Sanksiyalar Rusiya Mərkəzi Bankını iflic edib - TƏHLİL

01:08 | 01.03.2022
Sanksiyalar Rusiya Mərkəzi Bankını iflic edib - TƏHLİL

Sanksiyalar Rusiya Mərkəzi Bankını iflic edib - TƏHLİL

Qərbin yeni sanksiyaları Rusiya Mərkəzi Bankının qızıl-valyuta ehtiyatlarından istifadə imkanlarını məhdudlaşdırıb və bu səbəbdən  tənzimləyici orqan fevralın 28-də rublun məzənnəsini dəstəkləməyə yönəlmiş valyuta intervensiyaları həyata keçirə bilməyib. 

ABŞ və Avropa Birliyi ölkələri  Moskvanın  Ukraynaya təcavüzünə cavab olaraq bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sisteminə çıxışını əngəlləyən addımlar atıb. Qərb həmçinin Rusiya Federasiyası Mərkəzi Bankının valyuta ehtiyatlarını da sanksiya altına alıbdır. 
    
Hərbi təcavüzünü "demilitarizasiya və denazifikasiya” məqsədi daşıdığını bildirən Rusiya  Ukraynaya qarşı hərbi əməliyyatlara başladığı gün, yəni fevralın 24-də rublun çökməsinin qarşısını almaq üçün  öz valyuta ehtiyatlarının bir hissəsini açıq bazarda satmaq məcburiyyətində qaldı. 
    
"Cümə axşamı və cümə günləri Rusiya Mərkəzi Bankı valyuta intervensiyaları həyata keçirib. Cümə axşamı - 1 milyard dollar və bundan bir qədər az məbləğdə isə cümə günü intervensiya əməliyyatları reallaşdırdıq. Valyuta və qızıl ehtiyatlarımızdan istifadənin məhdudlaşdırılması səbəbindən bu gün eyni addımı ata bilmədik”, - Rusiya Mərkəzi Bankının rəhbəri Nabiullina bildirib.
    
"Yeni xarici sanksiyalar rublun məzənnəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxardı. Odur ki, maliyyə sabitliyini təmin etmək üçün geniş alətlərdən istifadə etməliyik", -  Mərkəzi Bank rəhbəri əlavə edib.
    
Rublun dəstəklənməsi üçün ehtiyat aktivlərdən istifadənin qeyri-mümkünlüyü fonunda Maliyyə Nazirliyi və Mərkəzi Bankın rəsmiləri ixracatçıları fevralın 28-dən etibarən valyuta gəlirlərinin 80%-ni bazarda satmağa məcbur etdilər. 


"Bu tədbir idxalçıların və vətəndaşların tələbatını ödəmək üçün daxili valyuta bazarında vahid valyuta tədarükünü təmin edəcək. Eyni zamanda, biz qeyri-rezidentlər tərəfindən kapital ixracının məhdudlaşdırılmasına yönəlmiş bir sıra addımlar həyata keçiririk", Nabiullina deyib.
    
    UÇOT DƏRƏCƏSİNİN  ARTIMI


    
Nabiullina  etiraf etdi ki, Rusiya iqtisadiyyatı üçün şərtlər kəskin şəkildə dəyişib.  Qərbin sanksiyaları fonunda rublun ucuzlaşması inflyasiyaya təkan verdiyi üçün Mərkəzi Bank uçot dərəcəsini əvvəlki 9,50%-dən 20%-ə qaldırmaq qərarına gəlib.
    
"Məzənnənin dinamikası  malların hazırkı qiymətlərinə təsir edir, devalvasiya və inflyasiya gözləntilərinin kəskin artmasına səbəb olur. Əmanətlərin cəlbediciliyini saxlamaq və vətəndaşların əmanətlərini ucuzlaşmadan qorumaq üçün  faiz dərəcələrini vətəndaşların artan inflyasiya risklərini kompensasiya edəcək səviyyəyə çatdırmaq lazımdır”, - RMB rəhbəri bildirib.
    
Qərbin yeni sanksiyaları altında qalan Rusiya Federasiyasının ikinci ən böyük dövlət bankı VTB  Mərkəzi Bankın qərarından sonra fevralın 28-dən əmanət məhsulları, o cümlədən xarici valyutada depozitlər üzrə faiz dərəcələrini artıracağını açıqlayıb. Rublda olan əmanətlər və hesablar üzrə faiz dərəcələri illik 18%-ə, dollarda olan  əmanətlər üzrə 5%-ə, avroda - 4%-ə çatacaq.
    
Nabiullinanın sözlərinə görə, Mərkəzi Bank pul siyasəti ilə bağlı gələcək qərarlarını  vəziyyətin faktiki dəyişməsi, risklərin qiymətləndirilməsi və ilk növbədə xarici faktorlar  baxımından müəyyən edəcək.
    
"Pul siyasəti maliyyə və qiymət sabitliyinin qorunmasına yönəldiləcək", - Mərkəzi Bankın rəhbəri bildirib.
    
Rusiya Mərkəzi Bankının  məzənnə ilə bağlı planlaşdırılan növbəti iclası martın 18-ə planlaşdırılıb. Lakin vəziyyət pisləşərsə, tənzimləyici həmişə direktorlar şurasında bu məsələyə baxa bilər. 


Nabiullina mövcud vəziyyəti "qeyri-standart" adlandıraraq Rusiya Mərkəzi Bankının çox çevik siyasət yeridəcəyini bildirib. 


Tənzimləyici təşkilatın  rəhbərinin fikrincə  Mərkəzi Bank artıq bankları  nağd və nağdsız şəkildə rublla təmin edir, nağd pula yüksək tələbat səbəbindən bank sektoru likvidlik baxımından çatışmazlıqlarla üzləib. 


Rusiya Mərkəzi Bankının məlumatına görə, fevralın 28-də bank sisteminin struktur kəsiri cümə günündəki 11 milyard rubladan 2,9 trilyon rubla, bankların Mərkəzi Banka borcu isə 3,20 trilyon rubldan 5,85 trilyon rubla kimi artıb. 


"Banklar lazım gələrsə likvidliklərini artırmaq üçün Mərkəzi Bankdaolan girovlarından istifadə edə bilərlər", - Nabiullina bildirib.
    
O, banklara dəstək üçün lazımi tədbirləri tezliklə görəcəyinə söz verib.
   
 "Biz bankların yeni şəraitdə işləməsini asanlaşdıracaq mexanizmlərə olan tələbatını monitorinqini davam etdirəcəyik”, - Nabiullina deyib.


Antitsiklik makroprudensial siyasətin bir hissəsi olaraq, Rusiya Mərkəzi Bankı bütün növ kreditlər üçün yığılmış buferləri ləğv edib və bu tədbirlər, Nabiullinanın fikrincə, bankların kapitalının 900 milyard rubl artmasına kömək edəcək. 


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb