Məşhur sovet "gey"ləri - MƏLUMAT VƏ FOTOLAR

16:12 | 14.01.2014
Məşhur sovet "gey"ləri - MƏLUMAT VƏ FOTOLAR

Məşhur sovet "gey"ləri - MƏLUMAT VƏ FOTOLAR

Sovet İttifaqında homoseksualizmə münasibət həmişə birmənalı olub. Bu münasibət həm də dövlətin Cinayət Məcəlləsinin 121-ci maddəsiylə tənzimlənib. Maraqlı burasındadır ki, nə ictimai rəy, nə də beş illik azadlıqdan məhrumetmə cəzası aşağıda adları sadalanan məşhurları yollarından danışdırmayıb. 

Haqqında danışacağımız beş tanınmış adam SSRİ-də 121-ci maddəylə mühakimə olunan ictimai-siyasi xadimlər və mədəniyyət adamlarıdır.

Sergey Paracanov

Əlli yaşında dünyada şöhrət tapan bu erməni əsilli rejissor və rəssam homoseksual oriyentasiyasına görə ciddi rejimli islah-əmək müəssisəsində saxlanmaqla 5 il azadlıqdan məhrum edilib (1973-cü il dekabrın 17-də Ukraynada həbs olunub - red.).  İstintaq onun bir neçə "qurbanını" aşkarlayıb və bu adamlar Paracanov tərəfindən seksual əlaqəyə vadar olunduqlarını bildiriblər. 

Qeyd edək ki, S.Paracanov DTK mayoru Nikolay Mikava ilə cinsi əlaqəsinə görə 1965-68-ci illərdə də eyni maddəylə həbsə atılıb. O zaman rəssam "təcrübəli pederast" Mikavanın onu "yoldan çıxardığını" bildirib. 

Düz 4 il 9 ay ikinci dəfə həbs həyatı yaşayan Paracanov müxtəlif sənət adamlarının (Qodar, Fellini, Tarkovski və s.) apardığı beynəlxalq kampaniya nəticəsində azadlığa buraxılıb.

***

Vadim Kozin

30-40-cı illərdən məşhurlaşan estrada müğənnisi Vadim Kozin əvvəllər də həbsdə olunub, amma onun birinci cəzasını hansı maddəyə görə aldığı dəqiq bəlli deyil. Amma növbəti dəfə - 1959-cu ildə onu "bədnam 121-ci maddəylə" ittiham ediblər. Müğənni özü tutulma səbəblərini belə izah edib:  "Müharibədən əvvəl, Moskvada daha məşhur olduğum vaxtlarda məni daim çoxlu gənclər əhatə edirdilər. Tez-tez onlarla restoranlarda otururdum, bütün kompaniya üçün şam yeməyi sifariş edirdim, hesabı ödəyib nömrəmə qalxırdım... Düşünürdüm ki, cavanlıq eləsinlər, əylənsinlər. Mənimçün yüz-iki yüz manat böyük pul deyildi, çünki aya 125 min rubl qazanırdım. Bundan şayiələr yayıldı ki, guya mən gəncləri pulla yoldan çıxarıram. Restoranda masa arxasında oturan bəzi müftəxor əclaflar istintaqda haqqımda cəfəng şeylər danışdılar".

Kozin ömrünün son iyirmi ilini ictimai konsertlər verməyib. O, 1994-cü ildə Maqadanda ölüb. Onu SSRİ-nin xalq artisti adına layiq görməyiblər. Versiyalardan birinə görə, hakimiyyətdəkilər bədnam maddə ilə yatıb çıxmış adama fəxri ad verməyi gərəksiz hesab ediblər.

 

***

Nikolay Klyuyev

Bu kəndli şair 1905-1907-ci illər inqilabında iştirak edib, dəfələrlə siyasi motivlərlə həbsdə olub. 1915-ci ildə o, özündən 11 yaş kiçik olan Sergey Yeseninlə tanış olub və şairlər Klyuyevin Sankt-Peterburqda yaşayan bacısının evində birgə yaşayıblar. Onların səmimi dostluğu il yarım davam edib. Dostunun ölümündən sonra Klyuyev "Yeseninə ağı" yazıb. Amma 1926-cı ildə onun bütün kitabları satışdan yığışdırılıb. Üç il sonra sərgilərindən birində qırx dörd yaşlı Klyuyev 17 yaşlı rəssam Anatoli Kravçenko ilə tanış olub və yeni sevgilisinə şeirlər həsr etməyə başlayıb. Bu şeirləri çap etmək üçün isə "İzvestiya VTSİK" qəzetinə göndərəndə gözləmədiyi reaksiya ilə üzləşib - baş redaktor ona ənənəvi sevgidən ilham almağı tövsiyyə edib. Şair bununla razılaşmayıb və baş redaktor da öz növbəsində SSRİ daxili işlər komissarı Henrix Yaqodadan ədibi Moskvadan sürgün etməyi xahiş edib. Klyuyevi öz əksinqilabi mətnlərini yaymaqla hökumət əleyhinə təbliğatda ittiham ediblər (1934) və şair haqqında beş illik müddətə Tomsk vilayətinə sürgün olunmasına dair qərar çıxarılıb. O zaman Klyuyev SSRİ-də qeyri-ənənəvi cinsi əlaqəyə görə həbs olunan yeganə adam idi, hərçənd o, bu haqda söz düşəndə əsərlərinə görə tutulduğunu bildirirmiş. Repressiya illərində onu növbəti dəfə "fəal sektant ideoloq" adıyla həbs ediblər və şair 1937-ci ildə güllələnmə cəzası alıb.

***

Nikolay Yejov 

Dövlət Təhlükəsizliyi üzrə baş komissar HenriYaqodanın yerinə vəzifəyə keçən azğın Nikolay Yejov bəzi mənbələrin məlumatına görə, hələ inqilaba qədər, Peterburqakı qohumunun yanında şəyirdlik edənədək də homoseksuallığa meylli olub. SSRİ daxili işlər komissarı postunda o, 1937-1938 kütləvi repressiyaların əsas təşkilatçısı kimi tanınıb. Sonradan özü də antisovet fəaliyyətində, xarici kəşfiyyatla əməkdaşlıqda, çevrilişə cəhddə və terrorçuluqda ittiham olunub. Dindirilmə zamanı Yejov etiraf edib ki, onunla birgə köhnə dostları - Leninqrad hərbi dairəsinin hərbi ticarət məsələləri üzrə rəisi Vladimir Konstantinov və "Svetoç" Leninqrad zavodunun mühafizə rəsinin müavini İvan Dementyev də müttəhimlər kürsüsündə oturmalıdırlar. Səbəbini isə belə izah edib: "Konstantinov və Dementyevə məni uzunmüddətli şəxsi dostluqdan başqa, fiziki yaxınlıq da bağlayırdı. İstintaqa əvvəl də bildirdiyim kimi, onlarla mən eyib sayılan münasibət, dəqiq desəm, pederastiya bağlayırdı".

"NKVD"yə verdiyi ifadələrində o, münasibətdə olduğu bütün kişilərin adını açıqlayıb. Onlar altı nəfər imişlər və bu altı nəfərin hamısı da həbs olunub. Yejovun partnyorları sırasında tanınmış simalar  - "MXAT"ın direktoru Yakov Boyarski və SSRİ-nin dövlət baş arbitri Filip Qoloşekin də olub. Etirafın cəzalarını yüngülləşdirəcəyini düşünsələr də, bu adamların hamısı Yejovla birgə güllələnib.

***

Gennadi Trifonov

Sovet yazıçısı, şair və dissident Gennadi Trifonov əslində SSRİ-də oriyentasiyasını gizlətməyən ilk geylərdən biri olub. O, şairə Olqa Berqqoltsun və yazıçı Vera Panovın ədəbi katibi olub. Trifonov sonuncu "müdirəsinin" əri David Darla münasibətə girib və Panova da bunu "anlayışla qarşılayıb". 1960-cı illərin ikinci yarısında orduya çağırılanda da yazıçı öz orientasiyasını gizləməyib. DTK bundan istifadə edərək Trifonovu 121-ci maddəylə həbsə atmaqla təhdid edib və o, casusluq etməyə vadar olub. Bununla yanaşı, yazıçı ölkənin siyasi həyatında iştirakda davam edib, şeirlərini dərc etdirib və onlardan bəziləri SSRİ-dən sürgün olunmuş Aleksandr Soljenitsinə dəstək məqsədiylə işıq üzü görən ədəbi topluda yer alıb. Təbii, DTK məsələyə dərhal reaksiya verib.

Trifonov 2006-cı ildə bu barədə belə deyib: "Bəli, mən 121-ci maddəsi ilə həbs edilmişəm, amma bu, uydurma iş idi. Bu, ölkəmizdəki bütün digər hadisələr kimi sakitcə baş verdi. Mən sürgün olunmuş Soljenitsinin müdafiəsinə səs verdim - Parisdə nəşr olunan toplu üçün şeir yazdım. O zaman məni çağırıb dedilər: "Bəli, siz Parisə və Londona gedə bilərsiniz. Amma Maqadandan".  Bir narkoman oğlan tapdılar, onu ilk dəfə görürdüm. Məhkəmədə dedi ki, guya ona sataşmışam və onu homoseksual münasibətə vadar etmişəm. Dinləmə cəmi on beş dəqiqə davam etdi: məni ittiham edib həbsə atdılar" . 

Şair həbs düşərgəsində olarkən onun şeirləri xaricdə dəfələrlə çap edilib.  1990-ci illərdə yazıçı Leninqraddakı gey icmasının həyatında iştirak etməyə başlayıb, 2005-ci ildə onun iki məhbusun məhəbbəti haqqında "Şəbəkə" adlı romanı nəşr olunub. Trifonovun sözlərinə görə, rejissor Nikita Mixalkov kitaba əsasən film çəkmək istəyirdi, amma nədənsə məsələ baş tutmayıb.

(Yazı "Russkaya Planeta"nın materialı əsasında hazırlanıb)  

Rəbiqə

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb