Açıq səma altında orijinal heykəltaraşlıq sərgisi REPORTAJ

14:21 | 20.08.2015
Açıq səma altında orijinal heykəltaraşlıq sərgisi – REPORTAJ

Açıq səma altında orijinal heykəltaraşlıq sərgisi REPORTAJ

Rüstəm Qasımov

Bu gün heykəltaraşlıq nümunələriylə tanış olmaq üçün mütləq muzeyə, qalereyaya getməyə ehtiyac yoxdu, Heydər Əliyev mədəniyyət mərkəzinin parkına getməklə də açıq səma altındakı incəsənət nümunələriylə tanış ola bilərsiniz. 

Bu il Heydər Əliyev Mədəniyyət Mərkəzində "Səməni” adlı orijinal sərgi baş tutdu, sərginin fərqləndirən cəhət onun mərkəzin binasının daxilində deyil, parkında açıq səma altında nümayiş etdirilməsi idi. 
 


Yeri gəlmişkən müasir incəsənət nümunələrinin obrazları Novruz bayramının tematikasına, yazın gəlişinə həsr olunmuşdu. Məsələn, tonqalın üstündən tullanan insanlar. Məlum olduğu kimi bu ənənənin mənası neqativ enerjidən xilas olmaq və yeni gəlişiylə yenilənmək mənasını daşıyır. Bu sərgi insanlara müasir rəssamların Novruz bayramına yeni və daha orijinal baxışlarıyla tanış olmağa imkan verdi. 
 


Ekspozisiyaya azərbaycanlı rəssam və heykəltaraşların maraqlı əsərləri daxil edilmişdi. Hər bir iş müəyyən konsepsiyası və ciddi süjeti ilə seçilirdi. Alov formasındakı heykəltaraşlıq nümunəsi xüsusilə diqqətimi cəlb etdi. O, bizim tarixi baxışlarımızı gözəlliklə özündə əks etdirirdi. Axı Azərbaycana hər zaman odlar yurdu deyiblər. 
 


Yenidən emal olunmuş və asan istifadə olunan sintetik materiallardan yararlanaraq, müxtəlif parlaq və rəngarəng heyvan fiqurları yaradan bəzi rəssamlarımız hazırda bəşəriyyətin böyük problemlərindən biri olan ətraf mühitin çirklənməsinə diqqət yönəltmək istəmişdilər. "Сracking Art Group”un yaratdığı işlər bir tərəfdən ekoloji məsələləri vurğulayırsa, digər tərəfdən isə yeni texnologiyalardan yararlanmağı diqqətələrə çatdırır. 
 


Bu günə qədər "Сracking Art Group”un yaradıcılığı dünyanın bir çox şəhərlərində, Nyu-York, Sidney, Milan və başqa şəhərlərdə sərgilənib. Və indi də nəhayət ki, Bakıda sərgilənir, o, gənclər arasında böyük marağa səbəb olub. IDEA (Ətraf mühiti qorumaq üçün beynəlxalq dialoq) ictimai birliyinin rəsmi tərəfdaşlığı ilə həyata keçən layihənin məqsədi insanların diqqətini ətraf mühitin çirklənməsi probleminə yönəltmək və Azərbaycan flora və faunasının qorunmasına nail olmaqdır. 
 
 

Ekspozisiyada çox sayda maraqlı işlər yer almışdı, məsələn, Teymur Qəribovun əsərləri kimi. Onun yaratdığı maraqlı heykəltaraşlıq nümunəsi milli Azərbaycan şirniyyatı olan paxlavanı özündə əks etdirirdi. Heykəltaraşın sözlərinə görə, bu maraqlı atributun köməyilə o, Novruz bayramına öz töhvəsini vermək istəyib. 
"Müsabiqə elan olunanda, iştirak etmək istəyənlərin işlərini göndərməsi istənilirdi. Mənim bir neçə ideyam var idi, ancaq əsas indi burda sərgilənən işim seçildi. Paxlava formasından istifadə etməklə mən modulyar kompozisiya yaratdım və parlaq rənglərdən yararlanaq onu bayram əhval-ruhiyyəsində hazırladım. 

Kompoziyaya əlavə olaraq mən ənənəvi Azərbaycan naxışlarından istifadə etdim ki, işimə milli ruh qata bilim”, - Teymur Qəribov ANN.Az-a açıqlamasında dedi. 
 


Kəpənək formasındakı başqa bir heykəltaraşlıq nümunəsi də çox gözəl idi. Bu işdən yazın təravəti, nəfəsi, sevinci və saflığı duyulurdu. Kəpənəklərin ölçüsü böyük olsa da, sanki onlar canlıydılar. 
 


Nərdivan formasındakı, yaşıl otla örtülmüş, aşağısı isə velosiped təkərlərindən ibarət olan başqa bir art-obyekt isə qeyri-adiliyi ilə seçilirdi. Müəllifin ideyası çox orijinal idi. 
 


Bildiyiniz kimi Novruz bayramında yumurta döyüşdürmək ənənəsi mövcuddur. Bahar bayramında yumurta döyüşdürmək xüsusilə uşaqların sevimli əyləncələrindən biridir. Sizin hazırda fotoda gördüyünüz heykəl müxtəlif rənglərdə olan böyük yumurtanı əks etdirir. 
 


Bu art-obyekt isə açılmış nəhəng çiçəyi özündə əks etdirirdi. Əsər çox nəhəng olsa da, parlaq, ekspressiv və real görünürdü. 
 


Yuxarıda sadalanan incəsənət nümunələrindən başqa, parkdakı müxtəlif rənglərdəki nəhəng ilbiz heykəlləri də ətrafa gözəllik bəxş edirdi. İlbizlərdən başqa, ziyarətçilər yekə dovşanlar da görə bilərdilər. 
 


Qeyd etmək yerinə düşər ki, Heydər Əliyev Mədəniyyət Mərkəzinin qarşısındakı park böyük ərazisi ilə seçilir. Orada əsasən? səhər və gecələr gəzmək tövsiyyə edilir, yayın cırhacırında günorta parkın ərazisinə getmək səhhətinizdə ziyan vura bilər, çünki parkda ağaclar yoxdur. 

Sonda isə qeyd edim ki, sərgi hələ də davam edir, buna görə də arzu edənlər istedadlı azərbaycanlı rəssamların işləriylə tanış ola bilərlər. 

Mədəniyyəti, elmi, təhsili və maarifçiliyi təbliğ edən ANN.Az xəbər portalı oxucularını paytaxtımızda baş tutan maraqlı mədəniyyət hadisələriylə tanış etməkdə davam edir. 

Xoş seyrlər: 
 














www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb