Ukrayna-Avropa sazişi təxirə salındı

15:41 | 13.09.2014
Ukrayna-Avropa sazişi təxirə salındı

Ukrayna-Avropa sazişi təxirə salındı

Avtropa İttifaqı, Rusiya və Ukrayna arasında cümə günü əldə edilmiş razılaşmaya əsasən  Ukraynanın Avropa İttifaqı ilə azad ticarət zonası barədə sazişinin icrası 2015-ci ilin sonunadək təxirə salınır.

Bu barədə məlumatı Avropa İttifaqının ticarət komissarı Karel De Gucht elan edib.

Onun sözlərinə görə Aİ Ukraynadan Avropaya ixrac olunan mallara verilmiş imtiyazlı tarifləri dayandırmır.

Lakin Avropadan Ukraynaya gətirilən mallara əvvəllər olduğu kimi köhnə tariflər şamil ediləcək.

Avropa İttifaqının ticarət komissarı Karel De Gucht Reuters agentliyinə bildirib ki, sazişin təxirə salınması sonradan qalxa biləcək bir sıra problemlərin müzakirəsinə imkan yaradacaq.

Ukraynada sabitliyin qorunması naminə

Cənab De Gucht əlavə edib ki, belə bir qərar Ukraynada sabitliyin qorunub saxlanmasına kömək edəcək.

Bundan bir qədər əvvəl Avropa İttifaqının ticarət komissarı Ukrayna və Rusiya nümayəndələri ilə ayrıca danışqılar aparmışdı.

Təxirə salma barədə sazişdə deyilir ki, əldə olunmuş keçid müddətində Rusiyanı narahat edən məsələlər müzakirə olunacaq.

Mətbuat yada salır ki, keçmiş prezident Victor Yanukovych-in Avropa İttifaqı iilə assosiasiya sazişini imzalamaqdan imtina etməsi “Avromeydan” hərəkatını yenidən qızışdırmış və son nəticədə prezidentin devrilməsinə səbəb olmuşdu.

Kiyev Avropa ilə sazişi ratifikasiya edəcək

Ukraynanın yeni prezidenti Petro Poroshenko sazişin iqtisadiyyat hissəsini iyunun 26-da imzalamışdı. Siyasi hissə bundan əvvəl, hələ mart ayında imzalanmışdı.

Avropa rəsmiləri etiraf ediblər ki, Ukrayna-Avropa sazişinin təxirə salınması Moskva ilə mümkün qarşıdurmadan yan keçmək niyyəti ilə bağlıdır.

Bununla belə, əldə olunmuş üçtərəfli razılaşmaya baxmayaraq, Avropa və Ukrayna parlamentləri assosiasiya sazişini planlaşdırıldığı kimi bu həftə ratifikasiya edəcəklər.

Moskva-Kiyev və Brüssel arasında əldə olunmuş razılığa əsasən Ukrayna Avropadan idxal olunan mallara köhnə rüsumları tətbiq etməkdə davam edəcək. Cənab De Gucht bildirib ki, bu Moskvanın tələblərindən biri idi.

14 ayda dünya dağılmayacaq

O etiraf edib ki, iki tərəf arasında imzalanmış sazişə üçüncü tərəfin, yəni Rusiyanın müdaxiləsinə yol veriməsi pis presendentdir.

“Lakin dünya pis presedentlər üzərində qurulub” – deyib Avropa komissarı.

Cənab De Gucht ümid etdiyini bildirib ki, belə bir güzəşt Ukraynada yaranmış çox təhlükəli vəziyyətlə bağlı olub.

“Çox mürəkkəb vəziyyətdir, müharibə vəziyyətidir” – deyib De Gucht.

“14 aylıq ləngimə ilə dünya dağılmayacaq” – deyə əlavə edib Avropa rəsmisi.

Moskva Kiyev və Brüssel arasında imzalanmış assosiasiya sazişinə etiraz edərək bildirirdi, əgər saziş noyabrın 1-dən qüvvəyə minərsə, Rusiya Ukrayna ilə bütün güzəştli ticarətini dayandıracaq.

Rusiya hədələyərək işarə etmişdi ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyi onun Avropa İttifaqı ilə sazişinin icrasından asılı olacaq.

Azadliq.org

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb