Azərbaycan data mərkəzləri üçün yeni elektrik ötürmə xətləri quracaq - Prezident
Azərbaycan elektrik enerjisi potensialından süni intellekt və məlumat mərkəzlərinin inkişafı üçün istifadə etmək məqsədilə yeni ötürmə xətləri üzərində işləyir və mövcud şəbəkəni genişləndirir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.
“Bu potensialı iki istiqamətdə dəyərləndiririk: ölkə daxilində süni intellekt və məlumat mərkəzləri üçün maksimum istifadə etmək və elektrik enerjisini ixrac etmək. Ötürmə xətlərimiz var, amma onlar kifayət etmir. İndi yeni ötürmə xətləri üzərində işləyirik, mövcud olanları genişləndiririk”, - Əliyev deyib.
Onun sözlərinə görə, hökumət elektrik enerjisi istehsalında təbii qaz sərfiyyatını minimuma endirməyi və azad olunan qaz həcmlərini ixraca yönəltməyi planlaşdırır.
Prezident bildirib ki, Xəzərin Azərbaycan sektorunda külək enerjisi potensialı 157 giqavat qiymətləndirilir, quruda isə günəş və külək elektrik stansiyaları artıq fəaliyyət göstərir.
“Yaxın beş ildə bərpa olunan enerji Azərbaycanın hər yerində olacaq”, - Əliyev bildirib.
O həmçinin mədənçıxarma sektorunun inkişafı üzrə dördillik Dövlət Proqramının qəbul edildiyini və proqramın bu sahədə fəaliyyəti əhəmiyyətli dərəcədə artıracağını deyib.
Əliyevin sözlərinə görə, Azərbaycan son 20 ildə 350 milyard dollardan çox investisiya cəlb edib və bunun təxminən yarısını birbaşa investisiyalar təşkil edib.
İT üzrə ekspert İbrahim Əbdüləzizli bildirib ki, süni intellekt dövründə data mərkəzlərinin inkişafı üçün əsas amillərdən biri ucuz, sabit və yaşıl enerjiyə çıxışdır.
Onun sözlərinə görə, Azərbaycan enerji potensialından səmərəli istifadə etməklə enerjini yalnız xammal formasında deyil, hesablama gücü “compute” kimi də ixrac edə bilər. Azərbaycanın Avropa ilə Asiya arasındakı coğrafi mövqeyi, Rəqəmsal İpək Yolu və Transxəzər fiber layihələri isə ölkənin regional data mərkəzi imkanlarını artıran amillərdir.
Əbdüləzizli günəş, quruda və Xəzərin Azərbaycan sektorunda külək enerjisi potensialının data mərkəzləri üçün əlavə imkanlar yaratdığını qeyd edib. Bununla yanaşı, günəş və külək enerjisinin dəyişkən olması 24 saat fasiləsiz işləməli olan data mərkəzləri üçün enerji saxlama sistemlərinin və elektrik şəbəkəsinin modernləşdirilməsini zəruri edir.
Ekspert beynəlxalq internet bağlantılarının şaxələndirilməsini, yüksək tutumlu və alternativ fiber marşrutların yaradılmasını da əsas məsələlərdən biri hesab edir. O, həmçinin AI çiplərinə, xüsusilə GPU-lara çıxış, ixtisaslı kadr çatışmazlığı və kibertəhlükəsizlik məsələlərinin həll edilməli olduğunu bildirib.
Əbdüləzizlinin sözlərinə görə, data mərkəzlərinin inkişafı avadanlıq təchizatı, texniki xidmət, audit və təhlükəsizlik sahələrində yerli şirkətlər üçün yeni imkanlar yarada bilər. Əlçatan hesablama resurslarının artması isə yerli AI startaplarının xərclərini azaltmaqla fintech, gov-tech və Azərbaycan dilində süni intellekt məhsullarının inkişafına təkan verə bilər.
“Yaşıl enerji zəruri şərtdir, amma yetərli deyil. Azərbaycanın regional AI mərkəzinə çevrilməsi enerji ilə yanaşı, bağlantı, GPU çıxışı, kadr hazırlığı və data tənzimlənməsi məsələlərinin paralel həllindən asılıdır”, – Əbdüləzizli deyib.
İstiqamət- 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
Qeyd- Yazı Media və Yayım Şurasının maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Gülnar Nazimqızı