"Mosul döyüşlərindəki məğlubiyyətlər İŞİD-in sonu olmayacaq" - Politoloq

14:35 | 18.10.2016

"Mosul döyüşlərindəki məğlubiyyətlər İŞİD-in sonu olmayacaq" - Politoloq

İraq ordusu Mosul şəhərinin İŞİD terrorçularından azad edilməsi üçün hərbi əməliyatlara start verib.

Bu barədə İraqın baş naziri Heydər Əl-Abadi bəyanat yayaraq bildirib ki, İraq ordusu Mosulun terrorçulardan təmizlənməsi üçün irimiqyaslı hərbi əməliyyatlar keçirir. İraq ordusu və kürdlərin Peşmərgə qüvvələri 2 aya yaxındır, Mosul ətrafına hərbi qüvvə və texnika yerləşdirib.

Hazırda Qərbin birbaşa dəstəyi ilə İraqın şimalında hökumət qüvvələri və kürd birləşmələrinin İŞİD-in 2 ilə yaxın əllərində saxladıqları Mosul şəhəri üzərinə mərhələli hücumu gerçəkləşdirilir. 
 


Politoloq Vüqar Zifəroğlu ANN.AZ-a açıqlamasında bildirib ki, əslində, bu hücum gözlənilirdi: 

"Türkiyənin Suriyanın şimalında əldə etdiyi nailiyyətlər fonunda İraqın şimaında da eyni proses başlamalı idi. Amma gözlənildiyi kimi Türkiyəni hər şəkildə bu prosesdən kənarda saxlamağa çalışırlar”. 
 
 
V. Zifəroğlu bildirib ki, Mosul Türkiyənin ötən ay Suriyanın şimalında əməliyyatlara başlayarkən prioritet elan etdiyi Misaki milli sərhədləri daxilindədir: 

"Türkiyənin bir dövlət, Türk millətinin isə bir millət olaraq Mosul üzərində tarixi-mənəvi hüququ var. İraqın şimalı eyni zamanda, geosiyasi nöqteyi-nəzərdən qardaş ölkənin marağında olan əhəmiyyətli bölgədir. Həmçinin, bura kürd faktorunu da əlavə etsək, o zaman Türkiyə prezidentinin son bəyanatlarının səbəbi anlaşıla bilər”. 

İŞİD-in son döyüşlərdəki ciddi itkiləri və məğlubiyyətləri, 2 ildən artıq müddətdə nəzarətdə saxladığı əraziləri itirməsi təşkilatın zəifləməsi kimi də qiymətləndirilə bilir. Lakin politoloq vurğulayıb ki, baş verənlər İŞİD-in sonunun gəldiyi kimi başa düşülməməlidir:
 
 
"Bu cür təşkilatların genezisinə nəzər yetirərkən görmək olar ki, onlar mütləq hansısa əvvəlki bir təşkilatın sələfi olaraq yaranıblar. Məsələn, İŞİD-də konkretləşdirsək, onlar Əl-Qaidə terror təşkilatının sələfləridir. Zamanı gəldikdə də onlar xələf funksiyasını yerinə yetirərək, yerlərini fərqli bir adda yaradılan, lakin eyni proqram və hədəflərə görə fəaliyyətini quran təşkilata verəcək. Özləri də onun içində əriyəcəklər”. 

"Digər məqam isə bu tip radikal terror təşkilatlarının yaranmasına səbəb olan münbit şərait, hazırlanan zəmindir. Nə zamana kimi regionda iri güclərin maraqları kəsişəcək, həmin müddətə qədər təşkilatlar da var olacaq. Bu, qaçılmazdır”, - deyə Vüqar Zifəroğlu qeyd edib.

Kamil ƏMİRLİ

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM