Bakıda sexdəki yanğında ölənlərin sayı 7-yə çatıb – Yenilənib

22:01 | 15.01.2024
Bakıda sexdəki yanğında ölənlərin sayı 7-yə çatıb – Yenilənib

Bakıda sexdəki yanğında ölənlərin sayı 7-yə çatıb – Yenilənib


Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin meyiti tapılıb.

Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

17:21
 
Binəqədidə baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Bu barədə Apa agentliyi məlumat verib.  

15:38
 Binəqədidə A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın tam söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəis müavini polkovnik Rza Xudiyev bildirib.
 
Onun sözlərinə görə, saat 11:54 radələrində qurumun qaynar xəttinə məlumat daxil olub.

"6 dəqiqə sonra yanğınsöndürənlər hadisə yerinə çatıblar. Yanğın qısa müddətdə tam söndürülüb. Xəsarət alan 22 nəfər təxliyə olunub. Axtarışlar zamanı 3 nəfərin cəsədi tapılıb. 3 nəfər zərər çəkmədən xilas edilib. Axtarış xilasetmə tədbirləri davam etdirilir”,- rəis müavini polkovnik Rza Xudiyev Bakıda mebel sexində baş verən partlayışla bağlı jurnalistlərə açıqlamasında deyib. 
 

14:58
 
Binəqədidə baş verən yanğında ilkin olaraq 3 nəfərin ölüm faktı təsdiqlənib. Bu barədə Baş Prokurorluq məlumat yayıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.

Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
14:39
Bakıda sexdəki partlayış-yanğında 24 nəfər xəsarət alıb. Bu barədə TƏBİB məlumat yayıb. 
 
"Xəsarət alanlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub. Baş verən yanğın hadisəsində xəsarət alan 10 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Xəstələr müştərək politravma, bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları ilə xəstəxanaya yerləşdirilib. 14 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub", - məlumatda deyilir. 

 
13:00
Binəqədidə yerləşən sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
 
 
13:00
Baş verən yanğınla əlaqədar əraziyə 15 15 təcili yardım briqadası cəlb olunub. Bu barədə TəBİB məlumat yayıb. 
 
12:14
Binəqədidə, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın başlayıb. Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Aytac Zeynalova 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM