“Çoxlu erməni dostum var” – İbrahimbəyov

16:20 | 28.10.2014
“Çoxlu erməni dostum var” – İbrahimbəyov

“Çoxlu erməni dostum var” – İbrahimbəyov

Moskvada Qorçakov Fondunun Dostları Klubunun 2-ci iclası başa çatıb. ANN.Az Modern.az-a istinadən xəbər verir ki, iclasın qonaqlarından biri azərbaycanlı kinossenarist, MDB və Baltikyanı ölkələr Kinematoqrafçılar Konfederasiyaları İttifaqının sədri Rüstəm İbrahimbəyov olub.  İclas zamanı erməni əsilli Rusiya jurnalisti, Kavplit.com saytının müxbiri Ayk Halatyan Rüstəm İbrahimbəyova Azərbaycan-Ermənistan münasibətlərinə və Əkrəm Əylislinin “Daş yuxular” əsəri ətrafında yaranan qalmaqalla bağlı suallar verib. R.İbrahimbəyov suallara belə cavab verib: “Bəndəniz və yazıçı Hüseynov, eləcə də Azərbaycanla bağlılığı olan daha bir neçə nəfər Əkrəm Əylislinin müdafiəsi üçün səsini qaldırdı. Azərbaycan Ziyalılar Forumunun məsələ ilə bağlı müraciəti oldu. Hakimiyyətin mövqeyini dəstəkləmirəm, amma anlamağa çalışıram: müharibədə məğlub olan və ərazisinin 20 faizini itirən dövlət. Mövcud vəziyyət Azərbaycanın Ermənistana nisbətən Qarabağ münaqişəsinə daha həssas yanaşmasına səbəb olub”.  Dağlıq Qarabağ münaqişəsinə toxunan İbrahimbəyov Moskvada özünün və soydaşlarımızın ermənilər tərəfindən hər hansı düşmənçiliklə qarşılanmadığını deyib: “Mənim ünsiyyət saxlamağa davam etdiyim çoxlu erməni dostum var. Lakin Qarabağ münaqişəsi ilə bağlı konkret mövqeyim var. Hesab edirəm ki, Qarabağdakı hadisələr heç nə ilə əsaslandırılmamış aqressiyadır. Təəssüflər olsun ki, o zamanlar Ermənistanda millətçi dairələr hakimiyyəti ələ ala bildilər.Biz deyirik, bu torpaqlar bizimdir, ermənilərsə iddia edirlər ki, onlarındı. Bu məsələ tarixçilərin, filosofların, siyasətçilər və digərlərinin işidir. XXI əsrdə belə problemləri silah yolu ilə həll etmək olmaz”.Rüstəm İbrahimbəyov söhbətinin davamında erməni əsilli Ukrayna rejissoru Roman Balayanla çoxillik dostluğundan danışıb. “Mənim dostluq etdiyim və heç nəyə baxmayaraq ünsiyyət saxladığım dostum var – Roman Balayan. O, tam mənada Ermənistanın təəssübkeşidir və Qarabağda baş verənlərə öz baxışı var. Mənim də münaqişəyə öz baxışım var, lakin bu o demək deyil ki, biz kollaborasionistlərik (düşmənlə əməkdaşlıq edənlərə deyilir). Biz dostuq, on illərdi dostluq edirik”.Rüstəm İbrahimbəyov Azərbaycanla Ermənistanın birlikdə yaşamağa məcbur olduğunu və bütün müharibələrin sülhlə bitdiyini xatırladıb: “Sabah dövlətlər barışacaq, lakin hər iki tərəfin təbliğat qurbanına çevrilən yüz minlərlə insan bir-birinə qarşı kin saxlayacaq. Problem bundadır. Konfliktlər gec-tez sülhlə bitir və ola bilməz ki, situasiyadan çıxış yolu tapılmasın. Biz Ermənistanla qonşuyuq və illərlə vaxt tələb olunsa da, dostluq və anlayış şəraitində yaşamağa məhkumuq. İnsani münasibətləri bərpa etmək asan deyil. Ona görə də dostlar öz dostluqlarını qorumalıdır – bu onların vətəndaşlıq vəzifəsidir. Dostlar tanıyıram ki, ölkələri münaqişədə olduğu üçün ünsiyyətlərini kəsiblər. Bu düzgün deyil”.İbrahimbəyov onun ssenarisin yazdığı və rejissor Eduard Şengelayanın çəkdiyi “Qafqaz Triosu” adlı filmdən də danışıb. Əsas qəhrəmanları erməni, azərbaycanlı və gürcü olacaq filmdə hadisələr 2013-cü ilin Moskva, Bakı və Tbilisisində cərəyan edəcək. İbrahimbəyov dostluq və uşaqlıq barədə bəhs edən filmin həm ermənilər, həm də azərbaycanlılar tərəfindən normal qarşılanacağına ümid etdiyini bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM