Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanla diplomatik münasibətlərin qurulacağını və sərhəddə demarkasiya-delimitasiya prosesinin tamamlanacağını açıqlayıb.
Simonyan sentyabrın 24-də hökumətdə jurnalistlərlə söhbəti zamanı Ermənistanın enerji və xarici ticarət siyasətindən də danışıb.
“Biz bütün ölkələrdən qaz alacağıq, nüvə elektrik stansiyasını gücləndirəcəyik, günəş enerjisi sistemini gücləndirəcəyik, bütün ölkələrlə ticarət edəcəyik, yaxın gələcəkdə Türkiyə ilə sərhədi açacağıq, Azərbaycanla diplomatik münasibətlər quracağıq, son sülhə nail olacağıq, region ölkələri ilə həm iqtisadi, həm də siyasi baxımdan hər cəhətdən əməkdaşlıq edəcəyik, Azərbaycanla mümkün olan bütün yerlərdə demarkasiya və delimitasiyanı başa çatdıracağıq”, - Simonyan bildirib.
O, həmçinin Ermənistanın daxili vəziyyətinə toxunaraq deyib: “Hər şey çox yaxşıdır, çünki Ermənistan artıq dincdir, demokratik hökuməti və normal seçkiləri var”.
Gülnar Nazimqızı