1980-ci illər trendinin görünməyən tərəfi: Fotolarımız necə istifadə olunur?
Süni intellekt sistemlərinə yüklənən şəxsi fotolar üz həndəsəsi və yaş kimi biometrik məlumatların əldə edilməsinə imkan yarada bilər və həmin məlumatların gələcəkdə necə istifadə olunacağı məlum deyil. Bunu texnologiya və kibertəhlükəsizlik üzrə ekspert Cengiz Çalıkoğlu öz tvitter hesabında bildirib.
Sosial şəbəkələrdə istifadəçilərin fotolarını süni intellekt vasitəsilə 1980-ci illərin üslubuna çevirməsi son günlər populyarlaşıb.
“Süni intelektə yüklədiyimiz şey yalnız bir foto olmaya bilər. Fotonun arxasında üzümüz, üz həndəsəmiz, yaşımıza dair çıxarılan nəticələr, vizual xüsusiyyətlərimiz və süni intellektin həmin görüntüdən yarada biləcəyi yeni məlumatlar dayanır”, - texnologiya, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal transformasiya sahəsində çalışan Çalıkoğlu deyib.
Onun sözlərinə görə, istifadəçilər yüklədikləri məlumatların harada emal edildiyini, nə qədər müddət saxlanıldığını, hansı sistemlərdən keçdiyini və hansı məqsədlərlə istifadə oluna biləcəyini çox vaxt bilmirlər.
“Şifrənizi, telefon nömrənizi və elektron poçt ünvanınızı dəyişə bilərsiniz. Amma üzünüzü dəyişə bilməzsiniz. Buna görə də biometrik məlumatların təhlükəsizliyi adi fərdi məlumatların qorunmasından fərqli əhəmiyyət daşıyır”, — o bildirib.
Çalıkoğlu ABŞ Federal Ticarət Komissiyasının (FTC) araşdırdığı bir işi nümunə göstərib. Həmin işdə bir foto tətbiqinin istifadəçilərin şəkillərindən milyonlarla üz təsviri əldə etdiyi və bu məlumatları üz tanıma texnologiyalarının hazırlanmasında istifadə etdiyi iddia olunub. FTC şirkətdən üz məlumatları əsasında yaradılmış rəqəmsal göstəriciləri, modelləri və alqoritmləri silməyi tələb edib.
Ekspert ABŞ Milli Standartlar və Texnologiya İnstitutuna (NIST) istinadla bildirib ki, üz təsvirləri açıq mənbələrdən əldə edilə bildiyi üçün biometrik xüsusiyyətlər məxfi məlumat hesab edilmir, onların mərkəzləşdirilmiş şəkildə saxlanılması isə əlavə təhlükəsizlik və məxfilik riskləri yaradır.
Onun sözlərinə görə, bu cür şəkillər gələcəkdə “deepfake” materialların hazırlanması, üzlərin uyğunlaşdırılması, şəxsiyyətin təqlidi və müxtəlif məlumat bazalarının bir-biri ilə əlaqələndirilməsi üçün istifadə oluna bilər.
“Bu trendin kəşfiyyat əməliyyatı olduğunu demək üçün əlimizdə kifayət qədər sübut yoxdur. Amma daha vacib sual budur: mən öz məlumatımı hansı sistemə və hansı şərtlərlə təqdim edirəm?” - Çalıkoğlu deyib.
O bildirib ki, istifadəçilər foto yükləməzdən əvvəl məlumatların kimə məxsus olacağını, harada və hansı məqsədlə emal ediləcəyini, nə qədər saxlanılacağını və silinmə tələbindən sonra həqiqətən silinib-silinməyəcəyini yoxlamalıdırlar.
“Gələcəyin kibertəhlükəsizliyi yalnız kompüterlərimizi, telefonlarımızı və sistemlərimizi deyil, bizi tanımlayan məlumatları da qorumaq olacaq”, - Çalıkoğlu bildirib.
Gülnar Nazimqızı