Mənsum İbrahimov :”Serialda oynamaq mənim işim deyil” - MÜSAHIBƏ

09:30 | 14.12.2014
Mənsum İbrahimov :”Serialda oynamaq mənim işim deyil” - MÜSAHIBƏ

Mənsum İbrahimov :”Serialda oynamaq mənim işim deyil” - MÜSAHIBƏ


Türkiyədə Cumhuriyətə qədər operanın  kiçik nümunələri sadəcə padşahları əyləndirmək üçün sarayda nümayiş etdirilmişdi. Padşahları əyləndirən sənətçilər ya əcnəbi, ya da Osmanlı dövlətində yaşayan qeyri-müsəlman təbəqədən idi. 1936-cı ildə Ankara Dövlət Konservatoriyasında sənətçi yetiştirilməsinə başlansa da, opera için ayrılmış  köhnə sərgi binasında tamaşalar  40-cı illərin sonunda  nümayiş etdirilə bilmişdi. Dövlət Opera və Balet Teatrı 1971-ci ildə İstanbulda və 1979-cu ildə İzmirdə qurulub. Son illərdə Mərsin, Antalya və Samsunda şöbələri açılıb. İzmirdə tikintisi davam edən  bina   Türkiyənin ilk opera binası olacaq.
 
Azərbaycanda isə opera binası təxminən  100 il  əvvəl inşa edilib. Mədəniyyətin  opera,balet,klassik musiqi  janrlarına  verdiyi önəmlə Türkiyədən 100 il öndə olan ölkəmizdə, Şərqin  ilk operası- Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” əsəri 1908-ci ildə  səhnəyə qoyulub. Son 10 ildə Türkiyədə dəfələrlə nümayiş etdirilən "Leyli və Məcnun” operasındakı  Məcnun rolunun ifaçısı,muğam sənətimizin usta ifaçısı, xalq artisti Mənsum İbrahimovla Ankaradakı  söhbətimizə də Türkiyə və Azərbaycan tamaşaçılarının opera sənətinə baxışları arasındakı fərqlərə  dair sualla başladıq.
 
Muğam və opera ustası və ustadı,xalq artisti Mənsum İbrahimovun ANN.Az  üçün Ankarada verdiyi müsahibəni oxucularımıza təqdim edirik:
 
- Mənsum müəllim, Türk tamaşaçısı  ilə Azərbaycan tamaşaçısı  bir-birindən fərqlənirmi?
 
-Əslində deməzdim ki, elə böyük fərq var. Publika publikadir.  İstər Türkiyə, istər Azərbaycanda, istərsə Avropada ya da hansı ölkə olursa olsun yaxşı musiqi, yaxşi ifaçı  həmişə dəyərləndirilir. Türklər bizimlə eynidir, biz Azərbaycan türkləriyik. Bizim musiqini çox gözəl qarşılayırlar, bir çox muğamlarımızı əzbər bilirlər. Xüsusilə,10  il əvvəllə müqayisə etsək, bu gün konsertlərimizə daha çox gəlirlər, ifaçılarımızı tanıyırlar, televiziyalarımızı daha çox izləyirlər. Məsələn, mənim bir "Hadi gözəl yar”  mahnım var, buradan türklər onun icazəsini aldılar və oxudular.
 
-Türkəyədəki azərbaycanlı tamaşaçı necə, Azərbaycandakı seyrçidən fərqi varmı?
 
-Var. Məncə ona görə fərq var ki, nə qədər doğma da olsa, bura öz məmləkətimiz də olsa, bir qəriblik var. Onu kənardan mən daha çox hiss edirəm. Burda azərbaycanlılar Azərbaycandan gələn, istər musiqiçi olsun, istər başqa sahədən, daha  həsrətlə izləyirlər. Mən bunu konsertdə də gördüm. Bilirsiz ki gənclər daha çox estrada musiqisini sevirlər, dinləyirlər. Azərbaycanda isə  dövlət səviyyəsində təbliğatın nəticəsi olaraq muğama maraq artıb. Burda bizim  təhsil alan tələbələrimizin isə özəlliklə muğama marağının şahidi oldum. Konsertin sonunda gec olmasına, hər kəsin yorulmasına baxmayaraq, gənclər çıxıb  getmədi, mənə təşəkkür etdilər, foto çəkdirmək istədilər. Mən də kimsənin qəlbini sındırmadım. Dünən axşam da bir ustanın yerinə şama getmişdik. Bir baxdım ki orda bir qrup azərbaycanlı gənc ad günü qeyd edir. Onlar mənim "Dağlarda duman gözəldir” mahnımı səsləndiriblər mənim üçün. Bu mənim üçün çox xoş oldu. Demək istəyirəm ki, buradakı soydaşlarımız daha həssasdırlar.

-Hacettepe universitetindəki konsertinizin təşkilatçıları gənclər idi. Bu təklifi alanda qərar vermək çətin olmadı ki?
 
-Mən hansı ölkəyə getsəm, mütləq tələbələrlə görüşürəm. Buradan gənclər mənə müraciət edəndə də onların işini asanlaşdırdım. (qeyd edək ki, konsert Orta Doğu Texnik Unversteti Azərbaycanlı Tələbə Birliyinin əməyi  ilə təşkil edilmişdi. İmtahanların yoğun dönəmində yüzlərcə tələbəni bir araya gətirə bilmək üçün gənclər yaxşı  səfərbər olmuşdular – müəl.) Onsuz da  Türksoyun  tədbirinə gələcəyimi bilirdim. Konserti belə planlaşdırdıq. Sagolsunlar,xeyli əziyyət çəkmişdilər konsertin ərsəyə gəlməsində.
 
 
-Mənsum müəllim, sizcə, opera və xalq musiqimizdən hansı türk publikasina daha yaxındır?
 
- Məncə elə hamısı. 2005-ci ildə İstanbula "Leyli və Məcnun”u gətirmişdik. Təsəvvür edin ki, orda yaşayan xalqlar və millətlər baxımından çox qarışıq olan İstanbulda 3-4 tamaşa verdik, çox  maraqla qarşılandıq.
 
-Ankarada "Arşın mal alan” operettası  hər mövsümdə ən az 4-5 dəfə tamaşaçıyla görüşür. Bilet tapa bilmək çox çətin olur.

-Çünkü bizdə opera məktəbinin böyük tarixi var. Hətta buranın opera teatrları qurulanda Azərbaycandan sənətçilər, dirijorlar, musiqiçilər gəlib yardımçı oldular. Bizdə bəstəkarlıq, musiqi, ifaçılıq  məktəbinin qədim ənənəsi var. Türkiyədə 6  opera teatrı  var, onların qurulmasında bizim azərbaycanlılarin  əməyi çoxdur.
 
-Bizim operalardan hansı daha çox diqqət çəkir Türkiyədə?
 
- Burda TÜRKSOYun təşəbbüsü ilə "Koroğlu” nümayiş etdirildi. Təbii ki, Üzeyir Hacıbəyovun əsərləri. "Leyli və Məcnun”, "Arşın mal alan”, "O olmasın bu olsun”.
 
- Türkiyədən heç təklif aldınız mı? Müştərək layihələrə təklif almaq istərdinizmi?

- Əlbəttə çox təklif aldım. 2008 də TRT dəvət etdi,  İzmir Simfonik Orkestri ilə İzmirdə böyük bir konsert verdim. İstanbulda bir neçə dəfə muğam axşamı olub, çıxış etmişəm. Bu səfərimizdə TÜRKSOYun Əflatun Nemətzadənin 70 illik yubileyi münasibətiylə təşkil etdiyi tədbirdə çıxışımızdan sonra Ankarada muğam gecəsi təşkil etmək üçün təklif aldıq. Məmnuniyyətlə qatılarıq. TRT Avaza dəvət aldıq, amma proqramımızla bağlı gələn dəfəyə olsun dedik. Yanvar ayında düşünürük, TRT tərəfindən də dəvət almışıq. İnşallah canlı efirdə 3 saat çıxış edəcəyik.
 
- Türkəyədə "Leyli və Məcnun”da səhnəni paylaşacağınız bir sənətçi varmı?

-Mənim oxuduğum muğam operalarında bu mümkün deyil. Türkiyədə uzun hava deyilən xalq musiqisi var. Amma muğam sırf Azərbaycana məxsusdur. Oxuduğum operalarda səhnəni sadəcə azərbaycanlı sənətçiylə paylaşmağım mümkündür.  
 
- Hansı  yeni layihələriniz var?

- Artıq 6 ildir ki, dostlarımla bərabər "Gəncləşən muğam” layihəm var. Biz gənc ifaçıların Heydər Əliyev adına sarayda konsertlərini təşkil edərək  gəncləri tamaşacılarla bir araya gətirirk. Həm tar və kamançaçıları, həm də gənc ifaçıları. Keçən il mən 50 ifaçını tamaşaçıyla görüşdürmüşdüm. Konsertə ustad sənətkarlarımızı, ziyalılarımızı dəvət edirik. Onlar gəlib yeni səsləri kəşf edirlər.

- Mənsum müəllim, Türkiyədə bəzən tanınmış sənətçilər belə seriallarda, filimlərdə rollar ifa edirlər. Siz belə bir təklif alsanız qəbul edərdinizmi?
 
-Yox. Özümü belə yerlərdə görmürəm.

- "Leyli və Məcnun”u yenidən çəkmək istəsələr necə?

- Orda təbii. Amma seriallarda heç düşünmərəm.
 
Şəhla Əbusəttar Yaman-
Ann.az/Ankara
 
 
 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb