Putin Xəzər dənizinin rəqəmsal əkizinin yaradılmasını təklif edib
Rusiya Xəzər dənizinin su səviyyəsindəki dəyişiklikləri proqnozlaşdırmaq üçün süni intellekt əsasında rəqəmsal model yaratmağı təklif edir. Modeldən həmçinin gəmiçilik marşrutlarının dəqiqləşdirilməsi və təhlükəsizliyin artırılması üçün istifadə oluna bilər. Rusiya Prezidenti Vladimir Putin bu barədə Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitində çıxışı zamanı bildirib.
Putinin sözlərinə görə, Rusiya hökuməti Xəzər dənizinin səviyyəsindəki dəyişiklikləri öyrənmək və onların mənfi nəticələrini minimuma endirmək məqsədilə 2030-cu ilədək nəzərdə tutulan kompleks proqram hazırlayır.
“Proqrama çoxsaylı tədqiqatlar daxildir və biz onların nəticələrini, əlbəttə ki, bütün sistemlərlə bölüşəcəyik”, - Putin bildirib.
O qeyd edib ki, rəqəmsal əkiz buxarlanma, yağıntı və çay axınlarının dinamikasının təhlilinə əsaslanan süni intellekt alqoritmləri ilə yaradılacaq. Model Xəzərin su səviyyəsində baş verə biləcək dəyişikliklərə dair ssenarilərin hesablanmasına imkan verəcək.
Putin MDB ölkələrini də təşəbbüsə qoşulmağa dəvət edib.
Son xəbərlər
Daha çox