Spotify və TikTok Azərbaycanda ƏDV üzrə vergi uçotuna alınıb
İsveçin Spotify AB və Sinqapurun TikTok Pte. Ltd. şirkətləri Azərbaycanda ƏDV məqsədləri üçün vergi uçotuna alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, hər iki xarici rəqəmsal xidmət təchizatçısının ƏDV məqsədləri üçün qeydiyyatı oktyabrın 1-dən qüvvəyə minib.
Beləliklə, Dövlət Vergi Xidmətinin yaratdığı elektron qeydiyyat sistemi vasitəsilə Azərbaycanda vergi uçotuna alınan beynəlxalq rəqəmsal xidmət təchizatçılarının sırasına daha iki şirkət əlavə olunub.
Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına göstərilən xidmətlərə görə ödənişlər zamanı ƏDV banklar tərəfindən tutulmur. Bu halda vergi öhdəliyini həmin şirkətlər özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.
Dövlət Vergi Xidməti bildirib ki, beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə qoşulması rəqəmsal iqtisadiyyat üzrə yeni vergi mexanizminin tətbiqinə hazırlıq prosesinin əsas nəticələrindən biridir.
Qurum rəqəmsal iqtisadiyyatda müasir vergi inzibatçılığının və şəffaf biznes mühitinin formalaşdırılması, eləcə də vergi öhdəliklərinin yerinə yetirilməsi üçün yeni mexanizmlərin tətbiqini davam etdirir.