Antalyada “Bakı–2015” ilk Avropa Oyunlarının təqdimatı keçirilib

01:15 | 09.04.2014
Antalyada “Bakı–2015” ilk Avropa Oyunlarının təqdimatı keçirilib

Antalyada “Bakı–2015” ilk Avropa Oyunlarının təqdimatı keçirilib

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov iştirak edibAprelin 6-dan 11-dək Türkiyənin Antalya şəhərində dünyanın 80-dək ölkəsinin 3 minə yaxın idman nümayəndəsinin iştirak etdiyi V Beynəlxalq “SportAccordConvention” konvensiyası keçirilir.Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva, “Bakı–2015” ilk Avropa Oyunlarının əməliyyat şirkətinin icraçı direktorunun müavini Cim Şerr və başqaları iştirak edirlər.Aprelin 8-də tədbir çərçivəsində 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təqdimatı olub. Təqdimatı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov edib.Nazir Azad Rəhimov bildirib ki, xalqımız ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməkdən böyük fərəh hissi duyur.Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan nazir, idmançılarımızın qazandıqları nailiyyətlər barədə məlumat verib. Bildirilib ki, Avropada idmanın gələcəyini formalaşdırmağa töhfə verəcək “Bakı–2015” Oyunları Azərbaycan ictimaiyyəti üçün yeni şəhər, nəqliyyat, iqtisadi mənfəətlər və infrastruktur deməkdir.Yarışları Avropa Olimpiya Komitəsinin və Avropa idman federasiyalarının nümayəndələrinin də izləyəcəyini bildirən nazir A.Rəhimov dövlətimizin idmana göstərdiyi qayğını xüsusilə vurğulayıb. Dövlətimizin başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti olmasının ölkəmizdə idman siyasətinin uğurla həyata keçirilməsində mühüm rol oynadığını qeyd edən Azad Rəhimov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılan Təşkilat Komitəsinin qısa zamanda gördüyü işlər barədə məlumat verib.Nazir deyib: “Avropa tarixində ilk dəfə qitə üzrə multiidman tədbiri keçiriləcəkdir. Bakıda sürətlə həyata keçirilən quruculuq işləri, yeni infrastrukturun yaradılması paytaxtımızın 2015-ci ildə avropalı atletləri qəbul etməyə tam hazır olacağının daha bir göstəricisidir. Azərbaycan bu oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindədir. Ölkəmizdə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcəkdir. Avropalı atletlər üçün bu tədbir böyük əhəmiyyət daşıyacaq”.Bakıda keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançının iştirak edəcəyini bildirən gənclər və idman naziri Azad Rəhimov səkkiz idman növünün 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacağını diqqətə çatdırıb. Bakıda Avropa Olimpiya Komitəsinin İcraedici Komitəsinin iclasları barədə danışan A.Rəhimov tədbir çərçivəsində idman infrastrukturu, atletlərin məskunlaşması, nəqliyyat, rabitə, media, tibb, dopinq və digər istiqamətlərdə məsələlərin müzakirə olunduğunu bildirib.Nazir birinci Avropa Oyunlarında görmə qabiliyyəti zəif olan cüdoçular arasında yarışın da keçiriləcəyini qeyd edib. Bildirib ki, idman infrastrukturunun ətrafında keçid məntəqələri və təhlükəsizlik xidmətinin yaradılması istiqamətində də işlər görülür.Birinci Avropa Oyunlarının bütün idmansevərlər üçün möhtəşəm bayram olacağını diqqətə çatdıran nazir yarışın başlanmasına az vaxt qaldığını, bu səbəbdən də hazırlıq işlərinin sürətlə davam etdirildiyini bildirib.İşlərin plan üzrə getdiyini diqqətə çatdıran nazir infrastrukturun əksəriyyətinin 2014-cü ilin sonunadək idmançıların ixtiyarına veriləcəyini diqqətə çatdırıb. Bildirmişdir ki, yalnız Olimpiya Stadionunun və Su İdman Sarayının 2015-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulub.Nazir “Bakı–2015” ilk Avropa Oyunlarının loqosu barədə məlumat verərək deyib: “Bizim loqomuz xalqımızın idman irsindən qürur duymasını, qonaqpərvərliyə sədaqətimizi, ölkəmizin idman, biznes və turizm mərkəzi kimi mövqeyini əks etdirir”.Bildirilib ki, azərbaycanlı dizayner tərəfindən tərtib edilmiş bu yeni loqo alov, su, əfsanəvi simurq quşu, xalı və nar daxil olmaqla, ev sahibi ölkənin qədim və müasir mədəniyyətini əks etdirən beş başlıca elementi bir araya gətirib. Açıq ictimai müsabiqə nəticəsində seçilmiş loqo tərtibatı ölkənin təbii gözəlliklərini, mədəniyyətini və irsini, o cümlədən Avropanın ən sürətlə inkişaf edən şəhərlərindən biri kimi Bakının assosiasiyasını təsvir edir. Bu loqo, həmçinin İspaniyanın Atletiko Madrid futbol klubunun oyunçularının idman köynəklərini də bəzəyəcək.A.Rəhimov daha sonra Milli Olimpiya komitələrinin nümayəndələrini maraqlandıran sualları cavablandırıb.Tədbirdə “Bakı-2015”ə hazırlığın gedişi, eləcə də ölkəmizin sürətli inkişafını əks etdirən videoçarx nümayiş olunub.Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. İlk Oyunlarda idmanın 19 növü üzrə 6 minədək idmançı qüvvəsini sınayacaq. Bunlar kamandan oxatma (128 idmançı), su idman növləri (üzgüçülük, su polosu, suyatullanma – 1000), atletika (800), badminton (160), basketbol (3X3, 160 idmançı), boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şose - 350), çimərlik futbolu (256), gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika – 406), cüdo (350), karate (96), atıcılıq (stend və güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 464), güləş (450) və qılıncoynatma (300) növləridir.İdman növlərindən yalnız kanoe Bakıdan kənarda – Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman Mərkəzində təşkil olunacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb