XİN-dəki gizli bomba partladı

19:36 | 16.10.2015
XİN-dəki gizli bomba partladı

XİN-dəki gizli bomba partladı

Azərbaycanın daha bir diplomatı ölkəyə qayıtmaq istəmir.

Xarici İşlər Nazirliyində (XİN) böhran dərinləşir və Azərbaycanın daha bir diplomatı ölkəyə qayıtmaqdan imtina edir. 

ANS PRESS-in məlumatına görə, "Turan” informasiya agentliyi bu barədə məlumatlı mənbələrdən informasiya aldığını bildirir. Agentilik ölkəyə qayıtmaq istəməyən diplomatın İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədovun vaxtında Azərbaycanın Strasburqdakı diplomatik nümayəndəliyində işləmiş Samir İsmayılov olduğunu vurğulayır. 

Samir İsmayılova ANS PRESS tərəfindən edilən müraciətlərini cavabsız qalması və XİN-in məsələ ilə bağlı susması yayılan xəbərin doğru olduğunu güman etməyə imkan verir. Bununla da son dövrdə xidmət etdiyi ölkədən geri qayıtmaq istəməyən Azərbaycan diplomatlarının sayı dördə çatdı. Daha öncə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov ölkəyə qaytmaq istəməmişdi. Həmçinin yerli mətbuatda Azərbaycanın Avstraliyadakı səfirilyinin keçmiş əməkdaşı Anar Həsənovun və Niderland krallığındakı konsulu Nahid Cəfərovun fəaliyyət göstərdikləri ölkələrdən siyasi sığınacaq istəməsi ilə bağlı xəbərlər yer almışdı. Xəbər yayılanda hər iki diplomatın Arif Məmmədovla çox yaxın münasibətdə olduğu vurğulanırdı. Elə Samir İsmayılov da Arif Məmmədovun vaxtında Azərbaycanın Strasburqdakı diplomatik nümayəndəliyində işləyib. 


Arif Məmmədov - işdən çıxarılmış diplomat

Beləliklə, bir sıra politoloqların XİN-dəki diplomat seçimi ilə bağlı nümayiş etdirdikləri şübhələr özünü doğrultmağa başladı. Məsələn, bir müddət öncə məsələ ilə bağlı ANS PRESS-ə müsahibə vermiş politoloq Qabil Hüseynli problemin səfirliklərə işçi götürən zaman başladığını vurğulamışdı: "Hər hansı bir ölkəyə səfir təyin edilən diplomat kadrları özü müəyyən edərək XİN-ə təqdim edir. Bu zaman yaxın tanışların, qohumların və həmyerlilərin işə götürülməsi istisna edilmir. Buna görə də səfirliyin 1-ci katibi, 2-ci katibi, konsul kimi vəzifələrə təsadüfi adamların düşməsi asanlaşır.” 

Politoloq bu cür kadrları "XİN-ə yerləşdirilmiş gizli bombalar” adlandırmışdı. Yəni Samir İsmayılovun geri qayıtmaq istəməməsi ilə, Qabil Hüseynlinin təbirincə deyilərsə, həmin bombalardan biri də açılıb. Bu, artıq zaman-zaman növbəti gizli bombaların açılacağını da ehtimal etməyə imkan yaradır. 

Düzdür, vaxtılə diplomatik xidmətdə çalışmış politoloq Fikrət Sadıxov məsələnin elə də ciddi olmadığını vurğulayır. Politoloq önəmli diplomatik mövqelərə götürlən işçilərin xüsusi testdən keçirildiyini vurğulayır. "Samir İsmayılov səfirlikdə elə də önəmli diplomatik mövqe tutmayıb. O, sadəcə səfirliyin təsərrüfat xidmətinin müdiri idi. Görünür, işində nəsə dolaşıqlıq var ki, geri qayıtmaq istəmir”, - deyə Fikrət Sadıqov ANS PRESS-ə bildirib. 


Fikrət Sadıqov - politoloq

Politoloq bu cür problemlərin həlli üçün belə diplomatları beynəlxalq məhkəməyə verməyə təklif edir: "Bunlar həmin ölkələrdən sığınacaq almaq istəyirdilər, xidmət müddəti başa çatmamış bu addımı atmalı idilər. Dövlət bu işçilərə və ailələrinə külli miqdarda vəsait xərclədikdən sonra onların başqa ölkəyə getməkdən imtina edərək, sığınacaq istəməsi artıq sui-istifadədir. Buna görə də məhkəmə qarşısında cavab verməlidirlər. Bunun üçün diplomatik fəaliyyət haqqında qanuna da xüsusi əlavə etməyə ehtiyac var”.

Bununla yanaşı, Azərbaycanda da dünyanın əksər dövlətçiilk ənənəsi olan ölkələri kimi diplomatların xüsusi testdən keçirilməsinə ehtiyac var. Artıq bir neçə yüz ildir ki, Çində diplomatik xidmətə götürülən əməkdaşlar Konfutsi təlimindən xüsusi imtahan verirlər. Bu imtahanlar digər dövlət qulluqçularının verdiyi imtahanlardan fərqlənir. Çünki diplomat savadlı olmaqla yanaşı həm də patriot olmalıdır. Postsovet məkanı ölkələrindən Ukrayna da artıq keçən ildən diplomatlar üçün xüsusi testlər təbiq edilir. 

Həmçinin Azərbaycan diplomatik xidmətə götürülmüş istənilən əməkdaşa başa salınmalıdır ki, bir ölkələ xidmət müddəti 5 ili keçə bilməz. Diplomatın xidmət etdiyi ölkə ilə bağlı uzun müddətli planlar qurmasına imkan vermək olmaz və bu qanuna xüsusi əlavə kimi daxil edilməlidir. Əmək müqaviləsinə bu qaydanın pozulması ilə bağlı xüsusi bənd salınmalıdır ki, bu cur əməkdaşı məhkəməyə vermək üçün hüquqi əsas olsun. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb