Ukraynada 113 minə yaxın şəxs itkin düşmüş kimi qeydiyyata alınıb
Ukraynada uşaqlar, hərbi qulluqçular və mülki şəxslər də daxil olmaqla, təxminən 113 min itkin şəxs rəsmi olaraq xüsusi şəraitdə itkin düşmüş şəxslərin vahid reyestrində qeydiyyata alınıb. Bunu Ukrayna Parlamentinin İnsan Hüquqları üzrə Komissarı Dmitro Lubinets bildirib.
O qeyd edib ki, bu rəqəm yalnız rəsmi məlumatları əks etdirir və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə çıxışın olmaması səbəbindən itkin şəxslərin real sayı daha yüksək ola bilər.
Lubinetsin sözlərinə görə, təxminən 1,6 milyon ukraynalı uşaq hazırda müvəqqəti işğal olunmuş ərazilərdə qalır.
“Genişmiqyaslı işğalın başlanmasından bəri Ukraynanın hesablamalarına görə, ən azı 20 610 ukraynalı uşaq Rusiya Federasiyası tərəfindən deportasiya edilib və ya məcburi köçürülüb”, - o deyib.
Komissar bildirib ki, Ukrayna yalnız 20 610 uşaq barədə məlumat əldə edə bilib və faktiki sayın 100 mindən çox ola biləcəyini istisna etmir.
Aytac Zeynalova