Trend
AccessBank-ın İdarə Heyətinin Sədr müavini Şakir Rəhimovun müsahibəsini oxuculara təqdim edir.
Salam, Şakir müəllim. İlk öncə ümumilikdə Azərbaycanın bank sektoru
haqqında söhbət etmək istərdik. Hazırki iqtisadi şəraitdə bank sektorundakı
vəziyyəti necə qiymətləndirirsiniz?
Ümumilikdə, mən Azərbaycanın bank
sektorundakı vəziyyəti heç də asan olmayan kimi xarakterizə edərdim. Nəzərə
alsaq ki, banklar ölkə iqtisadiyyatına sıx inteqrasiya olunmuş bazar
iştirakçılarıdır, eləcə də, xarici mühitdə baş verən dəyişikliklərə daha çox həssasdırlar,
2015-2016-cı illərdə baş verən əlverişsiz proseslər və makroiqtisadi göstəricilərin
pisləşməsi bank sektoruna kifayət qədər mənfi təsir göstərmişdir. Bu proseslər
hamıya yaxşı məlumdur. Belə ki, xarici proseslərdən neftin qiymətinin enməsini,
qonşu ölkələrin valyutalarının dəyərdən düşməsini və vətəndaşlarımızın digər
ölkələrdən pul köçürmələrinin azalmasını, daxilili proseslərdən isə manatın
devalvasiyasını, iqtisadiyyatın dollarlaşması və ölkənin ÜDM-in artım templərinin
azalmasını qeyd etmək olar. Buna iqtisadi yüksəliş dövründə bəzi banklarda aktivlərin
aqressiv artımı prosesi zamanı zəif risk idarəetməsi səbəbindən yaranan
problemləri də əlavə etsək, bank sektorunda vaxtı keçmiş kreditlərin əhəmiyyətli
dərəcədə artması, likvidlik problemləri və zərərlərlə müşayət olunan həmin çətin
vəziyyəti görmüş olarıq.
Sizin fikrinizcə bank sektorundakı vəziyyətin sabitləşməsi üçün hansı
tədbirlərin görülməsi zəruridir?
Bank sektorundakı vəziyyətin sabitləşməsi
üçün zəruri tədbirləri iki istiqamətə bölmək olar: dövlət tərəfindən görülən tədbirlər
və bankların özləri tərəfindən həyata keçirilənlər.
Dövlət maliyyə bazarındakı vəziyyəti
sabitləşdirmək üçün artıq bir sıra zəruri addımlar atmışdır. Əsas addımlardan
biri olaraq əhalinin əmanətlərinin tam sığortalanmasını qeyd etmək istərdim ki, bu, banklardan əmanət
axınının qarşısını dərhal almışdır. Amma nəzərə alsaq ki, əmanətlər əsasən
dollar valyutasında saxlanılır, dollar valyutasında olan kreditlərə zəif tələb
şəraitində bankların bu vəsaitləri yerləşdirməsi çox çətinləşmişdir. Yekun nəticədə
bu, bankların özlərinin əsas fəaliyyətindən – sahibkarların və əhalinin kreditləşdirilməsi
fəaliyyətindən kənarda qalmasına gətirib çıxarır. Buna görə bankların müştərilərə
kreditlər təqdim edə bilməsi üçün uzunmüddətli manat resurslarına çıxış
imkanının olması zəruridir. Təbii ki, bu halda həmin vəsaitlərin banklar tərəfindən
yerləşdirilməsinin səmərəliliyini təmin edən bir mexanizm işlənib hazırlanmalıdır.
Mən həmçinin, banklara borcalanlar üzrə
riskləri daha yaxşı qiymətləndirməyə və böhran vaxtı bankın əsas xərc
kateqoriyalarından olan risk marjasının azaldılmasına imkan verə biləcək kredit
bürosunun yaradlmasının vacibliyini qeyd etmək istərdim.
Bankların özlərinin görə biləcəyi tədbirlərə
gəldikdə isə, ilk növbədə mümkün qədər tez bir zamanda öz zərərlərini tanımalı və
yeni reallığa əsaslanan strategiya hazırlamalıdırlar. Həm beynəlxalq təcrübə, həm
də ölkəmizin təcrübəsi onu göstərir ki, bankların öz zərərlərini ehtimal etdikləri
gələcək gəlirlər hesabına kompensasiya edəcəklərinə ümid edərək, vaxtında
tanımaq istəməməsi gələcəkdə daha böyük zərərlərə gətirib çıxarır.
Digər tərəfdən isə banklar öz
aralarında mümkün qədər sıx iş birliyi qurmağa, təcrübə və informasiya mübadiləsi
aparmağa çalışmalıdırlar. İqtisadiyyatda "oyun nəzəriyyəsi" adlanan bir
anlayış mövcuddur. Bu nəzəriyyəyə görə, əgər oyunçular bir-birinə qarşı müqavimət
göstərmək əvəzinə sağlam rəqabət apararaq qarşılıqlı iş birliyində olurlarsa, o
zaman bundan daha çox faydalanırlar. Xüsusilə də, böhran zamanı bu daha çox
vacibdir, çünki bir bankda yaranan problem bütün bank sektoruna qarşı
inamsızlığa gətirib çıxara bilər. Təqdirəlayiq haldır ki, son vaxtlar banklar
bir-biriləri ilə daha yaxşı əməkdaşlıq etməyə başlamış və Banklar Assosiasiyası
isə bank sektorunda daha fəal rol oynamağa başlamışdır.
Zərərlərdən danışarkən, qeyd etmək lazımdır ki, banklar
problemlərlə üzləşdikdə tənzimləyicinin dəstəyi çox vacibdir. Maliyyə Bazarlarına
Nəzarət Palatası elan etmişdir ki, hər bir bank üçün maliyyə sabitliyinin gücləndirilməsi
üçün fərdi proqram hazırlayır. AccessBank üçün də müvafiq proqram hazırlanırmı?
Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası
bank sektorunun diaqnostikasını aparmaqdadır. Biz buna çox müsbət baxırıq, belə
ki, bu vəziyyətdə tənzimləyicinin hər banka fərdi yanaşması çox vacibdir, çünki
hər bankın özünəməxsus problemlərinin olması fərqli qərarların qəbul edilməsini
zəruri edir.
AccessBank-da da qeyd olunmuş diaqnostika
aparılmışdır. Bu diaqnostikanın nəticələri göstərmişdir ki, bank yaxşı likvidlik
səviyyəsinə və kapital adekvatlılığına malikdir. Eyni zamanda, xarici mühitdəki
dəyişikliklərə qarşı güclü dayanıqlılığı təmin etmək üçün əlavə addımlar atmaq
istiqamətində bizə tövsiyələr olunmuşdur. Qeyd etmək istərdim ki, tənzimləyicinin
bütün tövsiyələri bankın təsisçiləri tərəfindən dəstəklənmişdir. Ümumilikdə qeyd
edə bilərəm ki, biz həm Palata, həm də Mərkəzi Bankla bütün məsələlər üzrə səmərəli
əməkdaşlıq edirik.
Bəs Bank öz səhmdarlarından hansı dəstəyi alır?
Biz təsisçilərin dəstəyini bütün səviyyələrdə
hiss edirik. Misal olaraq AccessBank bu yaxınlarda Qara Dəniz Ticarət və İnkişaf
Bankından 17 mln. dollar məbləğində vəsait cəlb etmişdir və Avropa İnvestisiya
Bankından 20 mln. avro məbləğində vəsait cəlb etməyi planlaşdırır. Həmçinin ötən
il, Beynəlxalq Maliyyə Korporasiyası bankımıza 25 milyon dollar məbləğində
subordinasiya krediti vermişdir. Qeyd etdiyim maliyyə institutlarının hamısı bizim
təsisçilərimizdir və fikrimcə bu, səhmdarlarımızın bizi dəstəklədiyini açıq-aşkar
nümayiş etdirir.
Banklar ölkədə biznesin inkişaf etməsində və
müvafiq olaraq iqtisadiyyatın inkişafında mühüm rol oynayır. Sizcə bu gün hansı
sahibkarlıq sahələrinin dəstəklənməsi məqsədəuyğun olardı?
Hazırda daxili istehsalın dəstəklənməsi
çox vacibdir. Lakin bununla belə biz hər şeyi özümüz istehsal edə bilməyəcəyimizi
və idxal yönümlü biznesin də zəruri olduğunu nəzərə almalıyıq. Mən daxili
istehsalatı məhz həmin idxalçılarla təşkil etməyin ən yaxşı variant olduğuna əminəm,
çünki onlar sahibkarlıq təcrübəsinə və lazımi bacarıqlara malikdilər. Düşünürəm
ki, elə onlar ölkənin "sahibkarlıq kapitalını" təşkil edirlər. Banklar
idxalın əvəzləməsinə yönələn daxili istehsalatın inkişaf etdirilməsi üçün müsbət
kredit tarixçəsinə malik olan biznes subyektlərinə kredit verməklə məhz burada mühüm
rol oyanamalıdırlar. Hal-hazırda daxili istehsalatla məşğul olan müəssisələrin
kreditləşməsi bizim bank üçün də prioritetdir belə ki, bizim kredit portfelimizin
90%-i mikro, kiçik və orta sahibkarlara, əsasən də regionlara verilən kreditlərdən
ibarətdir.
ələcək inkişafa dair bankın hansı planları vardır? İndiki iqtisadi şəraitdə bank öz inkişaf strategiyasına düzəlişlər etməyə ehtiyac görürmü?G
Hal-hazırda biz bankın məhsul və proseslərinin
optimallaşdırılması və inkişafı üzrə strategiya hazırlamaqdayıq. Biz onları
bazarda baş verən dəyişikliklərə daha çox uyğunlaşdırmaq və eyni zamanda
nağdsız hesablaşmalar və e-bankinq sahəsində yaranan imkanlardan yararlanmaq
istəyirik. İnternet bankinqin inkişaf etdirilməsi bu strategiyanın əsas
elementlərindən biridir. İnternet bankinq xidmətini biz ötən ilin oktyabr
ayında istifadəyə vermişik və o müştərilər tərəfindən böyük maraqla istifadə
olunur. Biz müştərilərimizin bu xidmət kanalını belə müsbət qarşıladıqlarına
görə çox şadıq, bu bir daha bu sahədə böyük potensialın olmasından xəbər verir.
Bu sahədə atılacaq növbəti addımımız yaxın aylar ərzində mobil bankinqin
istifadəyə verilməsi olacaqdır.
Bizim kiçik və orta sahibkarlara maliyyə xidmətlərinin
göstərilməsi üzrə strategiyamız dəyişməz olaraq qalır, bu bizim əsas istiqamətimizdir.
Həmçinin kənd təsərrüfatı ilə məşğul olan müştərilərə xidmətin göstərilməsi məqsədi
ilə regionlarda fəaliyyət göstərməyimiz dəyişməz olaraq qalır.
Sonda
sizi növbəti qələbə ilə təbrik etmək istərdik. Bu yaxınlarda AccessBank hər il
keçirilən Euromoney mükafatının təqdimat mərasimində "Azərbaycanın ən Yaxşı
Bankı" elan edilib. Sizin fikrinizcə ölkənin ən yaxşı bankını nə
xarakterizə edir? AccessBank-ı sektorun digər iştirakçılarından nə
fərqləndirir?
Hər il dünyanın 70 ölkəsində bank işi, maliyyə və
investisiya sahəsində ən yaxşı nailiyyətlərə görə mükafatlar təltif edən
dünyanın ən məşhur jurnallarından biri tərəfindən altıncı dəfə "Azərbaycanın
ən Yaxşı Bankı" seçilmək bizim üçün çox xoş oldu. Bu mükafat həm yerli
bazarda, həm də beynəlxalq maliyyə içtimaiyyəti səviyyəsində Bankın yüksək
reputasiyaya malik olduğunu təsdiq edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !