"Kitab nəşrinə tətbiq olunan ƏDV yığışdırılmalıdır” - AÇIQLAMA

16:23 | 26.09.2014
"Kitab nəşrinə tətbiq olunan ƏDV yığışdırılmalıdır” - AÇIQLAMA

"Kitab nəşrinə tətbiq olunan ƏDV yığışdırılmalıdır” - AÇIQLAMA

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən 6 ay müddətində ölkəyə xaricdən 1.5 milyondan dollardan artıq kitab, braşur və digər çap məhsulları idxal olunub. Ölkəyə idxal olunan kitab və digər çap məhsullarının böyük əksəriyyəti Türkiyənin payına düşür. İkinci yeri isə Böyük Britaniya tutur. 

Ölkəyə kitab idxalının artmasının həm müsbət, həm də mənfi təsirləri var. Müsbət cəhəti ölkədə kitab oxucularının sayının artmasındadır. Mənfi tərəf isə bu amilin ölkədə kitab nəşrinin, xarici ədəbiyyatların sürətli tərcümə işində axsaqlıq olduğunu göstərir. Artan kitab idxalı və ümumilikdə ölkədə kitab nəşrinin vəziyyəti ilə bağlı “Alokitab”ın rəhbəri Zahir Əzəmətlə söhbətləşdik. 

O, açıqlamasında mövcud prosesin normal olduğunu bildirib. Zahir Əzəmətin bildirdiyinə görə, əvvəllər Moskvadan Bakıya vaqonlarla kitab gəlirdi, rusca oxucuların sayı həddindən artıq çox idi: "İndi situasiya dəyişib, daha çox Türkiyədən və türk dilində kitablar gəlir".

Zahir bəy mövcud rəqəmlərin normal olduğunu deyib: “Türkiyədə çap olunan kitabların bir qısmi buradan sifariş olunanlardır. Türkiyə böyük ölkə olduğu üçün bazarı da böyükdür. Ona görə Türkiyədə böyük tirajlarla kitab nəşr edən holdinqlər var. Azərbaycan kiçik ölkədi və burada bazar da bir o qədər böyük deyil.” 

Müsahibimiz qeyd edib ki, Azərbaycanda kitab nəşrinə mane olan səbəblər də çoxdur. O, kitab nəşrinə başlıca əngəlin tətbiq olunan ƏDV-lərlə bağlı olduğu qənaətindədir: “Prezidentin qərarı ilə uşaq ədəbiyyatının nəşrindən ƏDV yığışdırılıb. Amma hesab edirəm ki, bu, bütün nəşrlərə şamil olunmalıdı. Kitab nəşrinə tətbiq olunan ƏDV-ni yığışdırmaq lazımdır. Həm çap, həm yayım üzərində ƏDV mövcuddur. Bu isə ölkədə kitabın qiymətinin baha olmasına gətirib çıxarır ki, nəticədə kitab nəşrinə maneə yaradır. Sahibkarlar da bu sahəyə bir o qədər maraq göstərmirlər. Səbəb isə digər sahələrə ayrıldığı kimi bu sahəyə güzəştli və uzunmüddətli kreditlərin ayrılmamasıdır. Məlumdur ki, kitab nəşri işi qısa zamanda gəlir gətirmir. Bu uzun müddətli prosesdir. Bankların isə faizləri olduqca yüksəkdir. Dəstək olmadan bu sahənin inkişafı mümkün deyil". 

Türkiyədə böyük holdinqlərin olduğunu deyən Z.Əzəmət onların nəşr etdirdikləri kitabları yaya bilmə imkanlarının böyük olduğunu vurğulayıb: "Əllərində böyük şəbəkələr var. Məsələn, "Doğan" holdinqin əlində geniş internet şəbəkəsi, saytları, qəzetləri, kanalları var. Onlara nəticədə Azərbaycana da ciddi təsir edə bilirlər. Bəzən görürsən ki, o qədər də yaxşı olmaya bir kitabı çox sayda sifariş edirlər. Aldıqdan sonra bəziləri narazı qalsalar belə təbliğat çox güclüdür və bir neçə aydan sonra növbəti kitabın təbliği başlanır". 

Z.Əzəmət qeyd edib ki, eyni zamanda Azərbaycanda böyük Türkiyə məktəbləri şəbəkəsi var ki, bu amili də nəzərdən qaçırmamaq lazımdır: "Onların dərslikləri əsasən Türkiyədən gəlir. Böyük Britaniya da eyni zamanda. Ölkədə fəaliyyət göstərən kurslar, ingilis dilli mərkəzlərin vəsaitləri Böyük Britaniyadan gəlir. Böyük Britaniya neft gəlirləri ilə paralel kitab satışından da böyük gəlir əldə edir”.

 ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb