Xalq artisti Mustafa Mərdanovun xatirəsi anılıb - FOTOLAR

14:16 | 11.04.2014
Xalq artisti Mustafa Mərdanovun xatirəsi anılıb - FOTOLAR

Xalq artisti Mustafa Mərdanovun xatirəsi anılıb - FOTOLAR

Aprelin 10-da Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, xalq artisti Mustafa Mərdanovun anadan olmasının 120 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib.AzərTAc xəbər verir ki, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək görkəmli sənətkarın sənət dünyasından, yaratdığı bənzərsiz obrazlar qalereyasından, insani xüsusiyyətlərindən, xeyirxahlığından geniş söz açıb.Bildirilib ki, uşaqlıq və gənclik illərini Qafqazın mədəniyyət mərkəzi sayılan Tbilisidə keçirmiş Mustafa Mərdanov yeniyetməlik dövründən teatr sənətinə maraq göstərmiş və şəhərin müsəlman dram dərnəklərində çıxış edib. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gələn M.Mərdanov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında teatr fəaliyyətini davam etdirmişdir. Malik olduğu yüksək aktyorluq texnikası, obrazı özününküləşdirmək bacarığı, bənzərsiz yumşaq xüsusiyyətləri Mustafa Mərdanovu tamaşaçılara sevdirib.Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov kimi böyük sənətkarlarla eyni yaradıcı mühitdə işləməsi onun zəngin təcrübə toplamasına və bir aktyor kimi püxtələşməsinə yardımçı olub. Onun Akademik Milli Dram Teatrının səhnəsində ifa etdiyi rollar arasında N.Qoqolun “Müfəttiş”ində yaratdığı Xlestakov, C.Cabbarlının “Sevil”ində İmamverdi, U.Şekspirin “Hamlet”ində Poloni, İ.Əfəndiyevin “Atayevlər ailəsi”ndə Sadıq Sadıqov və digər rolları böyük maraqla qarşılanıb, ələlxüsus aktyorun Xlestakov obrazını tənqidçilər çox yüksək qiymətləndiriblər.M.Mərdanov teatrla yanaşı, kino fəaliyyəti ilə də məşğul olub. Aktyorun kinoda ifa etdiyi ilk rol A.M.Şərifzadənin 1925-ci ildə çəkilmiş “Bismillah” filmində Muzdur Qulu olub. M.Mərdanovun kino fəaliyyətində dönüş nöqtəsi ifa etdiyi Kərəməli rolu hesab olunur. A.M.Şərifzadənin çəkdiyi “Hacı Qara” (1929) filmində yaratdığı bu obraz tamaşaçılar və mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb və nəticədə aktyor bir neçə filmlərə dəvət olunub.Daha sonra “Sevil”də Atakişi, “Kəndlilər”də Təhməz, “Yeni horizont”da Trest müdiri, “Səbuhi”də Akademiya rəisi, “Görüş”də Kolxozçu, “Qara daşlar”da Dəmirov, “O olmasın, bu olsun”da Həsən bəy, “Əhməd haradadır?”da Məhəmməd kişi, “Qanun naminə” filmində Murtuzov rollarını ifa edib.Vurğulanıb ki, M.Mərdanov aktyor istedadı ilə yanaşı, həm də çox güclü təşkilatçılıq qabiliyyətinə malik olub və Azərbaycan Teatr Xadimləri İttifaqının yaradılmasına böyük əmək sərf edib.Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov çıxış edərək M.Mərdanovun Azərbaycan teatr sənətindəki unudulmaz yerindən və qazandığı uğurlardan, ətrafındakı insanlara həssas münasibətindən söz açıb.Diqqətə çatdırılıb ki, artıq uzun illərdir aramızda olmamasına baxmayaraq, sənətkarın Azərbaycan xalqı üçün qoyub getdiyi zəngin mədəni irs onun xatirəsini əbədi olaraq yaşatmaqdadır.Yubiley gecəsində aktyorun teatr və kino fəaliyyətini əks etdirən videoçarx, eləcə də onun iştirak etdiyi tamaşalardan və filmlərdən parçalar nümayiş olunub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM