Azərbaycanın ilk cəngavəriMÜSAHİBƏ

19:27 | 03.12.2015
Azərbaycanın ilk cəngavəri – MÜSAHİBƏ

Azərbaycanın ilk cəngavəriMÜSAHİBƏ

Azərbaycanın əməkdar rəssamı, YUNESKO rəssamlar şurasının üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, "Vətən oğlu” qızıl medalının sahibi, Rusiya İmperiya Rəssamlıq Akademiyasının fəxri akademiki, Leonardo da Vinçi mükafatçısı, "Avropa Şərəfinə”, "Böyük Qızıl Cəngavər ulduzu” ordeninin sahibi, Avropa Təbiətşünaslıq elmləri Akademiyasının akademiki, Ümumdünya Rəssamlıq Akademiyasının akademiki və s. Azərbaycanlı rəssam Sakit Məmmədovun prestijli mükafatlarının sayını daha da uzaqtmaq olar.   

Ancaq 2015-ci ildə siyahıya biri də əlavə olundu – O, Cəngavər-Kavalerlər Beynəlxalq Şurasının Malta Ordeninin Zabit mükafatına layiq görüldü. O, belə yüksək mükafata layiq görülən ilk rəssamdır. 

- 2015-ci ilin sizin üçün həqiqətən unikal sayılmalıdır – dünya mədəniyyətinə verdiyiniz töhvələrdən dolayı Cəngavər-Kavalerlər Beynəlxalq Şurasının Malta Ordeninin Zabit mükafatına layiq görüldünüz! Bu hansı töhvələrdir deyə bilərsinizmi?

- Dünya mədəniyyətinə töhvələr...Bundan başqa, Avropa Təbiətşünaslıq elmləri akademiyasının həqiqi üzvüyəm, xaricilər adətən fəxri üzv seçildikləri halda, mənim timsalımda istisnaya yol vermək qərarına gəldilər. Adətən bu mükafata dəqiq elmlərdə çalışanlar layiq görülürlər. Avropada mənim yaradıcılığıma böyük hörmətlə yanaşırlar, çünki mənim işlərim anatomiyayla çox bağlıdır, məsələn, "Adəm və Həvva” və başqaları, bu şəkillərdə mən çox incəliklə və dəqiqliklə personajların anatomik özəlliklərini çəkmişəm, belə mükafata layiq görülməyin buna görə səbəbsiz deyil. 

Avropa müsəlman ölkələrindən olanlara lazım olan hörmətin qoyulmaması fikri çoxları üçün xoşdur. Ancaq mənim bu barədə komplekslərim yoxdur, əksinə, mən fransız, alman yox, azərbaycanlı olduğum üçün qürurluyam! Mən gənc, azad Azərbaycanı təmsil edirəm, bu ölkə dünya arenasına cəsarətlə atılıb və hamını nəinki qədim mədəniyyətiylə, həmçinin müasir istedadlarıyla da təəccübləndirib. Buna görə də bütün mükafatları dünya mədəniyyətinə töhvə kimi Azərbaycan adına almaq mənim üçün böyük şərəfdir. 

- Bu il Luvrda sizin sərginiz baş tutdu. Yəqin bu sizin üçün əlamətdar hadisədir, Luvra hər rəssam yaxın düşə bilmir. 

- «Carrusel du Louvre» beynəlxalq sərgisi bu nəhəng muzeyin bütün üçüncü mərtəbəsini əhatə edirdi və orada müxtəlif ölkələrdən olan 487 rəssamın işləri sərgilənirdi. Hər rəssamın öz art-pavilyonu vardı, mənimkiysə Art Studio Sakit Mamedov adlanırdı. Parisə mən tək yox, tələbələrimlə birgə getmişdim. Açılışdan əvvəl Avropa Təbiətşünaslıq elmləri Akdemiyası məni mükafata layiq gördü, ancaq təəssüf ki, mən orada iştirak edə bilməyəcəkdim, ancaq medal təqdimetməsinin Luvrda baş tutması mənimçün doğurdan da əlamətdar oldu! Bu hörmətli münasibətdən həqiqədən sarsılmışdım...

- Nə qədər çox müksafat qazansaz, bir o qədər təvəzökar olursuz! Bəzən mənə elə gəlir, hədsiz diqqət sizi utandırır. 

- Bəli, diqqətin çox olması məni utandırır, ancaq bunları qazanmaq üçün mən çox çalışmışam. İndiysə mən yalnız işləmək və ailəmlə vaxt keçirmək istəyirəm...
İspaniyada olanda məşhur ispan rəssamı Xoakin Sarolyinin muzeyində onun çoxsaylı medal və mükafatlarının sərgiləndiyini də gördüm, ancaq ziyarətçilər bunlara yox, şəkillərə baxmağa tələsirdilər. Ona görə də mükafat alan kimi, dərhal unuduram. Ancaq heç zaman Azərbaycanı və Azərbaycan mədəniyyətini təmsil etdiyimi unutmuram və heç kimə də vətənim barədə ağız büzməyə imkan vermirəm. Bir dəfə gürcü rəssamların çevrəsindəydim, onlardan biri masa arxasında belə dedi: "Mən İtaliyada, Fransada, İspaniyada, ABŞ-da olmuşam, Bakıda isə olmamışdım, sən demə, Bakı yaxşı şəhər imiş”. O, bunu elə özündənrazılıqla dedi ki, mən susa bilmədim və belə dedim: "Siz hər yerdə turist kimi olmusuz. Mənsə İtaliyadan Leonardo da Vinçi mükafatını, Parisdən YUNESKO ordenini, Almaniyadan isə Avropa Təbiətşünaslıq eləmləri Akdemiyasının həqiqi üzvü titulunu və "Dostluq” ordenini, Şanxayda isə "Qızıl Fırça” mükafatını gətirmişəm. Siz getdiyiniz ölkələrdən turist təəssüratlarından başqa nəsə gətirmisinizmi?”

- O nə dedi? 

- Heç nə, sakit durdu. Digər gürcülərsə məni alqışlamağa başladılar. Bəlli oldu ki, bu yoldaş həmişə xoş olmayan şeylər danışırmış. 

- Belə mükafatlara layiq görüləndə, nə hisslər keçirirsiz? 

- Qürur və məsuliyyət hissi, ancaq mükafatlar heç vaxt mənim həyat məqsədim olmayıb. Mən öz tələbələrimə göstərmək istəyirəm ki, rəssam bomj kimi yaşamamılıdır. Dünyada indi saysız-hesabsız rəssam yaşayıb yaratsa da, insanların əksəriyyəti hələ də "rəssam” sözünü eşidəndə, saqqallı, kirli paslı bir alkoqoliki beyinlərində canlandırırlar. Mən öz yaradıcılığımda, həm də həyat tərzimdə bu stereotipin səhv olduğunu vurğulamağa çalışıram. İnsanlarda pis təəssürat yaradan bəzi rəssamlara mən yumşaq desəm, böyük kədərlə baxıram. Rəssam elə yazmalı və çəkməlidir ki, ziyarətçilər və pərəstişkarlar onun boyalarını öpmək istəsinlər! Ancaq insan fiziki və mənəvi zibilliyin içində yaşayırsa, ilhamlanmaq üçün o daim özünü süni şəkildə qızışdırmalıdır, belə halda hansı yaradıcılıqdan danışmaq olar? Ayıq başla yaratmaq, ilhamı isə qaranlıqda deyil, açıq havada axtarmaq lazımdır. Mənə məsələn, dopinqlər lazım deyil, sadəcə ürəyimin səsini dinləyirəm. Hər şey sənin dünyaya necə baxmağından asılıdır...

- Təəssüf ki, heç də hamı sınağı layiqincə keçə bilmir, axı şöhrət və rifah rəssamın evində nadir qonaqdır...

- Dünyada hər şey pulla ölçülmür... Milyonçular var Rembrandtın, Van Qoqun əsərlərini milyon dollarlar verib alırlar, ancaq yanlarındakı yoxsul, xəstə insanları görməzdən gəlirlər. Rembrandtı Tanrıdan uca hesab edirlər, ancaq rəssamı yaradan tanrıdır, əksi yox. İnsanlar yuxarı qalxmaq istəmirlər, çünki Tanrıya gedən yol çox çətindir. 

Mən inanclı insanam, ancaq Ramazan bayramında zəng edin təbrik edən bəzi insanlara əsəbləşirəm! Mənə zəng vurmaqdansa, ehtiyacı olana əl tut. 

- Ona görə ki, siz bizim Rembrandtımızsız, ona görə də çoxları sizin şöhrətinizin orbitinə düşmək istəyir!

- Axı bu düzgün deyil! Şöhrət üçün çalışmaqdansa, xoş əməllər üçün çalışmaq lazımdır. Kiminki ciddi ehtiyacı var, mən onlara daim kömək etməyə çalışıram. Çoxları mənim öz vəsaitimlə tələbələrimə dəstək olduğumu, onları daim xaricə, muzeylərə, dünyanı görməyə apardığımı bilirlər. Bunu məni tərifləsinlər deyə demirəm. Hər bir müsəlman üçün norma olmalı bir şey üçün insanları tərifləməyə dəyməz!

- Bizim üçün mesenatlıq və xeyriyyəçilik o qədər də vacib deyil. Bu çox qəribədir, çünki bizim Zeynəlabdin Tağıyevin timsalında möhtəşəm nümunəmiz var?!

- Bəli! Parisdə olanda mən tələbələrimi muzeylərə aparırdım və geri qayıdanda onlarda qeyri-adi təəssüratlar yaranmışdı. Mənsə onların işə can yandırmalarını və günlər uzunu çəkdiklərini görüb sevinirdim. Mənimçün ən böyük mükafat budur!

Mükafatlarıma qaldıqda isə... Bu dünyadan heç nəyi özümüzlə aparmayacağıq.. Onlar mənim vətənimə, tarix və muzeylərə qalacaq. Mən öz nailiyyətlərimizə Azərbaycan rəssamlığının səviyyəsi kimi baxıram. Əgər avropalılar bir addım atırsa, biz diqqət cəlb etmək üçün üç addım atmalıyıq, ona görə də vətənimizin hər uğuruna sevinirəm. 

İlk Avropa Oyunları zamanı mən telekanallardan birindəki çıxışımda dedim ki, insan birinci növbədə adı üçün çalışmalıdır, sonra isə ad iş üçün çalışmağa başlayır. Dövlətlərdə də eyni cürdür! Biz Azərbaycanın müsbət imicinin yaranması üçün çox və ciddi cəhdlə çalışırıq, buna çox pul xərclənir. Amerikalılar deyirlər ki, qazanılan 100-ün 99-u reklama xərclənməlidir. Ona görə də bizim bütün layihələrimiz gələcəyə, yeni nəslə töhvədir. Üstəlik, Oyunlardan sonra hər şey – yeni stadionlar, körpülər, tunellər, yollar, otellər, yaşayış binaları xalqa qaldı. 

Mən həm də qürur duyuram ki, çempioanlar arasında çoxlu qızlarımız var idi. Beləliklə, biz dünyaya bir daha göstərdik ki, müasir Azərbaycan qadını evdar qadın deyil, ölkəmizdə baş verən bütün tərəqqi proseslərinin fəal üzvüdür. Bizim qadınlarımız oxuyur, işləyir, idmanla məşğul olur və qalib gələ bilir. 

Parisdən gələndə Bakının gözəlliyini görüb mat qalmışdım. Əvvəllər qonaqlarım gəlirdi, mən onları şüşə yollarda gəzdirirdim ki, çatışmazlıqlarımızı görməsinlər. Bu günsə onları gəzdirəndə qürur duyuram, onlar son illərdə baş verən dəyişiklikləri görüb heyran qalırlar. Əlbəttə, bizim çoxlu problemlərimiz var, ancaq biz daim irəli gedirik! Azərbaycan təkcə tarix yazmır, o, bunu qızıl hərflərlə yazır!


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM