"Qarabağ problemi bu il də həll edilməyəcək" - Politoloq

14:07 | 23.12.2016

"Qarabağ problemi bu il də həll edilməyəcək" - Politoloq

"Aprel ayındakı hərbi toqquşmalardan sonra Azərbaycan cəmiyyətinin, eləcə də siyasi ekspertlərin də bir hissəsi düşünürdü ki, mümkündür ki, böyük dövlətlər, o cümlədən, Rusiya Ermənistan hakimiyyətinə təsir edib yeni müharibə baş verməsin deyə mərhələlər planını hərəkətə gətirə bilər. Bu zaman Dağlıq Qarabağ ətrafındakı rayonların bir hissəsi boşaldılardı”.

ANN.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu "2016-ci il Azərbaycan xarici siyasətinin yekunları"na həsr olunmuş tədbirdə deyib.
 
Onun sözlərinə görə, böyük ümidlər bəslənilən Vyana və Snakt-Peterburq görüşləri nəticəsiz qaldı:

"Ardınca həmsədrlərin səfərləri də problemin həllində rol oynamadı. Prezidentlərin görüşünü təşkil etmək istəyirdilər, lakin bu da alınmadı. Eyni zamanda, ATƏT-in yekun toplantısı da keçirildi, amma əldə olunan razılıq olmadı. Beləcə ili başa vurduq”. 

"Düşünürəm ki, gələn il Qarabağ məsələsində ciddi dəyişiklik olmayacaq. Ermənistandakı son vəziyyətlərə baxsaq, konstitusiyaya dəyişikliklər edilib, əsas funksiya prezidentdə yox, parlamentdə olacaq. Aprel ayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu zaman Serj Sarkisyan hər yolla çalışacaq ki, seçkilərdə öz partiyası qələbəni təmin etsin ki, ya özü baş nazir olsun, ya da bütün nəzarət yenə də özündə olsun. Nə qədər ki, Ermənistanda Dağlıq Qarabağ seperatçıları hakimiyyətdədirsə, problemin həllində ciddi dəyişiklik olmayacaq”, - deyə E.Şahinoğlu əlavə edib.

 
 
Politoloqun sözlərinə görə, aprel döyüşlərinə 3 əsas amil səbəb olmuşdu: danışıqlarda irəliləyişin olmaması, atəşkəsin tez-tez pozulması və erməni silahlı birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarında mütəmadi hərbi təlimlər keçirməsi: 

"Bu səbəblər davam etdiyindən, düşünürəm ki, gələn il də hərbi toqquşmaların baş vermə ehtimalı var. Lakin bu o demək deyil ki, müharibə olacaq. Etiraf etmək lazımdır ki, müəyyən uğurlar əldə etsək də, böyük dövlətlər təzyiq edirlər. Ona görə də, hesab etmək çətindir ki, 90-cı illərdə olduğu kimi illərlə, aylarla müharibə apara bilərik”.

Orxan Aslanlı 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM