Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır - nazir
Azərbaycanda əməkhaqları və sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketinin hazırlanması üzərində iş gedir. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bunu Xankəndidə keçirilən “SOCGOV 2026” forumunda bildirib.
Nazir paketin nə vaxt təqdim ediləcəyi və artımların həcmi barədə məlumat verməyib.
Əliyevin sözlərinə görə, bu ilin ilk doqquz ayında nazirliyin elektron xidmətlərinə 5,4 milyon müraciət daxil olub, sosial təminat üzrə 200 min təyinat proaktiv qaydada aparılıb. Həmin dövrdə əmək, məşğulluq və sosial müdafiə sahələrində 590 min elektron arayış verilib.
Nazir bildirib ki, doqquz ay ərzində Mərkəzləşdirilmiş elektron informasiya sisteminə 316 milyon sorğu, müraciət və xidmət qeydə alınıb.
Əliyev sosial sahədə süni intellektin tətbiqinin prioritetlərindən danışarkən, əlilliyin qiymətləndirilməsində tibbi məlumatların təhlilinə kömək edən süni intellekt əsaslı həllin apreldə istifadəyə verildiyini deyib.
Gülnar Nazimqızı