Tbilisidə etiraz aksiyası dağıdıldı

13:40 | 26.11.2019
Tbilisidə etiraz aksiyası dağıdıldı

Tbilisidə etiraz aksiyası dağıdıldı

Gürcüstanın xüsusi təyinatlıları parlament binasını, Rustaveli prospektini etirazçılardan təmizləyiblər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, xüsusi təyinatlılar aksiyanı dağıtmaq üçün su şırnaqlarından istifadə ediblər. Nəticədə iki etirazçı yaralanıb. Onlardan birinin gözü zədələnib, digərinin qolunda və üz sümüyündə sınıqlar aşkar edilib.

"Hadisə mənim yanımda baş verdi. Su şırnaqlarından istifadə zamanı təəssüf ki, bir nəfər gözündən yaralandı. Lakin bizə xəstəxanadan bildirdilər ki, onlar həmin şəxsin gözünü xilas edə biliblər”, - deyə Vahid Milli Hərəkat Partiyasının üzvü Zaal Udumaşvili bildirib.

Qeyd edək ki, xüsusi təyinatlılar aksiyaçıların təmizlənməsi əməliyyatına bu gün səhər saat 5-6 radələrində başlayıblar. Əməliyyat zamanı etiraz aksiyasının 20 iştirakçısı saxlanılıb.

Bundan sonra Gürcüstan parlamentinin plenar iclası bu gün saat 12:00-a təyin edilib.
Xatırladaq ki, millət vəkilləri proporsional seçki sisteminə keçidlə bağlı Konstitusiyaya düzəlişi qəbul etmədikləri üçün noyabrın 14-dən Tbilisidə etiraz aksiyaları başlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM