Təşviqatda qadağalar

13:50 | 06.10.2015
Təşviqatda qadağalar

Təşviqatda qadağalar

1 noyabr parlament seçkisinin təşviqat mərhələsi oktyabrın 9-dan başlayır. Mərkəzi Seçki Komissiyasının üzvü Almas Qəhramanlı "Azərbaycan” qəzetinə seçkiqabağı təşviqatın anlayışı, subyektləri və aparılmasına dair ümumi tələblər barədə yazıb. O qeyd edir ki, seçkiqabağı təşviqat 9 oktyabrdan başlayaraq 31 oktyabr səhər saat 8-ə qədər olan müddətdə aparılmalıdır: "Seçkiqabağı təşviqatı Milli Məclisə seçkidə iştirak etmək üçün qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları və bu subyektlərin adından onların səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxslər apara bilər.

Xarici dövlətlər, xarici hüquqi şəxslər, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, 18 yaşına çatmamış vətəndaşlar, beynəlxalq təşkilatlar və beynəlxalq ictimai hərəkatlar, dövlət hakimiyyəti orqanları və bələdiyyə qurumları, dövlət və bələdiyyə qulluqçuları, hərbi qulluqçular, xeyriyyə təşkilatları, dini birliklər, dini idarə və təşkilatlar, seçki komissiyaları, seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri və digər vəzifəli şəxslərinin seçkiqabağı təşviqat aparması, seçkiqabağı hər hansı təşviqat materiallarını yayması qanunla qadağan edilir.

Xarici dövlətlərin, xarici hüquqi şəxslərin, xarici vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin, dövlətin və bələdiyyənin seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxslərinin nizamnamə kapitalında iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, həmin hüquqi şəxslərin də hər hansı bir seçkiqabağı təşviqat aparması yolverilməzdir. Bu qadağalar öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında vəzifədə olan şəxslərə də şamil edilir”.

MSK üzvü yazır ki, seçkiqabağı təşviqat kütləvi informasiya vasitələri ilə, kütləvi tədbirlərin keçirilməsi yolu ilə, çap, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu ilə və qanunla qadağan edilməyən digər üsullarla aparılır: "Mülkiyyət növünə və yayım imkanlarına görə Azərbaycan Respublikası ərazisinin yarısına, yarısından çoxuna, yaxud azına yayımlanan ictimai teleradio verilişləri təşkilatlarının və onların müvafiq bölmələrinin, təsisçiləri fiziki və hüquqi şəxslər olan və xüsusi mülkiyyətə əsaslanan teleradio verilişləri təşkilatlarının, təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olan və ya dövlət büdcəsindən maliyyələşən, Azərbaycan Respublikası ərazisinin yarısına, yarısından çoxuna, yaxud azına yayımlanan və həftədə azı bir dəfə çıxan dövlət dövri mətbuat nəşrlərinin və təsisçiləri ayrı-ayrı fiziki və ya hüquqi şəxslər olan özəl dövri nəşrlərin seçkiqabağı təşviqat prosesində iştirakı nəzərdə tutulur.

İctimai teleradio təşkilatlarının seçkiqabağı təşviqat üçün ayırdığı efir vaxtı və dövlət dövri mətbuat nəşrlərinin seçkiqabağı təşviqata dərc üçün ayırdığı yer ödənişsiz və ödənişli əsaslarla həyata keçirilir. Özəl teleradio təşkilatları və özəl dövri nəşrlər isə yalnız ödənişli əsaslarla təşviqata qatıla bilər. Seçkiqabağı təşviqat materiallarının efirə verilmə və ya dərc olunma şərtləri bütün namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün eyni olmalıdır”.

MSK rəsmisi bildirir ki, kütləvi tədbirlər yolu ilə seçkiqabağı təşviqat yığıncaqlar, vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və sair formalarda aparılır:

"Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları çap, audiovizual və digər seçkiqabağı təşviqat materialları buraxmaq hüququndan istifadə etməklə də seçkiqabağı təşviqat apara bilərlər. Seçkiqabağı çap və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumat olmalıdır”.

Seçkiqabağı təşviqat zamanı sui-istifadə hallarına yol verilməməsi məsələsinə toxunan Almas Qəhramanlı yazır: "Seçkiqabağı təşviqat zamanı təşviqat aparmaq hüququna malik olan subyektlərin təşkilati işləri yerinə yetirməsi məqsədi istisna olmaqla seçicilərə pul vəsaiti, maddi sərvət, qiymətli kağızlar, hədiyyələr vermək və onları qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkmək, dövlət və bələdiyyə mülkiyyətində olan nəqliyyat vasitələrindən pulsuz istifadə etmək, dövlət orqanlarının və bələdiyyə qurumlarının fəaliyyətini təmin edən rabitə və informasiya vasitələrindən istifadə etmək, xeyriyyə fəaliyyəti ilə məşğul olmaq, malların güzəştli satışını keçirmək, hər hansı malı pulsuz vermək, əvəzsiz və ya güzəştli şərtlərlə xidmətlər göstərmək, seçicilərə mükafat və bəxşiş təklif etmək, seçicilərə səsvermənin nəticəsindən asılı olaraq mükafatlandırmanı vəd vermək, onları cəza ilə hədələmək, təzyiq göstərmək və digər qanunazidd üsullarla səsverməyə və ya səsvermədən çəkinməyə sövq etmək, digər namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təşviqat kampaniyalarına müdaxilə etmək və pozmaq, onların seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olmaq, təşviqat plakatlarını və digər təşviqat materiallarını məhv etmək və korlamaq, seçkiqabağı kütləvi tədbirlərin keçirilməsinə mane olmaq, öz peşə fəaliyyəti ilə məşğul olan KİV nümayəndələrinin işinə mane olmaq yolverilməzdir.

Hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etmək və bu cür materiallar yaymaq, vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr, sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan, əqli mülkiyyət haqqında qanunvericiliyi pozan təşviqatın aparılması qadağandır”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb