SOS: Bakı marketlərində korluğa səbəb olan məhsullar satılır

14:10 | 05.12.2014
SOS: Bakı marketlərində korluğa səbəb olan məhsullar satılır

SOS: Bakı marketlərində korluğa səbəb olan məhsullar satılır

Xəzərdə nərəkimilərin ovuna dörd ildən çoxdur ki, qadağa qoyulsa da Bakı restoranlarında rahatlıqla bu balıqlardan sifariş etmək mümkündür.

Bu sırada hətta şəhərin çox tanınmış restoranları da yer alır. Şəhərin tanınmış restoran şəbəkələrindən birinə əməkdaşımız tərəfindən edilmiş telefon zənginə cavab olaraq ağ balığın porsunun 22 manata çıxdığını bildiriblər. Restoranda digər nərə balıqların porsunun qiyməti isə 20-25 manat arasında dəyişir.

Ağ balıq da nərəkimilər sinfinə daxildir - vəhşi fauna və flora növlətinin beynəlxalq ticarəti haqqında konvensiyanın (CİTES) tövsiyyəsi ilə Xəzəryanı ölkələr bu balığın ovlanmasına qadağan qoyublar. Bunun da səbəbi aydındır. Qadağana qədər adı Qırmızı Kitaba düşmüş bu balığın 90 faizə qədəri Xəzər akvatoriyasında tutulurdu.

Nərə balıqları Bakı bazarlarında da sərbəst satılır. Araşdırmalarımıza görə, Bakıda yerli nərə balıqları əsasən 8-ci kilometr bazarına çıxarılırr, kiloqramı təxminən 60-70 manata almaq mümkündür. İrandan gətirildiyi iddia edilən nərə balıqları isə nisbətən ucuzdur, onun kiloqramını 40-45 manata təklif edirlər.

Qadağan olunmasına baxmayaraq, Bakıda qara kürü də tapmaq mümkündür. Onların arasında ən bahalısı uzunburun kürüsüdür. Bu kürünün kiloqramı 2500 - 3000 manat arasında dəyişir. Nərə və ağ balıq kürsünü isə kiloqramı 1500 -2000 manatdan almaq mümkündür. Kürü məhsullarını və nisbətən bahalı nərə balıqları əsasən xüsusi sifariş əsasında Təzə bazardan tapmaq olur.

Balıqçıların dediyinə görə, nərə balıqları bazara çevik brakonyer qrupları tərəfindən çıxarılır. "Onlar bayder tipli gəmilərlə Xəzərin içərilərinə gedib balığı Qazaxıstan tərəfdən tuturlar. Kiçik qayıqlarla yalnız kütüm, sudaq və s. kimi balıqları tutmaq olur. Nərə tutan balıqçıların əksəriyyəti silahlı olur və bazarda heç kim onlara söz deyə bilmir”,- deyə Neftçala balıqçılarından biri bildirib.

Neftçalalı balıqçının dediyinə görə, silahlı brakonyerlər balıq ehtiyatını vəhşicəsinə talayırlar: "Sovet vaxtı biz balıq tutanda 3-4 kiloqramlıq nərə balıqlarını geri dənizə buraxırdıq. Tutulan balıq 7-8 kiloqramdan ağır olmalı idi. İndi bazara baxın, əsasən 1,7-2 kiloqramlıq balıqlar satılır”.


150 ilə qədər ömrü olan nərə balıqları yalnız 13-14 yaşlarında yetkinliyə çatırlar və artmağa başlayırlar. Onlar yalnız 3-4 ildə bir dəfə kürü tökməklə arta bilirlər. Buna görə də sovet standartlarına görə 7-8 kiloqram çəki yığmayan balıqlar tutula bilməzdi. Bundan aşağı çəkili balıqların tutulması nərələrin nəslini kəsə bilər.

Ümumiyyətlə, Kürdə gəmilərin hərəkəti dayanandan sonra brakonyerlər çayın deltasını torla bağlayıblar və nərə balıqları çaya sərbəst daxil ola bilmirlər. Bu isə onların çayda Kürü tökərək artmasına imkan vermir. Halbuki, 1989-cu ilə kimi Mingəçevirdə balıqların dəryaçaya qalxması üçün xüsusi balıq yolu fəaliyyət göstərib. Xəzər sularında ov edən silahlı qruplar indi əsasən 3-4 kiloqramlıq nərələri ovlayırlar ki, bu da balıqların dənizdə də artmasına imkan vermir.

Tanınmış ekoloq, biologiya üzrə fəlsəfə doktoru Telman Zeynalovun bildirdiyinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) balıqların mühafizəsi üzrə xidmətinin əməkdaşları silahlı brakonyer qruplarla mübarizə aparmaq imkanında deyil: "Əvvəllər balıqların mühafizəsi üzrə xidmətin işçilərində silah vardı. Sonradan onlardan həmin silahları yığdılar. ETSN işçiləri qorxudan həmin balıqçılara yaxınlaşa bilmirlər”.

Düzdür ETSN mütəmadi olaraq bu sahədə aparılan mübarizə barədə məlumatlar yayır. Məsələn, 2014-cü ilin 9 ayında 6 balıqçı qayığı, 700 tor, 740 ədəd müxtəlif növ balıq müsadirə edilib, 28 nəfər məsuliyyətə cəlb edilib. Amma bu yetərli deyil, hər halda, bu məlumatlarda Xəzərdə nərə kimi ovlayan hansısa bayder tipli gəminin saxlanıldığı qeyd edilmir. Buna görə də, Telman Zeynalov bu problemlə mübarizə aparmaq üçün ölkə başçısı yanında xüsusi komissiya yaradılmasını vacib sayır.

Təbii ki, bu cür qeyri-qanuni yollarla əldə edilən məhsul çox bahadır və onları əsasən elitar restoranlarda, zəngin toylarında dadmaq olar. Orta səviyyəli Azərbaycan istehlakçısı həmin məhsuldan istifadə edə bilmir və daha çox Kürün aşağı axarında yetişdirilən gölməçələrdə yetişdirilən balıqlarla qidalanmağa məcbur olur.

Balıqçıların dediklərinə görə, təkcə Neftçalada 100-ə yaxın belə təsərrüfat var və Bakıya bu gölməçələrdən gün ərzində təxminən 2 tona yaxın balıq daxil olur. Dənizdə tutulan balıqların kiloqramı 7-8 manata satıldığı halda, gölməçə balıqlarının kiloqramı 5 manatdan təklif edilir. Amma bununla belə 1 milyondan çox ailənin yaşadığı Bakı bu balıqlara çox az maraq göstərir. Adambaşına 200 qram belə etmir. Halbuki normaya görə, insan ildə ən azı 22 kiloqram balıq yeməlidir.

Səbəbi isə gölməçədə süni yolla yetişdirilən balıqların dəniz və çay balığı ilə müqayisədə dadsız olmasındadır. Buna görə də sakinlər belə balığı yeməyə maraq göstərmirlər. Paytaxtda belə bir fikir var ki, gölməçə balıqlarını peyinlə qidalandırırlar, buna görə də onlar dadsız olur.

Son zamanlar populyar KİV-lərdə gedən məlumatlarda bu balıqların yetişdirilməsində xüsusi hormonlardan, azot əsaslı maddələrdən istifadə edildiyi də vurğulanır. Əsasən, Vyetnamda və Norveçdə bu texnologiya ilə yetişdirilən bu cür balıqların ətinin qırmızı olması üçün onlara xüsusi rəngləyici yemlər verirlər. Bu balıqlardan Bakı supermarketlərində də geniş satılır. Həmin məhsulları alan müştəri ikinci dəfə almağa risk eləmir. Rusiya tədqiqatçıları belə balıqların xərçəngə səbəb olduğunu, mədə-bağırsaq və görmə ilə bağlı problemlər yaratdığını bildirirlər. Buna görə, Bakıdada bir müştərilər gölməçə balıqlarını hətta broyler toyuğu kimi təhlükəli sayırlar.

Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Namiq Mustafayev isə bu deyilənləri bir qədər şişirdilmiş sayır: "Broyler toyuğu kənd toyuğuna nisbətən çox keyfiyyətsizdir. Amma balıqlarda belə deyil, gölməçədə süni yolla yetişdirilən balıq təbii balığa nisbətən keyfiyyətsiz və dadsızdır, amma təhlükəli deyil. Çünki hormonlar və çəki artıran prepartalar istifadə edilmir”.

Namiq Mustafayevin sözlərinə görə, gölməçə balıqlarını dadsız edən sadəcə texnologiyaya düzgün riayət edilməməsidir: "Hər payız gölməçələrin suyu buraxılmalıdır. Daha sonra onun dibinə peyin tökülməlidir ki, balıqlar onun tərkibindəki soxulcanlarla və digər canlılarla qidalana bilsin. Qidalara gəldikdə isə, bəzi balıqlar, məsələn, çəki arpa, buğda, qarğıdalı yarması ilə qidalandırılır. Bəzilərinə isə konserv zavodlarının tullantılarını verirlər. Bəzi balıqlar isə, məsələn indi bazarda geniş satılan xanı balığı, ümumiyyətlə, otla qidalandırılır. Onun gölməçəsinə qamış, yonca biçib tökürlər. Bu cür məhsul yetişdirmək hektarbaşına heyvandarlıqla müqayisədə 10-15 dəfə rentabellidir. Göründüyü kimi, heç bir hormonal əlavədən istifadə edilmir. Ona görə də çəkinmədən həmin balıqlardan istifadə etmək olar”. (ANSPRESS)
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb