Pentaqonda havanın keyfiyyəti ilə bağlı insident: əməkdaşlar təxliyə edilib
Pentaqonun bəzi hissələri binada havanın keyfiyyəti ilə bağlı problem aşkar edildikdən sonra bağlanıb, əməkdaşların bir hissəsi təxliyə edilib və bir sıra otaqlara giriş məhdudlaşdırılıb. Bu barədə CNN Pentaqon rəsmilərinə istinadən məlumat yayıb.
Pentaqonun sözçüsü Şon Parnell bildirib ki, kompleksin monitorinq sistemləri havanın keyfiyyəti ilə bağlı problem qeydə alıb və vəziyyətin səbəbləri müəyyənləşdirilənədək ehtiyat tədbirləri görülür.
Onun sözlərinə görə, Müdafiə Nazirliyi standart təhlükəsizlik prosedurlarını tətbiq edib və təsirlənmiş ərazilərdə olan əməkdaşlara olduqları yerdə qalmaları tapşırılıb. Parnell əlavə edib ki, hadisə yerində fəaliyyət göstərən qruplar bina əməkdaşlarına dəstək verməyə hazırdır.
Arlinqton dairəsinin yanğın və xilasetmə xidməti Pentaqonda təhlükəli maddələrlə bağlı insidentə reaksiya verildiyini açıqlayıb. Qurumun məlumatına görə, hadisə yerində kimyəvi təhlükələr üzrə ixtisaslaşmış qruplar Pentaqonun təhlükəsizlik bölməsi ilə birgə işləyir.
Pentaqonun daxili bildirişində əlavə yoxlamaların bir saatdan iki saata qədər davam edə biləcəyi qeyd olunub. Hadisənin səbəbi və havanın keyfiyyətinin pisləşməsinə nəyin səbəb olduğu hələ müəyyən edilməyib. Araşdırma davam edir.