Elon Muskı ilk trilyonerə çevirə bilər
ABŞ-ın kosmik texnologiyalar şirkəti olan SpaceX səhmlərinin ilkin kütləvi təklifini (IPO) səhm başına 135 ABŞ dolları səviyyəsində qiymətləndirib. Bu göstərici ABŞ tarixində ən böyük IPO-lardan birini reallaşdıraraq şirkətin bazar dəyərini təxminən 1,77 trilyon dollara yüksəldib.
IPO çərçivəsində 555,56 milyon səhmin satışı nəticəsində 75 milyard ABŞ dolları cəlb olunub. Bu, həm toplanan vəsaitin həcminə, həm də şirkətin qiymətləndirilməsinə görə rekord göstəricilərdən biri hesab olunur. Nəticədə, şirkətin əsas səhmdarı olan Elon Musk-ın sərvəti kəskin artaraq onu tarixdə ilk trilyonerə çevirə biləcək səviyyəyə yaxınlaşdırıb.
Cümə axşamı açıqlanan qiymətləndirmə aylarla davam edən hazırlıq prosesinin yekunu olub. Bununla belə, bəzi bazar analitikləri şirkətin yüksək qiymətləndirilməsinin əsaslandırılıb-əsaslandırılmadığı ilə bağlı suallar qaldırırlar. Onların fikrincə, kosmik texnologiyalar, peyk rabitəsi və süni intellekt xidmətləri sahəsində sürətli artım investor marağını gücləndirsə də, mövcud bazar dəyəri gələcək gəlirlərlə müqayisədə kifayət qədər yüksək görünür.
2002-ci ildə Elon Musk tərəfindən yaradılan SpaceX kommersiya kosmik uçuşları bazarının aparıcı şirkətlərindən biridir. Şirkət yenidən istifadə oluna bilən raket texnologiyaları, beynəlxalq kosmik missiyalar və qlobal internet xidməti təqdim edən Starlink peyk şəbəkəsi ilə tanınır.
Son illərdə süni intellekt infrastrukturu, məlumat ötürülməsi və kosmik xidmətlərə tələbatın artması investorların kosmik sənayeyə marağını artırıb. SpaceX-in rekord həcmli IPO-su da bu tendensiyanın davamı kimi qiymətləndirilir.
Əgər IPO-dan sonrakı bazar performansı gözləntiləri doğruldarsa, Elon Muskın şəxsi sərvəti 1 trilyon ABŞ dolları həddini keçərək onu dünya tarixində bu həddə çatan ilk şəxsə çevirə bilər. Bununla belə, yekun nəticə səhmlərin bazarda ticarətə başlamasından sonrakı qiymət dinamikasından asılı olacaq.
Gülnar Nazimqızı