• $
  • £

Gənc qrupdan yeni albom: “İçindəki balıq qanadlanıb” layihəsi təqdim olunub

Gənc qrupdan yeni albom: “İçindəki balıq qanadlanıb” layihəsi təqdim olunub
15.04.2026 21:04

Gənc musiqi qrupu yeni albom layihəsini təqdim edib.

Layihənin əsas ideoloji xəttini Fehruz Rzanın “İçindəki balıq qanadlanıb” adlı bədii yazısı təşkil edib.

Albomda insanın daxili azadlığı, dəyişimi və özünü dərk etmə mövzuları musiqi və mətn sintezi ilə təqdim olunur.

Layihə konseptual yanaşması ilə seçilir. Albomun mərkəzində dayanan “İçindəki balıq qanadlanıb” mətni simvolik dillə insanın daxili dünyasına, onun azadlıq axtarışına və psixoloji transformasiyasına işıq tutur. Bu ideya musiqi parçalarında da davam etdirilərək vahid bədii xətt formalaşdırır.

Müəllifin təqdim etdiyi mətnlə musiqi arasında qurulan əlaqə layihəni fərqləndirən əsas elementlərdən biri kimi qiymətləndirilir.

Belə ki, albom təkcə musiqi toplusu deyil, eyni zamanda dinləyicini düşünməyə vadar edən konseptual iş kimi təqdim olunur.

Qeyd edək ki, layihə gənc yaradıcıların müasir yanaşmasını əks etdirməklə yanaşı, alternativ musiqi və ədəbi ifadə vasitələrinin sintezini nümayiş etdirir.

Sözügedən bədii yazını təqdim edirik:

İçindəki Balıq qanadlanıb

Aylar öncə dinləyib, özümə bu albom haqqında yazı yazacağam deyə söz vermişdim. 9 trekdən ibarətdir. Elə indi də bunu 9-cu bölükdə, uzun boğaz çəkmədə yazıram.

Albomun adı uşaqkən oxuyub tam anlamadığım Behrənginin "Qaraca balıq" əsərini xatırlatdı mənə. Sonra fərqinə vardım ki, tək adı yox, elə məğzi də xatırladırmış - azadlıq axtarışı, təkliyin içində üzən bir həyat, suyun dərinliyində boğulub-yaşamaq istəyi.

“Call It” bu albomla Azərbaycan rok səhnəsinə fərqli bir nəfəs gətirib. Səsin həm təmiz, həm də xam olması onların musiqisini real və insani saxlayır. Deyim ki, albomun aranjimanı çox düşünülüb gitar rifləri sanki bir yandan ağır, digər tərəfdən melodik tərzdədir. Vokal isə bəzən boğuq, bəzən sərt tonlarla emosiyanı diri saxlayır. Hər trek öz dünyasını yaradır, amma ümumi baxanda "İçindəki Balıq" sanki bir insanın həyatının doqquz mərhələsidir.

1. Nizam

Albom buradan başlayır. Kainatla, təbiətlə və insanın öz "nizamsız" ruhuyla savaşından. Gitarın fonunda ritmik zərbə sanki ürək kimi döyünür, "mən hələ burdayam" deyir. Amma bu döyüntü getdikcə sönür, sanki insan kainatın böyüklüyü qarşısında əriyir. "Ana təbiət qalib gəlir" hissi təkcə mətnlə yox, səsin tükənməsində də hiss olunur. Bu mahnı insanın həm mənəvi, həm fiziki baxımdan əbədi olmaq cəhdinin boşa çıxmasını göstərir.

2. İstəmsizcə

"Nizam"dakı gərginlikdən sonra gələn sakitlikdir, amma bu sakitlik də qəribə bir hüznsüz hüzurdur. "Toxunur ruhuma gözlər, baxır göyə" bu misralarda həm ruhani oyanış, həm də bir təslimiyyət var. Melodiya yumşaq, amma dərin təbəqəlidir. Sanki insan yenidən doğulmaq istəyir, amma bu doğuluş da istəmsiz baş verir. musiqi sükunəti sındırmadan, vokalın nəfəsinə uyğun hərəkət edir.

3. Bir Gün

Burada qəfil oyanış var. "Anlamadım mən kiməm və hardayam" bu cümlə həm yaranış sualı, həm də panika kimidir. Aranjimanda ambient qatlar hiss olunur, vokal uzaqdan gəlirmiş kimi səslənir, elə bil yuxudan ayılan birinin səslənməsidir. Bu mahnı insanın özünü tanımadığı anı təsvir edir, sanki hər şey dəyişib, amma heç nə dəyişməyib. "Qalx göyə" deyəndə isə bu, qaçış yox, təslimiyyət kimi səslənir.

4. Oyan

Adına baxanda insanı sakitliyə çağırır kimi görünür, amma əslində bu, albomun ən gərgin anlarından biridir. Vokalda bir titrəyiş var, sanki boğazda düyün qalıb. "Qaç bu haldan, qorxmadan qaç" burada səsin enerjisi içində partlayır. Zərbələr təkrarlandıqca gərginlik artır, elə bil oyanmaq istəməyən bədəni silkələyirsən. Düşünürəm ki, "Oyan" bir oyanış deyil, bir silkələnmədir, gərginlikdir.

5. İnsanlar

İnsan artıq dünyadan uzaqlaşıb. "Qaranquş kimi göylərə qalxdım" həm azadlıq, həm də tənhalıq metaforudur. Səs arxada "reverb"lə genişlənir, dinləyici sanki boş bir məkana düşür. "Sevgidən oyandın, başa düşdün, öldün" - burada artıq sevgi də, ölüm də bir anlam kəsb etmir. Mahnı sanki bir insanın öz içində uçması kimidir.

6. Dəli

Albomun enerjisi bu mahnıda dəyişir. "Sən ya mən dəli?" sualı həm ironik, həm də fəlsəfi səslənir. Musiqidə bir yorğunluq var, amma ritm dayanmaq istəmir. Elə bil yolun sonuna yaxınlaşırsan, amma dayanmaq da istəmirsən. Bu mahnı həm tükənmək, həm də yaşamaq eşqidir. "Dəli" mübarizəni sevir, çünki onsuz kim olduğunu unudar.

7. Düşdü Qaranlıqlar

Burada artıq zamanla mübarizə başlayır. İşığa yaxınlaşsan da, yenə qaranlığa düşürsən. Deyəsən, həmin "dəli"ni axtarır hələ də, bəlkə zamanla mübarizədə kömək olar deyə. Təəssüf, qaranlıq düşür. Amma içində bir körpə nəfəsi var – "körpə kimi oyanır ana bətnində". Bu doğuluşun musiqi formasıdır. Tükənmək və başlamaq eyni anda baş verir.

8. İçindəki Balıq

Albomun ürəyidir. Behrənginin "Qaraca Balıq" hekayəsinə bir salam, amma bu dəfə balıq suda yox, insanın içində üzür. Musiqidəki səs qatları dərin, ağır, bəzən bulanıqdır – elə bil suyun altında nəfəs almağa çalışırsan. Balıq qorxur, amma dayanmaq istəmir. Uzaqda isə bilinməyən dənizlər var. Ümid edirdim ki, Behrənginin folklor nümunələri topladığı "balaca qara balıq" dostu köməyə çatacaq. O balıq da üzə bilmirdi... Amma, hər bir dinləyici üçün də o dəniz fərqlidir.

9. Xaos

Albom burda partlayır. Elektro səs effektləri ilə metal riflər toqquşur. Nizam dağılır. Ritmlər pozulur, amma bu pozğunluğun içində qəribə bir azadlıq var. "Nizamsız insan" artıq öz sonuna çatır və ana təbiət qalib gəlir. Sonda səssizlik gəlir, elə bil su sakitləşib, amma balıq hələ də üzür.

"İçindəki Balıq" sırf rok albomu deyil. O, həm də səs vasitəsilə yazılmış bir hekayədir. Zərbələri bəzən dua kimi səslənir. Albom texniki baxımdan da təmiz və balanslıdır. Hər bir trekdə səsin dərinliyi qorunub.

Bu albomda "insan" təbiətə uduzur, amma məğlubiyyətində bir gözəllik var. Çünki içindəki balıq hələ də üzür....

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Mədəniyyət 13:07
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Mədəniyyət 20:00
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Mədəniyyət 12:26
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Mədəniyyət 16:23
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Nəriman Həsənzadə vəfat edib
Mədəniyyət 08:50
Nəriman Həsənzadə vəfat edib
Habil Əliyevin adı Ağdaşdakı musiqi məktəbinə verilib
Mədəniyyət 18:10
Habil Əliyevin adı Ağdaşdakı musiqi məktəbinə verilib
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib
Mədəniyyət 18:45
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol