16 may 2015-ci il tarixində saat 12.00-da Azərbaycan Dövlət Musiqili Teatrında mövsümün növbəti premyerası olacaq.
ANN.Az xəbər verir ki, Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət yeni uşaq tamaşası olan "Dəcəl çəpişlər”dən gedir. Tamaşa Azərbaycan ədəbiyyatının böyük simalarından biri olan Mikayıl Müşfiqin məşhur "Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanıb. Yeni səhnə əsərinin musiqisi uşaqların sevimli bəstəkarı, Xalq artisti Oktay Zülfüqarova, liberottosu Ramiz Heydərə məxsusdur. Tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyevdir. Söhbət zamanı quruluşçu-rejissor tamaşaya bir sıra yeni obrazlar və yetərincə müasir elementlər əlavə edildiyini vurğulayıb. "Yaradıcı heyyətimiz əsasən gənclərdən ibarətdir. Bizlərə göstərilən bu etimad görə teatrımızın direktoru Əliqismət Lalayevə təşəkkürümüzü bildiririk. Bu, bir daha sübut edir ki, Musiqili Teatrda gənclər üçün kifayət qədər yüksək yaradıcı şərait yaradılıb”, - deyə Əhəd Hacıyev tamaşayla bağlı fikirlərini bölüşərkən bildirib.
"Dəcəl çəpişlər” 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə Musiqili Teatrın gözəl bir hədiyyəsi olacaq. Premyeraya uşaq evlərindən balaca tamaşaçılar, imkansız ailələrin övladları və fiziki qüsurlu uşaqlar da dəvət olunacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !