü, ordan keçən böyük bir su avtobusu gördük. 

Sonda onu qeyd edim ki, Kiçik Venesiya çox imkanlı şəxslər üçün olan bir məkandır, burada xüsusi mülkiyyətin qiyməti hədsiz bahadır. Londonun ən prestijli, bahalı və arzulanan evləri bu kanal boyunca tikilib. Mən bu sakit, dinc məkandan çox böyük zövq aldım, burada ancaq mənzərəli kanalın axan sularının şırıltısı və ağacların yarpaqlarının xışıltısı eşidilir. 

Mədəniyyət, elm, təhsil və maarifçiliyi təbliğ edən ANN.Az xəbər portalı oxucularını təkcə Azərbaycanın deyil, dünyanın ən gözəl məkanları ilə tanış etməkdə davam edir. 

Xoş seyrlər: 
 























 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb