Ukraynadan Türkiyəyə tələb - "İstanbul boğazı ruslar üçün bağlansın"
Ukrayna Türkiyədən İstanbul boğazlarının Rusiya hərbi gəmiləri üçün bağlanmasını tələb edib, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.
"Ukrayna bizə rəsmi müraciət edib. Ukrayna Montrö boğazlar konvensiyasının 19-cu maddəsinə əsaslanaraq Türkiyədən İstanbul boğazlarının Rusiya hərbi gəmiləri üçün bağlanmasını tələb edib. Montrö müqaviləsinin müddəaları çox aydın və dəqiqdir. Türkiyə hərbi gəmilərin boğazlardan keçidini dayandıra bilər. Müharibə vəziyyətini qanuni olaraq qəbul etsək, Montrö kontekstində hərbi gəmilərin keçidini qadağan edəcəyik. Amma biz qadağan etsək də, rusların belə hüququ var. Müqavilə imzalanarkən Rusiyanın öz bəndi var idi. 19, 20 və 21-ci maddələr onları tənzimləyir. Sahilyanı ölkənin gəmisi öz bazasına qayıtmaq xahişi ilə keçmək istəyirsə, buna icazə verilir”, deyə nazir vurğulayıb.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna vətəndaşlarına müraciət edib. O, LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini söyləyib.
Ləman Qasımova
www.anews.az