"Mançester Yunayted" Yay Futbol Məktəbi yenə də Azərbaycanda!

15:25 | 22.04.2014
"Mançester Yunayted" Yay Futbol Məktəbi yenə də Azərbaycanda!

"Mançester Yunayted" Yay Futbol Məktəbi yenə də Azərbaycanda!

Aprelin 22-də AFFA və “Bakcell” şirkətinin rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçirilib. Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və “Bakcell”in baş marketinq direktoru Aynur Abjanova da iştirak edib. Konfransda AFFA və “Bakcell” şirkətinin birgə əməkdaşlığı çərçivəsində İngiltərənin "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbində iştirak etmək istəyən uşaqlar üçün Bakıda və respublikanın bir neçə bölgəsində seçim turları təşkil olunacağı ilə əlaqədar məlumat verilib. “Bakcell”in baş marketinq direktoru Aynur Abjanova çıxışında qeyd edib ki, "Mançester Yunayted" Yay Futbol Məktəbinin keçən ilki nəticələri çox uğurlu olub: "Biz belə layihələri davam etdirəcəyik. Bu Azərbaycan futbolu üçün dəstəkdir".AFFA-nın baş katibi Elxan Məmmədov da layihənin önəmliliyindən söz açıb. O, "Mançester Yunayted" Yay Futbol Məktəbinin seçim turları və məşqlərinin Azərbaycanda təşkilinin uşaq futbolunun inkişafına öz töhfəsini verəcəyini qeyd edib: “İnanırıq ki, bu ilki yay məktəbi də uğurlu olacaq. Keçən il layihəyə qatılmaq üçün 1000-dən çox uşaq müraciət etmişdir. Bunlardan 35 faizi qızlar, 65 faizi isə oğlanlar idi. Hətta finala qalan 5 nəfərdən biri də Mingəçevir şəhərindən olan Nigar idi. Bu da çox sevindirici haldır”.Elxan Məmmədov 2013-cü ildə olduğu kimi bu il də dünya futbol ulduzlarının Bakıya dəvət ediləcəklərini bildirib: "Bu il də futbol əfsanələrini Bakıya dəvət edəcəyik. Bizim arzu siyahımız çoxdur, lakin bu həm də onların iş qrafikindən asılıdır. Biz Runinin Bakıya gəlməsini istəyirik."Qeyd edək ki, "Mançester Yunayted" Yay Futbol Məktəbi 2-ci dəfədir Azərbaycanda təşkil olunur. Layihə çərçivəsində AFFA-nın dəstəyi ilə Azərbaycanın 5 bölgəsində seçim turları təşkil olunacaq. Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad  Bakıda təşkil olunacaq və "Mançester Yunayted" Futbol Məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplantılarında iştirak edəcək. Finalda isə 5 iştirakçı İngiltərənin Mançester şəhərində təlimlərə qatılacaq. Cəmilə İbrahimovaANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM