“Rasim Əliyevi jurnalist hesab etməmək ən azından savadsızlıqdır” - Media ekspertlərindən deputata cavab

18:30 | 14.09.2015
“Rasim Əliyevi jurnalist hesab etməmək ən azından savadsızlıqdır” - Media ekspertlərindən deputata cavab

“Rasim Əliyevi jurnalist hesab etməmək ən azından savadsızlıqdır” - Media ekspertlərindən deputata cavab

Bu gün döyülərək öldürülən jurnalist Rasim Əliyev mövzusu yenidən ictimaiyyətin diqqət mərkəzində olub. Parlamentin bugünkü növbədənkənar iclasında, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamənin, eləcə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTIHB) noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkisinə müşahidəçi göndərməkdən imtina etməsi məsələsinin müzakirəsi zamanı  "Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr” komitəsinin üzvü, deputat Sabir Rüstəmxanlı Avropa Parlamentini tənqid edib. O, Azərbaycana qarşı qəbul olunan qətnaməni xalqımıza qarşı təhqir hesab etdiyini bildirib: "Məsələn orada Rasim Əliyevin ölümünü jurnalistin siyasi qətli kimi qələmə verirlər. Amma bu düzgün deyil. Çünki Rasim Əliyev jurnalist olmayıb, o, operator idi”.

Qeyd edək ki, bir müddət bundan əvvəl də Rasim Əliyevin ölüm faktı üzrə qaldırılmış cinayət işinə görə həbs olunan futbolçu Cavid Hüseynovun vəkili Adəm Məmmədov da eyni məzmunlu çıxış etmiş, ölən həmkarımızı jurnalist deyil, sadəcə operator kimi qələmə vermişdi. İndi isə bu fikir ölkənin ali qurumunun tribunasından səsləndirilir. Nə üçün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı operatorluğu jurnalistikanın bir növü hesab etmir? Məgər jurnalistika sadəcə yazı yazmaqdan ibarətdirmi? Məsələyə Sabir Rüstəmxanlının məntiqi ilə yanaşsaq, qəzet və saytlarda fotomüxbirlik edənləri, televiziyalarda operator işləyənləri hansı sahənin nümayəndələri hesab etmək lazımdır?  

Yaxud müharibə meydanlarında ölən operatorlar jurnalist deyillərmi? Çiynində videokamerası ilə döyüş meydanlarından çəkilməyən, süjetlər, müsahibələr hazırlayan, milli qəhrəman Çingiz Mustafayev operatorluq etdiyinə görə jurnalistikanın nümayəndəsi, jurnalist deyilmi? Ümumiyyətlə, dəfələrlə Rasim Əliyevin məhz jurnalist olmadığını, operator kimi fəaliyyət göstərdiyini qabartmaqla hansı məqsəd güdülür? 
 
 
 

"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, media məsələləri üzrə ekspert Arif Əliyev ANN.Az-a açıqlamasında bildirib ki, millət vəkilinin bu çıxışı sadəcə savadsızlığın bir nümunəsidir: "Bu sözlərin deputat, yaxud bir başqasının deməsinin fərqi yoxdur. İctimai-elmi, siyasi fəaliyyətlə məşğul olan bir insan bu cür fikirlər səsləndirirsə, buna ən azı savadsızlıq kimi qəbul etmək lazımdır. Hər bir peşənin öz meyarları var. İctimai yük daşıyan mövzulara toxunmaqla yazı yazmaq, videokamera ilə video çəkmək, fotokamera ilə foto çəkmək və s. fəaliyyətlə məşğul olanların hamısı jurnalist hesab olunurlar. Jurnalist Rasim Əliyevin ölüm faktına gəlincə, bəli, onun ölümünə cavabdeh  Səhiyyə Nazirliyi və sosial şəbəkədən ifadə etdiyi sözə görə kimlərinsə fiziki işgəncəsinə məruz qalmaqdır. Çünki ağır halda xəstəxanaya çatdırılan bir adama düzgün diaqnoz qoyulmayıb, düzgün müayinə edilməyib. Bunun nəticəsində isə cavan bir jurnalist xəstəxanada vəfat edib. Məsələnin düyün nöqtəsi bundan ibarətdir ki, jurnalist dediyi sözə görə döyülüb və xəstəxanada baxımsızlıq ucbatından vəfat edib.Yəni biz demirik ki, digərlərinin (başqa şəxsləri) bu yollarla, üsullarla döyüb öldürmək olar, xəstəxanada bu cür məhv etmək olar, amma jurnalisti olmaz. Ümumiyyətlə, peşəsindən fəaliyyətindən asılı olmayaraq insanlara qarşı kobud davranmaq olmaz. 

Həmkarları, qələm sahibləri jurnalist Rasim Əliyevin peşə fəaliyyətini (jurnalist olmasını) ona görə qabardırlar ki, peşə həmrəyliyi nümayiş etdirilsin, bu sahə ilə məşğul olan jurnalistlər də bu məsələni daha çox araşdırsınlar və sıravi vətəndaşlar bu kimi vəziyyətlə qarşılaşıb həyatlarından olmasınlar”. 

A.Əliyev daha sonra deputat Sabir Rüstəmxanlının dediklərinə istinad edərək vurğulayıb: "Məsələyə Sabir bəyin fikri ilə yanaşsaq, yəni tutaq ki, operator işləyənlər jurnalist deyillər. Onda bu o deməkdir ki, vətəndaşla bu cür davranmaq olar? Vətəndaşın hüquqlarını, azadlığını bu şəkildə pozmaq olar? Əlbəttə ki yox! İlk növbədə millət vəkilləri bunu üzərində düşünməlidirlər. Daha "operatorluq jurnalistika deyil” kimi açıqlamalar verməklə ictimai fikri dolaşdırmaq olmaz”.

Media eksperti bildirib ki, jurnalistika anlayışının həm bizim qanunvericilikdə, həm beynəlxalq qanunvericilikdə, həm də Avropa Şurasının və Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə çox geniş, ərtaflı izahı var: "O, izaha görə informasiyanın hazırlanması, ötürülməsi, yayılması ilə istənilən vasitələrlə peşəkar sürətdə məşğul olan şəxs jurnalist adlanır. Və  istənilən şəxs öz kamerası ilə informasiyanın hazırlanması və ötürülməsi ilə (özüdə peşəkar səviyyədə) internet portallarında, qəzetlərdə bu işlə məşğuldursa, həmin şəxsi jurnalist adlandırmamaq  çox yanlış olar”. 
 
 
 

Məsələyə münasibət bildirən media eksperti Ələsgər Məmmədli ANN.Az-a açıqlamasında bu məsələnin Milli Məclis trubunasından səsləndirilməsinə təəssüf  etdiyini deyib: "Həm də Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamənin müzakirə olunması sırasında belə bir fikrin söylənilməsi çox təəssüfedici hal idi. Rasim Əliyev Azərbaycanda kifayət qədər tanınmış və televiziya fəaliyyəti ilə məşğul olmuş bir jurnalist olub. Müasir jurnalistikada jurnalistlər əslində loru dillə desək, "3-ü bir arada” olan iş fəaliyyəti ilə məşğuldular. Yəni bu gün jurnalist həm çəkir, həm montaj edir, həm yayır, həm müsahibə alır, yazır. Bu baxımdan gərək deputatlar zəmanəmizin şərtlərini tuta bilsinlər və ona uyğun fikir bildirsinlər. Çünki zəmanəmizdə İKT və xüsusilə media sahəsi çox inkişaf etdiyindən bunun hər biri üçün ayrıca bir jurnalist seçmək düzgün olmaz. Çünki texnika artıq tək jurnalistə bu işlərin hamısının öhdəsindən gəlməyə imkan verir. Rasim də məhz belə jurnalistlərdən biri idi. O mənim təşkil etdiyim təlimlərdə iştirak edirdi, Rasim Əliyevlə ünsiyyətdə olduğumdan onu daha yaxşı tanıyırdım. O jurnalistikanın peşə prinsiplərini, hüquqlarını daha yaxşı bilirdi. Buna görə də jurnalist Rasim Əliyevin ölümünü ifadə azadlığı çərçivəsində qiymətləndirilməlidir. Bununla bağlı ölkə başçısı da bildirib ki, bu ifadə azadlığına olunmuş bir hücumdur. Bəli, bu siyasi bir sifariş deyildi. Mahiyyət etibarilə jurnalist yazdığı ifadəyə görə bir şəxsin dözümsüzlüyü nəticəsində fiziki işgəncəyə məruz qalıb, bir dövlət qurumunun əməkdaşlarının səhlənkarlığı ucbatından da həyatından məhrum edilib”. 

Ə.Məmmədli sonda vurğulayıb ki, bu baxımdan parlamentdə olan deputatların, vaxtilə mətbuat sektorundan çalışmış biri şəxsin, yazıçı-publisistin belə bir fikir bildirməsi, Rasim Əliyevin peşə fəaliyyətini düzgün qiymətləndirməməsi yolverilməz haldır: "Millət vəkili nəzərə almalıdır ki, jurnalistin ailəsi dərin hüzn içərisindədir. Əgər fəaliyyətindən asılı olmayaraq, heç jurnalist olmasa belə adi bir vətəndaş "Facebook”da yazdığı bir statusa görə öldürülmüş olsaydı, yenə də həmin şəxs adı ifadə azadlığının qurbanı kimi hallandırılacaqdı. Çünki dünyanın standartı budur”.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM