Azərbaycanda şəkərli diabetin artmasının səbəbi nədir? - MÜSAHİBƏ

10:54 | 25.12.2014
Azərbaycanda şəkərli diabetin artmasının səbəbi nədir? - MÜSAHİBƏ

Azərbaycanda şəkərli diabetin artmasının səbəbi nədir? - MÜSAHİBƏ

Həkim-endokrinoloq Xatirə Almazova ANN.Az saytına müsahibəsində şəkərli diabet xəstələrinin sayının artmasından, şəkər xəstəliyinə tutulmamaq üçün hansı qidalardan uzaq durmağın lazım olduğundan və təzə doğulmuş uşaqların diabet xəstəsi olma ehtimalından danışıb. 

- Həqiqətənmi şəkərli diabet olan vətəndaşların sayı ilbəil artır?
 
- IDF-in (Diabetin öyrənilməsi üzrə beynəlxalq federasiya) 2013-cü il məlumatına görə, şəkərli diabeti olan pasiyentlərin sayı bütün dünyada 382 milyona yaxınlaşır. 2035-ci ilə kimi güman edilən artım təxminən 592 milyon nəfər təşkil edəcək. Beləliklə, bu gün hər bir 16-cı vətəndaş şəkərli diabetdən əziyyət çəkir.

Azərbaycanda isə 2013-cü il statistik məlumatlarına görə, şəkərli diabeti olan pasiyentlərin sayı 177 474 nəfərdir. Onlardan 26398 xəstə 1-ci tip şəkər xəstəsidir, 150548 nəfər isə - 2-ci tip.
 
Bu rəqəmlər kifayət qədər aşağıdır, çünki şəkərli diabeti olan xəstələrin əksəriyyəti dövlət poliklinikalarında və dispanserlərdə qeydiyyatda deyillər. Bu xəstəliyin yayılma dərəcəsi davamlı artır. Səbəbi isə oturaq həyat tərzi, şirin qazlı enerji içkilərinin istifadəsi, piylənməyə gətirib çıxaran "fastfud" yeməklərdir.

Şəkərli diabet üzrə risk qrupuna, əsasən artıq çəkidən və mərkəzi piylənmədən əziyyət çəkən, oturaq həyat tərzi keçirən və nəslində bu xəstəliyi olan şəxslər aiddirlər.
 
- Şəkərli diabetin 1-ci və 2-ci tipləri nə ilə fərqlənirlər?
 
- 1-ci tip şəkərli diabet – bu, orqanizmdə insulin çatışmazlığıdır. Müalicə - yalnız intensiv insulinoterapiyadan ibarətdir. 2-ci tip şəkərli diabet - insulinin nisbi azlığıdır. Müalicə adətən şəkərin səviyyəsini aşağı salan preparatlardan başlayır.
 
- Xəstəliyin artmasını hansısa yolla aşağı salmaq olarmı? Bütün problem fəstfudlarda və qazlı içkilərdədir?
 
- Əlbəttə yox. Genetikaya qarşı getmək mümkün deyil. Beləliklə, yanlış həyat tərzinin profilaktikasını keçiririk.

- Əgər sabah bütün xalq kütləvi şəkildə idmanla məşğul olmağa başlasa, diabet xəstəsi olanların sayı azalacaqmı?
 
- Tamamilə yox, amma düzgün qidalanma, rejim, təbii məhsulların qəbulu – meyvə, tərəvəz və s. – bütün bunlar nəticədə müsbət nəticə verəcək. Bu, xüsusən risk qrupunda olan şəxslər üçün əhəmiyyətlidir.
 
Yeri gəlmişkən, heç olmasa ildə 1 dəfə qanda şəkərin miqdarını müəyyən etmək lazımdır.
 
- Bəs qazlı içkilərin və fəstfudun qanunvericiliklə qadağan olunmasına necə baxırsınız. Həyat səviyyəsini artırmaq və əhalinin sağlamlığının qorunması məqsədi ilə, belə ölçülər götürməyə dəyərmi?
 
- Bu, tamamilə əsaslandırılmış qanun olardı. Orta ömür uzunluğu şübhəsiz artardı. Ona görə də mən belə qanunun qəbul olunmasının lehinəyəm.
     
- Müasir tibb diabetin tam müalicəsini tapmayıb, elə deyilmi?

- Təəssüf, hələlik yox. Amma bir çox dərmanlar var, çeşidləri ildən ilə artır.

- Bəs yaxın vaxtlarda dərmanın ixtira ediləcəyi perspektivləri varmı?

- Məsələ ondadır ki, şəkərli diabetin tam müalicəsi mədəaltı vəzinin endokrin (hormonal) hissəsinin tam müalicəsini özündə ehtiva edir. Burada bir dərmanla keçinmək mümkün deyil. Bu günə qədər mədəaltı vəzinin dəyişdirilməsi cəhdləri də həmçinin müvəffəqiyyətlə nəticələnməyib.

İndi həmçinin qana insulit buraxan mədəaltı implant məsələlərinə baxılır. Bu, aktualdır, amma bu proseduru 3-4 ildən bir keçirmək lazım olacaq. Bu, reallaşdırılmayacaq dərəcədə bahadır. Bir çox texniki problemlər onun həyata keçirilməsiylə bağlıdır. Əgər Allah qismət eləsə, şəkərli diabetin panaseyası tapılsa, onda bu, 2-ci tip şəkərli diabetin panaseyası olacaq. Bu, 1-ci tip şəkərli diabetdən də mürəkkəbdir.

- Diabetli xəstələr üçün insulin pulsuzdur?

- Şükürlər olsun, hə. Bununla bağlı elə bir problem yoxdur. Ancaq bizim poliklinikalarımız köhnə nəsil insulinlər verirlər. Yeni insulinlər daha da təkmilləşdirilib, yalnız uşaqlara və yeniyetmələrə çatır.

- Diabetli xəstələrə ixtisaslaşdırılmış mütəxəssislər tərəfindən hansısa bir psixoloji yardımlar göstərilirmi? Bəlkə, hansısa diabet təşkilatları cəmiyyəti var. Diabetli xəstələrə özünə necə qulluq etməli olduqları barədə informasiyalara çatdırılırmı?

- Bəli, sözsüz, endokrin tibbi strukturlarda çoxlu "diabet məktəbləri" mövcuddur. Pasiyentlərə özü-özünə nəzarət, düzgün qidalanma, fiziki fəallıq qaydaları öyrədilir. Həmçinin psixoloji dəstək göstərilir.

- Uşaqların bu xəstəliyə tutulması hadisələrinə qayıtmaq istərdim. Sizin proqnozlarınız nədən ibarətdir? Biz hara gedirik? Gözləntilər necədi?
 
- Diabet xəstələrinin sayı bütün yaş dövlərində böyüyür. Uşaqlar da həmçinin onun içindədir. Gələcək nəslin sağlamlığı haqqında bu gündən düşünmək lazımdır. Ginekoloqlar hamiləlik zamanı qadınlarda qlikemiya (qanda şəkər) monitorinqi keçirməlidir. Tez-tez biz hamiləlik zamanı qestasion diabetin inkişafı ilə qarşılaşırıq. Xüsusən, vaxtında diaqnostika və qlikemiyanın səviyyəsinin korreksiyası körpəyə heç bir təhlükə törətmir. İndi şəkərli diabeti olan qadınlar problemsiz şəkildə dünyaya övlad gətirirlər. Əsas məsələ şəkərə mükəmməl səviyyədə nəzarətdir.
 
İnsanlar bilməlidirlər ki, əgər gələcək ana qestasion diabetə malikdirsə, bu, o demək deyil ki, qan vasitəsilə uşaq mütləq şəkərli diabet olacaq. Bəli, müəyyən risk olacaq, amma bu risk kiçikdir – təxminən 3-4%. Əgər ata şəkərli diabet xəstəsidirsə, onda uşaqda şəkərli diabetin inkişafı ehtimalı bir az yuxarıdır – 7-8%. Əgər hər iki valideyn şəkər xəstəsidirsə onda – 25%.
 
Gələcək ananın şəkərinin korreksiyası dölün normal inkişafına imkan yaradır. Ananın şəkər səviyyəsinin yuxarı olması dölün mədəaltı vəzisinə yüklənməni artırır.
 
- Məlumdur ki, şəkərli diabet xəstələrinin orta ömür uzunluğu son vaxtlar artıb...
 
- Bəli, müalicəyə nəzarət və şəkərli diabeti olan pasiyentlərlə profilaktik tədbirlərin keçirilməsi dövrüylə əlaqədar orta ömür uzunluğu 15-20 il əvvəlki dövrlə müqayisədə artıb. Heç olmasa ildə bir dəfə profilaktik müayinələri unutmaq lazım deyil. Bunlar heç vaxt mane olmayacaqlar.

Həmid Həmidov
ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb