Palata sığorta bazarında problemlər aşkarladı

22:57 | 13.05.2016
Palata sığorta bazarında problemlər aşkarladı

Palata sığorta bazarında problemlər aşkarladı

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyi ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin nümayəndələri ilə görüşüb.

Palatadan "APA-Economics”ə verilən məlumata görə, görüşdə çıxış edən MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, Palata faktiki olaraq fəaliyyətə martın 31-də başlayıb və ilk olaraq bank sektorundakı durumun diaqnostikası və həlli təcili olan problemlərlə məşğul olub: "İlkin diaqnostika zamanı müəyyən problemləri aşkarlamışıq. Sığorta şirkətlərinin idarəetmə strukturunun təkmilləşdirilməsinə, hesabatlılığın inkişaf etdirilməsinə və maliyyə dayanıqlığının gücləndirilməsinə ehtiyac var. Hazırda biz tərəfdən reallaşdırılan tənzimləmənin məqsədi ilk növbədə qlobal maliyyə böhranının neqativ təsirlərinin aradan qaldırılması, ödəmə qabiliyyətlərini qabaqcıl standartlara uyğunlaşdırılması, və beləliklə sığorta şirkətlərinin regional və beynəlxalq rəqabətliliyini təmin etməkdən ibarətdir".

2010-2015-ci illərdə sığorta yığımlarının 3 dəfə, sığorta ödənişlərinin isə 2 dəfə artdığını bildirən R. Aslanlı bu kəmiyyət dəyişikliyi ilə yanaşı sektorda həmçinin keyfiyyət dəyişikliyinin olmasının vacibliyini və sığorta şirkətlərinin müştəri məmnuniyyətini artırmalı olduğunu vurğulayıb.

Görüşdə çıxış edən sığorta şirkətlərinin rəhbərləri onları narahat edən problemləri bildirməklə yanaşı gələcəkdə sığorta sahəsi üzrə qərar və qanunların müzakirəsi prosesində iştirak etmək istədiklərini bildiriblər.

Sonda R. Aslanlı MBNP yanında "think tank" funksiyasını daşıyacaq Məşvərət Şurasının yaradılacağını və bank sektoru, audit və konsaltinq şirkətləri ilə yanaşı sığorta şirkətlərinin də nümayəndələrinin üzv olacağını qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM