Azərbaycan və Hindistan arasında birbaşa uçuşların sayının artırılması müzakirə olunacaq
Azərbaycan və Hindistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 23-də Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birgə keçirdiyi mətbuat brifinqində bildirib.
Nazir qeyd edib ki, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, son illərdə bu sahədə infrastrukturun inkişafı və imkanların genişləndirilməsi ölkənin tranzit potensialını artırır.
Onun sözlərinə görə, Hindistan kimi böyük iqtisadiyyata malik dövlətin Mərkəzi Asiya, Avropa və digər yaxın regionlarla əlaqələrə marağı nəqliyyat-logistika sahəsində əməkdaşlığı hər iki tərəf üçün aktual edir.
Bayramov Azərbaycan və Hindistan arasında birbaşa uçuşların həyata keçirilməsinin də mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, bu uçuşlar insanlar arasında əlaqələrin, turizmin, biznes münasibətlərinin və tələbələrin Azərbaycanda təhsil alması imkanlarının genişləndirilməsi baxımından vacibdir.
Nazir əlavə edib ki, birbaşa reyslərin sayının artırılması ilə bağlı aidiyyəti qurumlar arasında müzakirələr davam etdiriləcək. Hazırda iki ölkə arasında gündəlik iki reys həyata keçirilir.