Unudulmaz aktyorun 100 illik yubileyi qeyd edildi - Fotolar

16:02 | 16.10.2015
Unudulmaz aktyorun 100 illik yubileyi qeyd edildi - Fotolar

Unudulmaz aktyorun 100 illik yubileyi qeyd edildi - Fotolar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq Artisti, tanınmış teatr və kino aktyoru  Süleyman Ələsgərovun anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə yubiley iştirakçıları teatrın foyesində unudulmaz sənətkarın zəngin yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.
 
 
Mərasimdə teatrın akrtisası, Əməkdar Artist Gülər Nəbiyeva unudulmaz sənətkarın övladı Sevil xanımın obrazını canlandıraraq onun keçdiyi həyat yolu, təhsili, teatra olan sonsuz məhəbbəti, Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində  canladırdığı və möhürünü qoyduğu bir-birindən maraqlı tamaşalar haqqında ətraflı məlumat verib.
 
 
Xalq artistləri Cəfər Namiq Kamal, Tariyel Qasımov, Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar Artistlər Lətifə Əliyeva, Nübar Novruzova çıxış edərək S.Ələsgərovla bağlı xatirələrini bölüşərək tərəf müqabili olduqları səhnə əsərləri, yaddaqalan qastrol səfərləri haqqında danışıblar.
 
 
Tədbirdə sənətkarın canlandırdığı tamaşalardan və çəkildiyi filmlərdən kadrların nümayiş etdirilib.
 
 
Sonda çıxış edən teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov və sənətkarın qızı Sevil Əhədzadə çıxış edərək Süleyman müəllimlə bağlı xatirələrini tamaşaçılarla bölüşərək, tədbirin keçirilməsində əvəzsiz xidmətiləri olan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, sənətkarın yaxınlarına və onunla bir səhnəni bölüşən sənət dostlarına dərin təşəkkürlərini bildirdilər.
 
 
Məlumat üçün bildirək ki, Süleyman Ağababa oğlu Ələsgərov  20 iyun 1915-ci ildə Bakıda anadan olub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub.
 
 
O, səhnəyə 1933- cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə aktyor götürülüb.
 
 
S.Ələsgərov  Gənc Tamaşaçılar Teatrının inkişafında xidmətlərinə görə 27 fevral 1954-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 1961-ci ildə oynadığı Səməd Vurğun ("Komsomol poeması", İsgəndər Coşqun) roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub.
 
 
Aktyor Polad ("Qızıl quş", Mirmehdi Seyidzadə), Fərzəli bəy ("Nəsrəddin", Yusif Əzimzadə), Afşin ("Babək", Əbil Yusifov), Vəzir, Oruc ("Fitnə" və "Qaraca qız", Abdulla Şaiq), Lorenso ("Romeo və Cülyetta", Uilyam Şekspir), Yaşar, İmamyar, Əmirqulu  ("Yaşar", Cəfər Cabbarlı), Hacı Nuru və Molla Salman ("Molla İbrahimxəlil kimyagər", Mirzə Fətəli Axundzadə), Senyor Tantoloni ("İki ağanın bir nökəri", Karlo Haldoni), Valentin ("İki veronalı", Uilyam Şekspir), Çuxray ("Polad necə bərkidi", Nikolay Ostrovski), Montanelli ("Ovod", Etil Voyniç), Zeynalabdin Şirvani ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Komissar ("Anacan", Yusif Əzimzadə), Səməd Vurğun, Baba, Əfrasiyab ("Komsomol poeması", "Açıl bənövşəm, açıl" və "Rüstəm və Söhrab", İsgəndər Coşqun), Namaz ("Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə) və digər bir-birindən maraqlı və xarakterik obrazları ilə tamaşaçıların yaddaşında silinməz izlər qoyub.
 
 
"Dağlarda döyüş” (Mayor Poladov), "İstintaq davam edir” (Professor), "Bizim Cəbiş müəllim”, "Alma almaya bənzər” (Professor), "Bəxtiyar” (klub müdiri), "Köhnə bərə”, "Bağ evi”, "Bizi bağışlayın” kino-filmlərində, "Poçt qutusu”, "Günəş”, "Bir ailədə” və digər televiziya tamaşalarında canlandırdığı rollar aktyorun obrazlar qalereyasını təşkil edir.
 
 
Dövlət  Gənc Tamaşaçılar Teatrının veteranlarından olan görkəmli aktyor bu sənət ocağında fasiləsiz olaraq altmış üç il səhnəyə çıxıb.
Süleyman Ələsgərov 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib.
 















 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb