Günü-gündən məşhurlaşan “Nikolya Şokolad Muzeyi” - REPORTAJ

09:30 | 21.05.2015
Günü-gündən məşhurlaşan “Nikolya Şokolad  Muzeyi” - REPORTAJ

Günü-gündən məşhurlaşan “Nikolya Şokolad Muzeyi” - REPORTAJ

Rüstəm Qasımov 

Dünyaca məşhur "Nikolya Şokolad Muzeyi” dünyanın 40 şəhərini gəzdikdən sonra Bakıda da açıldı. Bu tədbir üçün geniş reklam kampaniyası aparılmışdı. Qonaqlar Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində toplaşmışdılar. 
 
 

Tədbiri Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Fikrət Babayev açıb. O vurğulayıb ki, burada 250 adda müxtəlif növ şokolad heykəlcik, əşyalar, rəsmlər, miniatürlər formasında sərgilənməkdədir. Onların ümumi çəkisi 700 kq təşkil edir.
 
 

Belarusun Azərbaycandakı səfiri, Nikolay Paçkeviç qeyd edib ki, məşhur şokolad ustası Nikolay Popov Azərbaycan və onun paytaxtı Bakı üçün şokoladdan incəsənət əsərləri hazırlayıb. 
 
 

Bu haqda eşidən kimi dərhal ora baş çəkdim. Muzey Mərkəzinə yaxınlaşdıqda orada çoxlu sayda insan kütləsi gördüm. Bu məni sevindirdi. İncəsənət tədbirləri boş qalmamalıdır. Qeyd edim ki, bu sərginin açılışı deyildi, adi günlərdən biri idi. Zalda çoxlu sayda insan gördükdən sonra bu marağın səbəbini öyrənməyə çalışdım. 
 
 

Məlum oldu ki, məşhur şokolad ustası burada şokoladdan hazırlanmış sənət nümunələrini nümayiş etdirir. Burada hər kəs öz cibi və zövqünə uyğun şokolad tapa bilər. 
 
 

Yuxarı mərtəbəyə çıxdıqda daha çox insanlarla qarşılaşdım. 
 
 

Muzey Mərkəzinin direktoru Liana Vəzirova bizi çox xoş şəkildə qarşıladı. 
 
 

Muzey Mərkəzinə daxil olduqda özünü çox doğma məkanda hiss edirsən. Qeyd edim ki, Liana xanım tərəfindən təşkil edilən istənilən incəsənət tədbiri öz yüksək keyfiyyəti ilə seçilir, çünki o və onun komandası bu işə həm də ürəyini qoyur. Bütün bunları məkanın quruluşu və sərgilənən eksponatların yerləşdirilmə yerləri sübut edir. 
 
 

Liana xanım deyir ki, bütün eksponatlar şokoladdan hazırlanıb. Ona görə də muzeydə havanın istilik dərəcəsinin 22 selsidən yuxarı qalxmamasına diqqət edilir. "Nikolay Adına Şokalad Muzeyi” prezentasiyalar, master-klasslar da keçirməyi nəzərdə tutub. Şokoladdan istifadə edib incəsənət əsərləri yaratmaq istəyən insanlar bura gələ bilər. Muzeyin direktoru qeyd etdi ki, tədbir başa çatdıqdan sonra sərginin təşkilatçıları "Qız qalası”, "Flame Towers”, "Muzey Mərkəzi” adlı şokolad eksponatları hədiyyə kimi bizə verəcəklər. Ona görə də eyni adlı muzeydən bizdə də açmaq lazımdır. 
 
 

Liana xanım qeyd etdi ki, bu sərginin keçirilməsinə hələ bir neçə ay bundan öncə başlanılıb. "Bu Nikolay Popovun şəxsi muzeyidir və o sadəcə ləqəb kimi Nikolay adından istifadə edir”. Muzeyin simvolu Eyfel Qülləsidir, çünki Nikolay şokalad işini Fransada öyrənib. Sərginin keçirilməsidən öncə muzeyin əməkdaşları bura gəlib baxış keçirdi. Sərginin keçirilməsi ilə bağlı bütün məsələləri razılaşdırdıqdan sonra onun açılış tarixçəsi kimi 15 May seçildi”.  
Bundan sonra sərgiyə tamaşa etməyə başladım. 
 
 

Mərkəzdəki vitrində sərgilənən eksponatlar diqqəti çəkirdi. 
 


 

"XV-XVII əsrin silahları” adlanan orta əsr silahları çox canlı görünürdü. Bir eksponatın hazırlanması üçün bir gün vaxt lazım olur. 
 



 

Burada şokoladdan hazırlanmış alətlər sərgilənir. 

Qeyd edim ki, hər bir tumbanın qarşısında eksponatın nədən və necə hazırlanması haqqında lövhələr var. 

Sərgidə çox adamın iştirak etməsi adamı sevindirir. Burada müəllimlər və onların şagirdləri də var idi. Mən belə tədbiri uzun müddət idi ki, görmürdüm. 

 

Divarlardan asılmış lövhələrdə şokoladın tarixcəsi və onun haqqında maraqlı məlumatları oxumaq olardı. Girişdəki şahmat fiqurlarından olan eksponat maraqlı idi. 
 
 

Sərginin şah əsəri təbii ki, Eyfel Qülləsi idi. Onun hazırlanmasına üç həftə lazım gəlir. Qüllənin uzunluğu 2 metr, çəkisi 45 kq-dır. Qüllənin bütün detalları isti şokolad vasitəsi ilə yapışdırılıb. 
 
 

Paytaxtın gözəl abidəsi - "Qız qalası”. Onun çəkisi 70 kq idi. 
 
 

Mənim daha çox diqqətimi çəkən eksponat isə "Kareta” adlı eksponat idi. Bu kimi orijinal eksponatı hazırlamaq üçün ustaya beş gün lazım olub. 

Ağ şokoladdan hazırlanmış pianino mənim çox xoşuma gəldi. 

Müəllifin fotolarının birində bu kompozisiya haqqında məlumat verilir. Məlum oldu ki, Nikolay Popov kolleksiyanı hazırlamaq üçün 700 kq şokoladdan istifadə edib. İlk dəfə Belarusiyanın paytaxtı Minskdə sərgilənən bu eksponatları 4 ay ərzində 45 000 insan ziyarət edib. 

Eksponatların hamısı yeyiləndir. İstənilən eksponatı yemək olar. 

Qeyd edim ki, Nikolay Popovun bu muzeyi dünyada çox məşhurlaşıb. Cəmi 5 il ərzində onu 500 000 insan ziyarət edib. 

Muzeyə giriş böyüklər üçün 7 Azn, kiçiklər üçün 3 Azn, 6 yaşdan aşağı olan uşaqlar üçün isə pulsuzdur. Çoxuşaqlı ailələr və 15 nəfərlik qruplar üçün endirimlər var. 

Sərgi iyun ayının 28-nə kimi davam edəcək. 

Ziyarətimin sonunda demək istəyirəm ki, mən ondan çox xoş təəssüratla ayrıldım. Başqa ziyarətçilərin üzlərində olan təbəssümə əsasən də deyə bilərəm ki, onlar da sərgidən zövq aldılar.

Ölkəmizdə keçirilən mədəni tədbirləri diqqətindən kənar qoymayan ANN.AZ portalı sizi muzeydən çəkilmiş şəkillələr baş-başa buraxır. 


















 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb