“Qıjı”lar kimlərdir? – FOTALAR+VİDEO

10:19 | 22.01.2015
“Qıjı”lar kimlərdir? – FOTALAR+VİDEO

“Qıjı”lar kimlərdir? – FOTALAR+VİDEO

Rüstəm Qasımov

Son zamanlar "qıjı” sözü (bu ayıdöşəyi bitkisinin el arasında deyilən adıdır – red.) ölkəmizdə, xüsusən gənc nəslin bəzi nümayəndələri arasında çox  məşhurlaşıb. Bu sözü əksər azərbaycanlılar  "çuşka” və "cahil” sözlərinin  sinonimi kimi qəbul edirlər.  Cəmiyyətimizdəki "qıjı”lar kimlərdir və hansı səbəbdən özlərinə bu qədər diqqət çəkirlər? Gəlin, bu məsələlərə aydınlıq gətirməyə çalışaq.

Ən birinci onu qeyd edim ki, bu özünəməxsus "qıjı”  etiketini kənddən-rayondan şəhərə axın edən və paytaxtda kök salan insanlara yapışdırmaq düzgün deyil. Çünki rayon yerlərindən çıxanlar arasında öz dövrü üçün kifayət qədər qabaqcıl sayılacaq adamlar var və onlar şəhərin yerli insanından geri qalmayan uğurlara imza atıblar. Bu sözü cəmiyyətimizdə baş verən istənilən dəyişiklik və yeniliyə xəstəhal reaksiya verən, mühafizəkar kəsim ilə də qarışdırmamaq lazımdır.  

Bəziləri düşünür ki, "qıjı” rus dilin bilməyənlərdir. Ancaq onlar da səhv edir. Belə ki, "qıjı” olan kəslər ibtidai savadı olmayan və doğma azərbaycancamızda çoxlu səhvlər edərək danışan insanlardır. Məsələn, "qıjı”lar "ç” hərfinə xüsusi vurğu edərək "çünki”yə  "çunki”, "çay”a  "çıay”, "çiçəy”ə "çiçak”, "çempion”a "şempion”, "çox”a  "çıox” deyən, eləcə də "cavab”ı "DZavab”, "gənc”i  "QyanDz”, "badımcan”ı "badımDZan”, "Azərbaycan”ı  "AzerbayDZan”, "bacı”nı "badDZı” kimi tələffüz edib qəribə "DZ” səsi çıxaranlardır. Həmçinin, rus dilindəki - «Целовек», «снаЦала», «Церез плеЦо» - öz kefinə uyğun qurub danışan insanlardır. "Qıjı”lar özünü cəmiyyətdə aparmaq haqqında, kiçik də olsa, təsəvvürü olmayan, adi nəzakət və etika qaydalarından xəbəri olmayan kəslərdir.  "Qıjı” tipik obraz kimi mənfi keyfiyyətlərlə yüklənib. "Qıjı” çox məhdud dünyagörüşünə sahib, həyatında bir dəfə də olsun kitab üzü açıb oxumayan, dünyada hansı hadisələrin baş verməsi ilə maraqlanmayan insandır. Elə hiss yaranır ki, sanki bu insanın başında qırışların yerinə bir ip çəkilib və əgər siz onu kəssəniz, onun qulaqları qopub düşəcək. Çünki onlar məhz bu ipdən asılıdır.  

"Qıjı”ların həyatdakı əsas amalı: ev, maşın, qızlar, pul və kabab. Yaxşı təhsil almaq, cəmiyyətə və öz ölkəsinə yararlı olmaq "qıjı”ların maraq dairəsindən kənardır. Onların əsas sevimli məşğuliyyəti bunlardır: qızlara saqqız kimi yapışmaq, onlarla gəzib "tozmaq”, onlara müraciət edərkən, ən "yüngül” repliklardan – "necəsən maralım”, "ceyranım”, "qəşəngsən”, "ay gözəl gəl, tanış olaq” və s. istifadə etmək. Belə hallarda əgər həmin qızların özləri də "qıjı” deyillərsə, arxalarına baxmadan qaçıb oradan uzaqlaşmağı özlərinə layiq görürlər.

"Qıjı"larda ən çox diqqət çəkən onların özünəməxsus geyimləridir. Bu geyimlərin sayəsində, biz çox asanlıqla qarşımızdakı insanın "qıjı" və ya normal insan olduğunu dərhal müəyyən edə bilərik. Qeyd etmək lazımdır ki, cəmiyyətin həmin bu təbəqəsi inkubator tərzində - tamamilə oxşar paltarlar geyinməyi sevirlər. Məsələn, keçən il "qıjı”lar qırmızı mokasinlə (bu xüsusi ayaqqabı növüdür. Tarixən şimali Amerikada yaşayan qızıldərililərin geyimlərindən biri olub, dəridən hazırlanar və tək tikişli olarmış. Ən əsas xüsusiyyəti dabanının olmaması və rahatlıq göstərilir. Hazırda öz keçmiş adını daşıyan tarixi ayaqqabılara bənzərləri istehsal olunur - red), ağ corab və qırmızı kəməri moda halına gətirdilər. Bu tərz Avropada bir neçə il öncəsi yayılmışdı, amma bizim "qıjı”lara indi gəlib çatıb.

Hamısı eyni don geyinən xor üzvləri kimi qırmızı paltara bürünərək  paytaxt küçələrində görünməyə başladılar. Bu özündənmüştəbeh gəzişmələri ilə onlar sanki, dünyanın onların ətrafında döndüyünü, planetdəki ən mükəmməl tərzin onlara məxsus olduğunu nümayiş etdirməyə çalışırdılar. Müasir gəncliyin ən "unikal” nümayəndlərinin fotoları bir anda bütün internet məkanını –sosial səhifələri, xüsusən də "Facebook”u    bürüdü. Onlar sosial şəbəkədə statusların qəhramanları və çoxşaxəli müzakirlərin obyekti halına gəldilər. Müzakirələr bir gün belə onlarsız keçmirdi. Bu paltar içərisində  ayaqlara yapışan , arxadan düşəcəkmiş kimi duran şalvarları və ölçüsü iki dərəcə balaca olan kostyumları xüsusi qeyd etmək lazımdır.  Hardasa gördüyü, kimlərdənsə eşitdiyi, amma necə geyinməyi bilməyən "qıjı”ların müasir görünmək istəyi onları daha gülünc vəziyyətə salırdı.  Təəssüf ki, ilbəil "qıjı”ların "təkmilləşməsi” durumu daha da pisləşdirir.

Bu il "qıjı”ların qarderobuna yeni elemetlər əlavə olunub. Onlar öz futbolka və papaqlarının üzərinə milli, regional və dini mənsubiyyəti bildirən - məsələn, "Yetim”, "Ağəli”, "Kasıb”, "Avara”, "Avtoş”, "FBI”, "AZE”, "Ya Mehdi”, "Ya Hüseyn”, "Красавчик” – sözlər yazdırıblar. Bu yazıların içərisində Azərbaycanda yaşayan etnik azlıqların adlarına da rast gəlmək olar. Əgər papağının üzərində "FBİ” yazısı olan adamlardan bunun nə demək olduğunu soruşsanız, heç də düzgün cavab alacağınızı gözləməyin. Çətin ki, "qıjı”lar "FBİ”nin nə olduğunu bilsinlər. Uzağı, "Amerikan polisi” cavabını eşidə bilərsiniz.

Təəssüflə qeyd edək ki, bu tip zövqsüz yazıları geyimlərə yapışdıran  sexlər çox böyük pullar qazanırlar. Çünki, necə deyərlər, tələb təklif doğurur. Bu "müasir” gənc tiplərin sosial şəbəkələrdə qeydiyyatdan keçərəkən istifadə etdikləri "orijinal” adlar da çaşqınlıq yaradır. Özlərini "qızıl gəncliyin”, oğru dünyasının, qanqsterərin, ultura-müasir zor oğlanların  nümayəndələri  sayan bu tiplərə görə, həyat, heç bir qanun-qaydası olmayan, yalnız kef və əyləncədən ibarətdir. Onlar üçün həyat devizi belədir: "İstədiyin yerdə istədiyin şeyi edə bilərsən”. Hər gün bir araya gəlmək, şəhərdə avara-sərgərdan o baş- bu başa gəzmək, davalar, söhbət çürütmələri, münasibətlərin bıçaqla və arada odlu silahla aydınlaşdırılması onların gündəlik yaşayış formasıdır. Şəhərin gecə həyatı yalnız onların nəzarətindədir: "Jizin fuflo ay brat, Supermen, Pullu Papanin Kasub Oglu, Paxotka Qaradskoy Jizn Varavskoy, Sladkiy Ərkəy, Zerbeli Кайфует Балашка Ревнует, Goyde goy gurwagi yerde Zonguldak uwagi, Моя ЖиЭнИ ИсТоРиЯ, Кайфарик Кайфарик, Heyat Qemli Gozler Nemli, Bloknoy Cavan Oglan, Папашанын Хулиган Баласы, Stini Bradyaga, Krasavcik,  Кайфовый Вор, Я-Не-Бабаник-Проста-Кайфарик, TiPa PiPa KrutoYka, Фб-де Крутой Хеятда Золотой, Моей Койфей Зорей, Vasmoysky Glamourniy, Ay Seni Dowan Yesin, Микрорайонски Симпотйашка, İzvini Brat Taleyim Beledi, Вечне Пед Кайфем, Pat Kayf, Like et Like gor, Vewi liker, Vasmoyski”.  

Son dərəcə ciddi intellekt tələb edən bu kimi "qeyri-adi” ifadələrin seçilib tapılmasında qız-"qıjı”lar da xüsusi canfəşanlıq edir. Qız-"qıjı”lar sosial şəbəkədə qeydiyyatdan keçərkən - özlərini virtual oğru dünyasının kraliçaları, təsvirəgəlməz gözəlçə və heç kimi özünə yaxın buraxmayan qürurlu toxunulmaz varlıq kimi təsəvvür etmələri üçün sosial şəbəkələrdə bu adlardan istifadə edirlər: BandiTka AvarasHka Blatnoyka, Pullu Papanin Cholka’li Qizi, Ev qiziyam,  Avarawka Balawka Stilni Devuçka, Полис Папанын Наркоманка Гызы, Ne Romantishka ZaTo Simpatishka, Вор Папанын Туз Гызы, Banditka Narkusha Kavkazochka Kayfusha, Colkalilarin Colkalari Colkamaki, Mamena Brodyawka Papena Simpotyawka, Яз Дивара Севка Авара, Варры Папанын Наглый Гызы, ParaZitka NiKa, Мамина Куколка Папина Ворзаконка, Balaca Meymun Ayluw, Принцесса из Кавказа, OpTimist’Ka PsiXx Qulka, Назови Меня Детко, Ayka Qisa Mayka, Luboysuna atval, Wirinka, Yaxçı Qız, Vewi likerka.

İzləyici yığmaq, heç kimə lazım olmayan, tamamilə mənasız "like” yarışmalarının keçirilməsi üçün senzurasız söyüşlərdən və ədəbsiz dildən istifadə olunması diqqətçəkən məqamlardandır. İnsanın adı onun haqqında çox şeyi deyir. Xalq arasında yayılan bu deyim sözsüz ki,  əbəs yerə yaranmayıb.

Sosial şəbəkələrdə qeydiyyatdan keçən "qıjı”lar öz adlarından istifadə etmirlər. Bunun əvəzində elə bir ifadə formaları seçirlər ki, bu ifadələr onların xarakterləri və "zəngin” daxili dünyası haqqında çox şeyləri deyir. Siz bu ifadələr əsasında onların davranış özəllikləri, fəaliyyət sahələri, maraqları, məqsədləri, nüfuzları, dəyərləri və həmçinin yoxluğunu hiss etmədikləri şəxsi keyfiyyətləri haqqında fikirə sahib ola bilərsiniz.  Sosial şəbəkələri bürümüş narahatedici ayamalardan istifadə  "qızıl gəncliyin” nümayəndələrinin, yəni "qıjı”ların "orijinallığını” ifadə edir.

Sonda onu qeyd edim ki, "qıjı” kəlməsinə hər kəs öz baxışını əlavə edib. Çünki cəmiyyətdə nə qədər insan varsa, demək, bir o qədər fikir var. Ancaq şəhərdə fikirləri dinlənilən adamların əksəriyyəti "qıjı” deyərkən, məhz yuxarıda təsvir etdiyimiz özəllikləri və anlayışları əsas tutublar. İndi bu terminin nədən bəzi insanlarda bu qədər qıcıq doğurduğu, bəzən ziddiyətlərə və sonsuz müzakirələrə səbəb olduğunu dərk etmək mümkündür.

Məqalənin hazırlanmasında "Facebook”da olan «Мемуары гыжы» (Az:"Qıjı”ların xatirələri”): https://www.facebook.com/QJmemuar  səhifəsindən və  FAP TV-nin keçirdiyi sorğudan istifadə edilib. Videoya baxmaq üçün aşağıdakı linkə daxil olun:


 ANN.Az             
 
 
 
 
 






0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb