Nə üçün gələcəyimiz kitab oxumaqdan asılıdır? - MƏQALƏ

14:50 | 02.02.2015
Nə üçün gələcəyimiz kitab oxumaqdan asılıdır? - MƏQALƏ

Nə üçün gələcəyimiz kitab oxumaqdan asılıdır? - MƏQALƏ

"Eh, nə üçün bədii ədəbiyyat oxumağa vaxt sərf etməliyəm ki? O qədər digər vacib işlərim var ki... ” - əgər dostlarınızdan biri sizin mütalinizi lağa qoyursa, onda Nila Qeymanın bu mühazirəsini ona ver, oxusun.
 
ANN.Az "Adme.ru” saytında dərc olunan "Nə üçün gələcəyimiz mütaliədən asılıdır?” məqaləsini təqdim edir:
 
"İnsanlar kimi müdafiə edirlər? Onlara kimin tərəfində olmalarını izah etmək mütləq lazımdır. Müəyyən anlamda bu, maraqların bəyanatıdır. Beləliklə, mən mütaliə haqqında danışacağam. Bədii ədəbiyyatı oxumaq və ümumiyyətlə, ləzzət almaq xatirinə kitablar arasında it-bat olmaq insan həyatında ən vacib məşğuliyyətlərdən  biridir.  

Özüm də mütaliəyə çox bağlı biriyəm - axı həm yazıçı, həm də bədii mətnlərin yazarıyam. Həm böyüklər, həm də balacalar üçün yazıram. Artıq yazı yazmaqla, nəsə yaratmaqla 30 ildir yaşayışımı təmin edirəm.  Sözsüz ki, insanların oxumasında, insanların bəddi ədəbiyyatı mütaliə etməsində, kitabxanaların, naşirlərin mövcudluğunda və kitab oxumaq üçün məkanların olmasında şəxsən maraqlı biriyəm.

Beləliklə, mən yazı aşiqiyəm. Amma daha çox mütaliəçiyəm.

Nyu Yorkda olduğum günlərin birində özəl həbsxanaların – hazırda bu sahə Amerikada çox inkişaf edib – tikintisi ilə bağlı söhbət eşitdim. Hər bir sənaye kimi,  cəzaçəkmə müəssisələri sənayesi də öz inkişaf planını əvvəldən bilməlidir: onlara nə qədər saxlanma kamerası lazım olacaq? 15 ildən sonra həbs olunanların sayı nə qədər olacaq? Və bu barədə düşünənlər dərhal anladılar ki, bu rəqəmi tapmaq elə də çətin deyil. Sorğuya əsaslanan sadə alqoritmdən istifadə edərək bunu deyə bilərlər. Bunun üçün 10 və 11 yaşlılar arasında oxuma faizini müəyyən etmək lazımdır. Bu məsələdə birbaşa səbəb-nəticə əlaqəsi yoxdur. Təbii ki, təhsili yüksək cəmiyyətlərdə də cinayətkar olur. Ancaq faktorlar arasındakı əlaqə çox aydın görünür.

Savadlı insanlar bəddi ədəbiyyat oxuyur.

Bədii ədəbiyyatın iki təyinatı var:

1. O, sizin mütaliədən asılılığınızı ortaya çıxardır. Hadisənin necə cərəyan edəcəyini bilmək ehtirası, növbəti səhifəni çevirmək istəyi, nə qədər ağır olsa da – ola bilsin nəsə bədbəxtlik baş verib və sən bunu bilməlisən -  davam etmək zərurəti...bütün bunlar əsl sürücülük ehtirasıdır. Bu sizi yeni sözlər öyrənməyə, irəli getməyə və ən əsası fərqli düşünməyə məcbur edir. Sizə aydın olur ki, oxumaq özü-özlüyündə bir həzzdir. Siz bunu bir dəfə kəşf etdikdən sonra daha oxumaqdan əl çəkməyəcəksiz. Savadlı övladların olması üçün ən asan yol onları oxumağa alışdırmaq və oxumağın gözəl bir əyləncə olduğunu onlara göstərməkdir. Ən sadəsi, onlara xoş gələn kitabları tapmaq, bu kitablara çıxış imkanı yaratmaq və o  kitabları oxumağa imkan vermək. Uşaqlar üçün pis müəllif yoxdur. Əgər uşaq onları oxumaq istəyirsə, onu tapıb oxumasına şərait yaradın. Çünki bütün uşaqlar fərqlidir. Onlar özlərinə lazım olan hekayələri tapır və o hekayələrin içərisinə daxil olurlar. Köhnəlmiş, çürüdülmüş ideya onlar üçün yenidir. Axı, uşaq onu özü üçün birinci dəfə kəşf edir. Ancaq siz, onların oxumaq istədiklərinə lazımsız və qeyri-ciddi deyib, əlindən aldıqda onların kitaba nifrəti yaranır.  

2. Bədii ədəbiyyatın oynadığı digər mühüm rol onun empati duyğusu yaratmasındadır. Siz kinoya və ya televiziya verilişinə baxanda başqa insanların başına gələn hadisələri görürsünüz. Bədii ədəbiyyat isə sizin hərflərdən istifadə edərək yaratdığınız bir şeydir. Siz, yalnız siz, öz təsəvvürünüzün gücündən istifadə edərək bütöv bir dünya yaradır, o dünyadan həzz alır və ətrafa fərqli baxışlarla baxırsınız. Siz fərqli şeyləri hiss edir, bilmədiyiniz və bilməyəcəyiniz yerləri və dünyaları gəzirsiniz. Siz başqası olmağa başlayırsız. Ancaq öz dünyanıza qayıtdıqda, siz də, az da olsa nəyinsə dəyişdiyini hiss edirsiniz.

Empatiya – insanları bir yerə yığıb, özlərini özünəvurğun tənhalar kimi aparmağa imkan verməyən bir vasitədir.
Siz kitablarda, bu dünyada həyat üçün çox vacib olan şeyləri də tapırsız. Budur: dünya məhz bu cür olmağa məcbur deyil. Hər şey dəyişə bilər.  
2007-ci ildə mən Çində rəsmi partiya tərəfindən təsdiqi alınmış elmi-fantastika və fentezi ilə bağlı bir konfransda idim. Bir an gəldi və mən hakimiyyət rəsmisindən soruşdum: "Nə üçün?” Axı elmi-fantastika uzun müddət hökümət tərəfindən yaxşı qarşılanmayıb.  Nə dəyişdi?
 
O, hər şeyin çox sadə olduğunu dedi. Siz çinlilərə nəsə sxem verdikdə onlar mükkəməl şeylər yarada bilirlər. Ancaq onların özləri nəyisə təkmilləşdirə və ya yarada  bilməyib. Onlar kəşf etməyiblər. Bunun üçün Çin höküməti ABŞ-da yerləşən "Apple”, "Micrasoft”, "Google” şirkətinə nümayəndə heyəti göndərdi. Həmin nümayəndələr gələcəyi düşünən bu insanlardan suallar soruşublar. Və onların bu suallara verdikləri cavabdan məlum olub ki, uşaq olarkən onların hamısı elmi-fantastika oxuyublar.  

Ədəbiyyat sizə başqa dünyanı göstərə bilər. O sizi, sizin heç zaman olmadığınız yerə apara bilər. Bir dəfə, həmin o fərqli dünyadakı sehrli meyvələri daddıqdan sonra  doğulub boya-başa çatdığınız bu dünyadan razı qalmayacaqsınız. Narazılıq çox yaxşı şeydir. Narazı insanlar öz dünyalarını dəyişə, təkminləşdirə, onları daha yaxşı  və  tamam başqa cür edə bilir.

Uşağın mütaliəsinə olan marağını məhv edən digər faktor yaxın ətrafda kitab olmamasıdır. Və eləcə də qiraətxanaların olmaması. Mənim bəxtim gətirib. Mənim boya-başa çatdığım rayonumda mükəmməl kitabxana var idi.  

Kitabxanalar azadlıqdır. Azad oxumaq, azad söhbətlər etmək yeridir.

Bu təhsildir (təhsil universiteti və ya məktəbi bitirdiyimiz gün başa çatmır),  bu sığınacaq və məlumata çıxış yeridir. Düşünürəm ki, bütün məsələ məlumatın təbiəti ilə bağlıdır. Məlumatın bir dəyəri var, amma lazımlı məlumatın dəyəri lap böyükdür, bir sözlə dəyərsizdir. İnsanlıq tarixinin bütün mərhələlərində biz məlumat qıtlığı yaşamışıq. Axır zamanlarda, biz məlumatın azlığından uzaqlaşaraq onun bolluğu və artıqlığı içərisinə düşmüş durumdayıq. "Google”dən olan Erik Şmidit deyir ki, hər iki gündə insanların istehsal etdiyi məlumat bütün bəşər sivilizasiyasının 2003-cü ilə kimi istehsal etdiyi məlumat qədərdir. Rəqəmləri sevənlər üçün deyim ki, bu bir günə beş eksabayt məlumat deməkdir. İndi əsas məsələ, səhrada qeyri-adi gülü tapmaq yox, cəngəllikdə olan xüsusi gülü tapmaqdır. Bu informasiya bolluğu içərisində bizə lazım olan məlumatı tapmaq üçün bizə yön göstərən lazımdır.


Kitabxanalar insanların məlumat almaq üçün gəldikləri yerdir. Kitablar məlumat aysberqinin yalnız üst tərəfidir. Onlar kitabxanadadır və siz kitabxanaçının köməkliyi ilə onlara əldə edə bilirsiniz. Hazırda kitabxanadan kitab götürən uşaqların sayı əvvəlki dövrlərə nisbətən daha çoxdur. Onların axtardıqları isə fərqli formatlı - kağızdan hazırlanmış, elektron və  audiokitablar olur. Kitabxana həm də başqa təyinatlı bir yerdir. Məsələn, kompüteri olmayan və ya internetə çıxışı olmayan adam bura daxil olub otura bilər. Biz iş axtararkən, tərcümeyi-hal yazarkən və ya internetdə pensiya formasın doldurarkən gəlib oturduğumuz yer kitabxanadır. Kitabxanaçılar insanların bu dünyada yönünü müəyyən etməyinə kömək edən adamlardandır.

Kitabxana gələcəyə olan qapıdır. Ancaq  çox təəssüf ki, bu günlərdə yerli hakimiyyətlər pula qənaət adı altında kitabxanları bağlamaqla məşğuldur. Onlar anlamır ki, bu gün kitabxanaları bağlamaqla gələcəyin qapılarını bağlayırlar. Onlar açıq olası olan qapıları bağlayırlar.

Kitablar ölülərlə ünsiyyət deməkdir. İndi bizim aramızda olmayanlarla ünsiyyət deməkdir. İnsanlıq özünü yaratdı, inkişaf etdi və elə bir növ bilgi yaratdı ki, onu daima xatırlamaq yox, inkişaf etdirmək mümkün oldu. Elə nağıllar var ki, bir çox ölkələrin tarixindən daha qədimdir. Elə nağıllar var ki, onun içərisində bəhs edilən mədəniyyətlərdən və abidələrdən daha çox yaşayıb.  

Kitabxanaları qorumaq çox vacibdir.  Kitabxanalardan istifadə etməli, onların sayını artırmalı və bağlanmasına qarşı etirazımızı bildirməliyik. Əgər siz kitabxanaların qədrin bilmirsizsə, demək siz məlumatın, mədəniyyətin və müdrikliyin dəyərini bilmirsiniz. Siz keçmişin səsini batırmaqla gələcəyə ziyan vurursunuz.

Biz kitabları uşaqlar üçün ucadan oxumalıyıq. Onları sevindirən şeyləri oxumalıyıq. Bizim oxumaqdan yorulduğumuz tarixi hadisələrdən bəhs etməliyik. Müxtəlif səsli rollarına girərək oxuduğumuz kitabı onlar üçün daha maraqlı etməliyik. Oxumağı özləri bacarır deyə onlara kitab oxumaqdan əl çəkməməliyik. Elə bir zamanda oxumalıyıq ki, onun diqqəti ətrafda baş verənlərə, məsələn, telefona yönəlmiş olmasın.
 
Biz dildən istifadə etməliyik. Yeni sözün nə anlama gəldiyini izah etməli və demək istədiklərimizi  başa düşülən şəkildə deməliyik. Biz dillə, nəsə ölmüş bir nəsnə kimi davranmamalıyıq. Biz dildən elə istifadə etməliyik ki, onu eşidən kəs sözün canlı olduğunu, mənası olduğunu, hərəkət etdiyini və zamanla dəyişdiyini anlasın.
 
 
Yazıçılar, xüsusən də uşaqlar üçün yazanlar, oxucuları qarşısında böyük məsulliyyət daşıyır. Biz həqiqi olan şeyləri yazmalıyıq. Bu prinsipə ən çox hekayə qurarkən və həmin hekayədə üzünü belə görmədiyimiz  tarixi yerlər, mövcud olmayan insanlar haqqında yazarkən əməl etməliyik. Biz başa düşməliyik ki, həqiqət əslində baş verən şey deyil, həqiqət bizim kim olduğumuzu bizə anladan şeydir. Bədii ədəbiyyat hər şeydən öncə həqiqi yalandır. Biz oxucularımızı bezdirməməliyik. Biz elə etməliyik ki, oxucu özü səhifəni çevirməkdə maraqlı olsun.

Həvəssiz oxuyan oxucu üçün ən yaxşı çıxış yolu onları kitaba bağlayacaq hekayəni oxumaqdır.  

Biz oxucularımıza həqiqəti deməliyik. Biz onları silahlandırmalı, müdafiə olunmağı öyrətməli və bu qısa zamanda dünyadan əldə etdiyimiz müdrüklüyü onlara ötürməliyik. Biz  vəz verməməli, mühazirə oxumamalı, hazır həqiqətləri - ana quşun balasına çeynəyərək verdiyi yem kimi - oxucuların boğazına tökməməliyik.

Və ən önəmlisi, biz özümüzün heç zaman oxumaq istəməyəcəyimiz şeyləri heç bir zaman, əsla, nəyin bahasına olursa olsun uşaqların oxuması üçün yazamamalıyıq.

Bizim hamımız – böyüklər və uşaqlar, yazıçılar və oxucular – xəyal qurmalıyıq. Biz udurmalıyıq. Heç kimin heç nəyi dəyişə bilməyəcəyi böyük bir dünyada yaşadığımızı, cəmiyyətə nisbətdə bizim atomdan da balaca bir şey olduğumuzu, saman tayasının içində saman çöpü olduğumuzu çox asanlıqla  düşünə bilərik. Amma həqiqət budur ki, fərd dünyanı daima dəyişir, fərd həyatın başqa cür ola biləcəyinə inanaraq  gələcəyi yenidən qura bilir. Bir çönüb arxanıza baxın. Mən çox ciddiyəm. Heç olmasa öz ətrafınıza, yaşadığınız yerə diqqət edin.

Mən elə bir açıq aydın bir şeyi göstərmək istəyirəm ki, bir çoxumuz onları unutmuşuq. Baxın, sizin indi gördüyünüz şeylər, hətta divarın özü də, bir zamanlar düşünülərək yaradılıb.  

Bir gün kimsə fikirləşdi ki, stulda oturmaq yerdə oturmaqdan daha rahatdır. Və buna görə stulu yaratdı. Kiminsə ağlına gəldi ki, mən indi Londonda oturaraq heç bir pozuntu, kəsinti olmadan sizinlə danışa bilərəm. Oturduğunuz otaq, otağın içində olan hər şey, binada olan bütün şeylər bu şəhərdə ona görə var ki, bir zamanlar insanlar dönə-dönə bunları fikirləşib.

Biz bütün hərəkətlərimizi gözəlləşdirməliyik. Dünyanı daha iyrənc yerə çevirməməli, okeanların suyunu məhv etməməli və öz problemlərimizi gələcək nəsillərə yük kimi ötürməməliyik.  Biz özümüzdən sonra qoyub getdiyimiz zir-zibili yığışdırmalı, uşaqlarımızı isə bizim axmaqcasına dağıtdığımız, iyrənc hala gətirdiyimiz dünyada  yaşamağa məcbur etməməliyik.

Bir gün Albert Eynşteyndən uşaqlarımızı daha ağıllı etməyin yollarını soruşublar. Onun cavabı sadə və müdrik olub. Əgər siz uşaqlarınızın ağıllı olmasını istəyirsinizsə, onlara nağıl oxuyun. Əgər siz onların daha da ağıllı olmasını istəyirsizə, onlara daha çox nağıl oxuyun. O, oxumağın və təsəvvür etməyin dəyərini yaxşı bilirdi.
 
Mən ümid edirəm ki, biz uşaqlarımız üçün onların kitab oxuyacağı, onlar üçün oxuna biləcək, onların təsəvvür edə biləcəyi və anlayacağı bir dünya qoyub gedə biləcəyik.

Tərcümə etdi: Emin Aslan
ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb