Özgə uşağından övlad olarmı? - ARAŞDIRMA

13:31 | 30.04.2022
Özgə uşağından övlad olarmı? - ARAŞDIRMA

Özgə uşağından övlad olarmı? - ARAŞDIRMA

Övladlığa uşaq götürməyə ailə, dövlət, eləcə də bunu anlayışla qəbul etməyən cəmiyyətin böyük fərdləri əngəl yaradır. Bunu Anews.az-a müsahibəsində övladlığa uşaq götürmək istəyən Rəna Abbasova deyib.
 
Rəna və İsmayıl Abbasov cütlüyü 2006-ci ildə ailə həyatı qurub. 16 ildir evli olan cütlüyün səhhətlərində yaranan problemdən dolayı uşaqları olmayıb. Ailənin təməlini möhkəmlətməyin tək çarəsinin körpə səsi olduğunu düşünən Abbasovlar övladlığa uşaq götürmək istəyib. Cütlüyün sözünə görə, əvvəlcə Azərbaycan mentaliteti onları yorub, daha sonra isə hüquqi prosedurların çətinliyi gözlərini qorxudub.
 

"Evliliyimizin bir ili tamam olanda qohumları, yaxınlarımızı yığıb xudmani qonaqlıq vermişdik. Evin qapısından içəri girən bütün qohum-əqrəba, valideynlərimiz 'nə vaxt nənə/baba oluruq?', 'torbada pişik varmı?' sözlərini ataraq, övladımızın olmamasına görə bizi qınayırdı. Məhz bu qınaqlardan təngə gələrək bir müddət müalicə olunduq. Lakin həm mənim, həm də yoldaşımın səhhətində problem olduğu üçün həkimlər bizə uşağımızın olmayacağını dedi. 2015-ci ilə kimi davam edən müalicədən sonra yoldaşım ilə qərara gəldik ki, övladlığa uşaq götürək. Sən demə 'şənlik' hələ qarşıda imiş. Qərarımızı ailə üzvlərimizə deyəndə ilkin reaksiya 'özgənin necə, harada doğduğu uşağı bizə nəvə kimi gətirə bilməzsən' oldu. Təəssüf ki, bu reaksiyanı ətrafımızdakı çox insandan aldıq. Uşaqlar evindəki məsum körpələrin hamısının pis olduğunu düşünürdülər. Ailə təzyiqi, mental dəyərlər bizi əvvəlcə fikrimizdən daşındırdı, hətta qohum uşağı alıb böyütmək düşüncəsinə saldı. Sadəcə yoldaşım hüquqi formada uşağı almasaq, gələcəkdə problem yaranacağını dedi və fikrimizdən daşındıq. 4 il ailə basqısından dolayı övladlığa uşaq götürə bilmədik. Bilirsiniz, bizim cəmiyyəti uçuruma aparan əsas şey mental dəyərlərdir. Böyük sözünü dinləmək olar, amma insan gərək götür-qoy etsin, öz düşüncəsi olsun. Düzdür, öz düşüncələrimizi də böyüklər əngəlləməyə meyillidir və təəssüf ki, əksər vaxtlarda bacarırdılar.  Məhz onların bizi mentalitet qurbanına çevirməsi nəticəsində 2019-cu ilə kimi övladlığa uşaq götürmək bizim üçün yalnız xəyal idi", Rəna Abbasova bildirdi.
 
Rəna Abbasovanın sözlərinə görə, bir müddət sonra valideynləri razı salmağı bacarsalar da, onlara övladlığa uşaq verilməyib.
 
"Hazirki durum barədə dəqiq bir söz deyə bilmərəm, amma 3 il əvvəl övladlığa uşaq götürmək prosesi qəliz idi. Məntiqlə düşünsək, uşağın yaxşılığını istədikləri üçün hər xırda detalı yoxlayırlar. Amma kiminsə kasıb olması o uşağa pis baxacağı mənasına gəlmir. Digər məsələ, qohumlar ilə münasibətə baxırlar. Əgər mənim qohumlarım gerifikirlidirsə, bu mənim pis övlad yetişdirəcəyim demək deyil. Qurumlara bunu izah edə bilmədik, onlar mentalitet təsirində olan bir mühitə uşaqları verməyi düzgün hesab etmədilər. Həmçinin, kasıblığa görə hər ikimiz işləyirdik. Bu da problem yaratdı ki, uşağa kim baxacaq. Çox yorucu prosedurdan bezib, uşaq götürmədik. Bir müddət əvvəl isə Türkiyəyə köçüb orada balaca bir qızı övladlıq götürdük. Bir sözlə, Azərbaycanda övladlığa uşaq götürmək demokratik dövlət qurmaq qədər çətindir", o əlavə etdi. 
 
Anews.az olaraq Azərbaycanda övladlığa uşaqgötürmək prosedurunu araşdırdıq.
 
"Mentalitetdən qaynaqlanan problem - Özgəsinin uşağından övlad olmaz"
 
"Sağlam Cəmiyyət Hərakatı”nın rəhbəri, sosioloq Lalə Mehralı sözlərinə görə, mütləq "öz qanından” olan uşağı övladlığa götürmək arzusu məlumatsızlıqdan irəli gəlir. 
 
"Azərbaycanda sonsuzluq ilə bağlı yaranan problemlərin çoxalması səbəbindən övladlığa uşaq götürmək istəyən gənc ailələrin sayı artmaqdadır. Lakin təəssüf ki,  əksər hallarda ailə böyükləri bu məsələyə isti baxmır və qarşı çıxırlar. Onların bu narazılığı ilə uşaq götürmək prosedurunun çətinliyi birləşəndə bəzi gənc ailələr bezir. Daha sonra isə qohumdan uşaq götürürlər. Yaxud da bezməyib övladlığa uşaq götürürlər, amma ailə böyükləri ona ögey münasibət bəsləyir. Belə olduqda isə həmin uşaq xoşbəxt böyümür. Əgər uşağı xoşbəxt edə bilməyəcəklərsə, onu heç götürməsinlər. Bizim kimi cəmiyyətlərdə övladlığa uşaq götürmədə çox ciddi problemlər var. Birinci növbədə insanlar daha çox oğlan uşaqları götürməyə meyllidirlər, ikinci isə onlar azyaşlı uşaqları götürməyə çalışırlar. İkinci nüans həmin uşağın ailənin doğma övladı kimi böyüdülməsi ilə bağlıdır. Çünki onlar uşağın yaddaşında internatla bağlı heç bir xatirənin qalmamasını istəyirlər. Adaptasiya məsələsi ilə bağlı südəmər körpə götürüb böyütmək yaxşı fikirdir. Amma həmin valideynlər özləri bütün ömür boyu psixoloji gərginlik keçirirlər. Bu yalanın bir gün açıqlanması ehtimalı onları hər zaman narahat edir. Bundan başqa, onlar dərk etməlidirlər ki, bəzən normal ailələrdə böyüyən uşaqlar belə, narkoman, cinayətkar ola bilirlər. Ona görə də onun neçə yaşda internatdan götürülməsinin, ya da qohum övladı olmasının gələcək həyata o qədər də təsiri olmur. Ona görə də insanların bu istiqamətdə şüurları dəyişməlidir" sosioloq bildirdi. 
 
Mehralı vurğuladı ki, qohumdan uşaq almaq halları da azalmalıdır.
 
"Çünki internatlarda bir çox uşaq var ki, onların ailə qayğısına ehtiyac var. Dövlətin bütün uşaqlara diqqət göstərməsi bəzən mümkünsüz olur, həmçinin isti yuvada, ata-ana qayğısı görmək dövlətin bütün qayğılarından daha önəmlidir. Bu səbəbdən dövlət özü də uşaqgötürmə prosedurunu daha da asanlaşdırmalıdır. Valideynlərin ailəyə yeni gələcək uşaqla düzgün ünsiyyət qura bilməsi üçün maarifləndirmə işləri də vacibdir. Maarifləndirmə işi o zaman təsirli ola bilər ki, bu, böyük auditoriyalarda həyata keçirilsin. Xüsusilə radio, televiziya, internet, sosial şəbəkələrdə bu mövzu müzakirə olunmalıdır. Psixoloq, sosioloq, hüquqşünas və pedaqoqlar valideynlər üçün müəyyən yollar göstərməlidirlər. Bu məsləhətlər davamlı olmalıdır. Ailə böyükləri ilə ayrıca söhbətlər aparılmalıdır. Onlara övladlığa uşaqgötürməyin normal bir prosedur olduğunu izah etmək lazımdır. Bu məsələlər ilə bağlı müvafiq nazirliklər, QHT-lər söhbət saatları təşkil etsə yaxşı olar. Övladlığa uşaqgötürməyə könüllü ailəni yox, bütün nəsili, hər kəsi hazırlamaq gərəkdir", Lalə Mehralı əlavə etdi. 
 
 
"Ögey valideynlər tərk edilməkdən qorxurlar, amma bu qorxunun qurbanı uşaq olmamalıdır" 
 
Zarina Hüseynova 18 yaşında qohumları ilə məclisdə anidən övladlıq olduğunu öyrənib. Hüseynova bunu valideynlərindən deyil də, uzaq bir qohumdan eşitdiyi üçün təəssüf hissi keçirib.
 
"Bir məclis idi hamı oturmuşdu və həmin məclisdə genetik atamda var imiş. Birdən-birə nəslin ağsaqqalı anidən dedi ki, bu şəxs sənin atandır və sən övladlıqsan. O anda yaşadığım hissləri sözlərlə ifadə etmək mümkün deyil. Dərhal həmin yerdən uzaqlaşdım. Kədərli idim. İnamım da sarsılmışdı. Qəribə bir boşluğa düşmüşdüm. Daha sonra öz-özümə çox düşündüm və o qənaətə gəldim ki, genetik valideynlərimin həyatımda heç bir rolu olmayıb. Məni böyüdən insanlara çox şey borcluyam. Düzdür, bir müddət soyuqluq oldu, amma zaman keçdikcə valideynlərim ilə münasibət normallaşdı. Lakin həmişə gözlərinə baxmaqdan qorxuram. Çünk yenə hansısa mövzuda yalan danışırlarmış kimi gəlir. Gizli saxlamaqları böyük travma idi", - Hüseynova bildirdi. 
 
Psixoloq Fidan Qasımovanın fikrincə, uşaq özünü dərk etdikdən sonra ona övladlığa götürüldüyü deyilməlidir. O bildirdi ki, bu məsələ heç bir halda uşaqdan və çevrəsindən gizli saxlanılmamalıdır. 

 
"İnsanlar əziyyət çəkib, doğma övladı kimi böyütdükləri uşaqlardan həqiqəti gizlətməyə çalışırlar. Səbəbi isə tərk edilmək qorxusu olur, qorxu qurbanı isə məsum uşaq. Amma bütün hallarda övladlığa götürülən uşaqdan bunu gizlətmək mümkün deyil. Gec-tez bu uşaqlar övladlığa götürüldüyünü kimdənsə eşidəcəklər. Ona görə də ən düzgünü bunu valideynlərdən  öyrənməkdir. Başqasından eşidəndə həm valideyinə, həm özünə inamı itir. Bundan sonra isə cəmiyyətə qaynayıb-qarışması çətin, bəzən isə mümkünsüz olur. Uşağa erkən yaşında övladlıq olduğunun deyilməsi heç bir problemin olmayacağına dəlalət etmir. Övladlığa götürülən uşaqların valideynləri ilə problemləri daha çox yetkinlik yaşlarında olur. Çünki bu yaşlarında olan uşaqlar fikirləşirlər ki, doğma valideynlərini tapsalar, bütün problemləri həll olunacaq. Belə uşaqların bir qismi isə doğma valideynlərini tapıb nə üçün atılması, günahlarının nə olması və s. kimi onları narahat edən suallarına cavab almaq istəyirlər. Çünki bu yaşda onları narahat edən çox sayda cavabsız sualları olur. Uşağın suallarına dürüst cavab vermək lazımdır. Hər dəfə fərqli cavab və ya yalan danışmaq valideyn və övlad arasında uçurum yaradacaq. Ümumiyyətlə, övladlığa uşaq götürən valideynlər uşaqları ilə mütəmadi vaxt keçirməli, çətinlik çəkdikləri məqamlarda isə mütəxəssislərə müraciət etməlidirlər", psixoloq söylədi. 
 
Qasımova övladlığa uşaqgötürməzdən əvvəl ailənin və onların yaxınlarının da buna psixoloji hazırlığının vacib olduğunu düşünür.
 
"Hər iki valideyn psixoloji cəhətdən buna hazır olmalıdır. Əksər hallarda övladlığa uşaqgötürmə evlilikdə yaranan boşluğu aradan qaldırmaq üçün olur. Məsələn, gənc ailədə iki tərəfdən biri sonsuzluqdan əziyyət çəkir və çarə olaraq uşaq götürmək istəyir. Bu halda özgə uşağı götürəcəklərinə görə sağlam tərəf sonsuz olan partnyoruna kin bəsləyə bilir. Bu da götürülən uşağın yanlış mühitdə böyüməsi ilə nəticələnir. Yaxud da cütlüyün valideynləri problem yaradır, uşaq qeyri-düzgün vaxtda övladlıq olduğunu öyrənir və ciddi sarsıntılar yaşanır. Məhz belə xoşagəlməz hallar yaşanmasın deyə məcburi psixoloji seanslar təşkil olunmalıdır. Fikirləşirəm ki, Mediasiya Şurasındakı qanunvericiliyə bununla bağlı xüsusi maddələr gətirilməlidir", - o qeyd etdi. 
 
"Kimsəsizə kimsə olmaq - İslam dinindən çağırış"

İlahiyyatçı Hacı Təyyar bildirdi ki, kimsəsiz uşaqları övladlığa götürmək və onlara yaxşılıq etmək insanı cənnətə aparır. 

"Hz. Peyğəmbər (s.ə.s) xüsusilə yetimlərin himayə edilməsini təşviq etmiş, onların hüquqlarının qorunmasını tələb etmiş və bunu yerinə yetirənlərin cənnətdə özü ilə birlikdə olacaqlarına dair müjdə vermişdir. İslam dininə görə bir uşağı başqasının öz himayəsinə götürməsi, onu evində böyütməsi qadağan olunmayıb. Əksinə, bu kimi davranışlar təşviq edilmişdir. Lakin uşaq əsl ailəsini bilməli, miras, nəfəqə və naməhrəmlik kimi mövzularda lazımi tədbirlər görülməlidir. Ancaq o bizim öz övladımız deyildir. Sadəcə olaraq biz onu yetkinlik yaşına çatana kimi himayə edib, tərbiyəsi ilə məğul ola bilərik. Bu yaşa çatdıqdan sonra ona bu həqiqəti açıqlamalıyıq. Uşağa düzgün vaxt və şəraitdə gerçəyi demək lazımdır. Övladlığa götürdüyünüz uşağı heç bir halda incitmək olmaz", ilahiyyatçı əlavə etdi.
 
Araşdırdıqda məlum oldu ki, insanların qəbul etdiyi dinlərin hamısında övladlığa uşaqgötürmə yüksək qiymətləndirilir.

"Övladlığa uşaq götürməyin 3 mərhələsi - Bu şəxslər övladlığa uşaq götürə bilməz"

Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra "Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılıb, övladlığagötürmə sahəsində yeni müasir idarəetmə mexanizmi yaradılıb. Övladlığa uşaq götürmək istəyən valideyn-namizədin özü və onunla birgə yaşayan 18 yaşdan yuxarı olan şəxslər ilə birlikdə notariat orqanına müraciət edilir və övladlığagötürmə ilə bağlı ərizə alınır. Notarial qaydada təsdiq edilən ərizə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin "Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürüldükdən sonra valideyn-namizəd tərəfindən övladlığagötürmə ilə bağlı müraciət etmək üçün Nazirliyin "e-sosial.az” internet portalında "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə altsistemi”ndə qeydiyyatdan keçməklə şəxsi kabinet yaradılır. Şəxsi kabineti yaradaraq qeydiyyatdan keçən şəxslər tərəfindən aşağıda göstərilən xəstəliklərin olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) valideyn-namizədin əyani tibbi müayinəsi əsasında əldə edilən sənədləri altsistemə daxil edirlər.
 
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə 118.1-ci maddəsin əsasən Övladlığa götürmə üç mərhələdə həyata keçirilir:

- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması;
- övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi;
- övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.

Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması Ailə Məcəlləsinin 118.3-cü maddəsinə uyğun olaraq, Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 1 (bir) ildən çox olmayan müddətdə aşağıdakı qaydada müəyyən edilir:


- müsahibə aparılması;
- təlimlərə cəlb edilməsi;
- övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;
- Valideyn-namizədlərlə uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;
- övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.
- övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə rəy müsbət olduqda məhkəməyə müraciət edilməsi və məhkəmə qərarının qəbul edilməsi.

Aşağıdakılar istisna olmaqla, hər iki cinsdən olan, Ailə Məcəlləsinin 121.1-ci və 121.2-ci maddələri ilə müəyyən edilən tələblərə cavab verən şəxs (şəxslər) övladlığa götürən ola bilərlər:

- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
- məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;
- qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;
- əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;
- səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər;
- məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər;
- barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində;
- ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının 2 (iki) mislindən) az olan şəxslər (ögey ata (ögey ana) və qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla).
- Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.
- Nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə yol verilmir.
- Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin mülkiyyətində, orada yaşayan hər bir şəxs nəzərə alınmaqla yerləşdiyi ölkənin müvafiq qanunvericiliyinə əsasən minimum normadan az olmayan yaşayış sahəsi olmalıdır.
- Ailə Məcəlləsinin 120.1.6-cı, 120.1.7-ci və 120.2-ci maddələrində qeyd olunan tələblər eyni zamanda uşağı övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslərə münasibətdə də tətbiq edilir.

Övladlığa götürmək istəyən şəxsə (şəxslərə) dair yaş tələbləri:
 
- Ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır.
- Ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə (şəxslərlə) övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.
 
"Övladlığa uşaqgötürmək prosesi uzun olmalıdır, çünki ortada insan həyatındakı yeni başlanğıcdan söhbət gedir"

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirir ki, son illərdə uşaqlara sahib çıxan, övladlığa götürmək istəyənlərin sayı artır. Ağazadənin düşüncəsinə görə, prosesin uzun təşkili düzgün və düşünülmüş addımdır.
 
"Əvvələr uşaqgötürmə proseduru çətin idi, amma son illərdə asanlaşıb. İnsanlar bəzən gileylənsə də, qanunvericilikdə hazırki prosedur düzgün təşkil olunub. Çünki bir uşağım taleyində söz gedir. Bu səbəbdən ailə tam araşdırılmalıdır. Hər yetkinlik yaşına çatan şəxsə uşaq əmanət etmək olmaz. Ailənin maddi, sosial durumu, dəyərləri həmin uşağı övladlığa götürməyə uyğun olmalıdır. Bizim quruma tez-tez müraciətlər edilir. Övladlığa uşaq götürmə ilə bağlı 2021-ci ildə 769 nəfər müraciət edib. Müraciətlərin 651-i oğlan, 118-i qız uşağı üçün olub. 0-2 yaş arası övladlığa uşaq götürmə müraciəti 751 nəfər, 3-6 yaş arası övladlığa uşaq götürmə müraciəti 14 nəfər, 7-9 yaş arası övladlığa uşaq götürmə müraciəti 4 nəfər olub. Oğlan uşaqlarına üstünlük verilməsi də təəccüblü deyil. Çünki bir çox ailələr qız uşağını böyütməkdən qorxur və ya oğlan uşağını daha çox sevir. Digər mənfi yanaşma 3 yaşına kimi uşaqlara üstünlük verilməsidir. Düşünürlər ki, yaşı çox olsa istədikləri kimi yetişdirə bilməzlər. Amma yuxarı yaşda övladlıq verilmiş və ailəyə çox yaxşı adaptasiya olmuş şəxslər tanıyıram. Digər məsələ Azərbaycanda qohumdan uşaq alma və ya tam sağlam birini övladlığa götürmə geniş yayılıb. İnkişaf etmiş ölkələrdə isə öncəlik sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan, həssas uşaqlar daha çox övladlıq götürülür. Beləcə bir insanı həyata qaytarır, isti yuvada saxlayırlar. Bizim ölkədə də uşaqgötürməni təkmilləşdirmək, təşviq və təbliğ etmək lazımdır", Ağazadə söylədi. 


"Sosial Xidmətlər Agentliyindən statistika - Hər il övladlığa götürülən uşaqların sayı artır"

"Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə övladlığagötürmə ilə bağlı 2020-ci ildə 157 müraciət, 2021-ci ildə bundan 2,4 dəfə çox olmaqla 378 müraciət daxil olub. 2021-ci ildəki müraciətlərin 48%-i Bakı şəhəri üzrə, 52%-i isə regionlar üzrə olub. Ötən il ərzində 58-i qız, 56-ı oğlan övladlığa verilib. 2022-ci il başlayandan indiyə kimi Azərbaycanda 92 uşaq övladlığa götürülüb.  Həmin uşaqların 51-i oğlan, 41-i isə qız olub. Onlardan 58-i 0-3 yaş, 26-sı 4-11 yaş, 8-i 12-18 yaş aralığındadır. Bu ilin ötən dövründə sosial xidmət müəssisələrindən 42 uşaq da öz bioloji ailəsinə reinteqrasiya edilib. Onlardan 15-i qız, 27-si oğlandır. Ailəsinə qaytarılmış uşaqlardan 3-ü sağlamlıq imkanları məhdud uşaqlardır. Reinteqrasiya edilmiş uşaqların 3-ü 0-3 yaş, 8-i 4-6 yaş, 16-sı 7-12 yaş, 15-i 13-18 yaş aralığındadır. Eyni zamanda, 2021-ci ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət təsis edilib. Yeni sosial islahat paketi çərçivəsində həmin müavinət də 2022-ci ilin əvvəlindən 25% artırılaraq, övladlığa götürülən valideyn himayəsindən məhrum olmuş uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud uşağa görə 480 manatdan 600 manata çatdırılıb. Hal-hazırda "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemində övladlığa verilə biləcək 57 uşaq var.


Fyodor Mixayloviç Dostoyevskinin bir sözü var, uşaqlar istənilən insanın ruhunu sağalda bilər. Bəlkə də ruhu sağlam olmaq üçün hər kəsin ən azı bir uşağı ehtiyacı var. Bəlkə də övladlığa bir uşaq götürərək ətrafı və özümüzü sağalda bilərik. Sağlam cəmiyyət diləyilə..
 
Ləman Qasımova
 

 

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM