Baş infeksionist: "Məktəblər açılırsa demək Operativ Qərargah belə məsləhət bilib..."

16:22 | 28.08.2020
Baş infeksionist:

Baş infeksionist: "Məktəblər açılırsa demək Operativ Qərargah belə məsləhət bilib..."

Azərbaycan Respublikasının Təhsil Nazirliyi orta və ali məktəblərdə sentyabrın 15-dən dərslərin mərhələli şəkildə bərpa olunmasına qərar verib. Maraqlıdır ki, təhsilin bu formada bərpa olunması təhsilə və koronavirusun artmasına nə kimi təsir edə bilər?
 
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, yeni təklif olunan qərarlar bir sıra cavabsız suallar doğurdu. 
 
"Yeni təklif olunan qərarların müsbət tərəfi odur ki, tədris başlayır və martdan bu yana online təhsilə qoşula bilməyən uşaqlar məktəbə gedə biləcək.  Çatışmayan və cavabı hələ də məlum olmayan suallar da az deyil. Həftədə 2-3 dəfə məktəblərin fəaliyyəti iki yerdə işləyən müəllimlər üçün bir sıra problemlər yaradacaq. Daha sonra 210 gün məktəbə gedən uşaqlar tədris proqramını 68 günə mənimsəməli olacaq. 37% müəllim isə risk qrupuna daxildir. Bu müəllimlərin necə əvəz olunması da hələ məlum deyil. Çünki həmin müəllimlər dərsə getmədiyi halda onları əvəz edəcək kadrlar olmalıdır. Maraqlıdır bu məsələ necə tənzimlənəcək?”, - deyə ekspert vurğulayıb. 

Ekspert onu da bildirdi ki, ali təhsillə bağlı verilən qərarlar ədalətli deyil.

"Düşünürəm ki, universitetlərdə müəyyən qaydalarla tədrisin bərpası mümkün idi. Bundan əlavə özəl liseylərlə, kurslarla bağlı heç bir qaydalar açıqlanmadı və hətta bu haqda qərarların təklifi yoxdur. Onu deyə bilərəm ki, tədrislə bağlı təklif olunan  qərarlar mənim maydan bəri təklif etdiyim qərarlar idi”.
 
Kamran Əsədovun firincə, ən qəribə məqam isə ictimaiyyətdə təhsillə bağlı qərarların müzakirəsi yox, məhz nazirin azərbaycanca danışması, gülümsəməsi daha çox diqqət çəkib.

"Əslində insanlar naziri deyil verilən qərarları müzakirə etsəydi daha gözəl olardı. Valideynlər hələ də məktəbli forması ilə bağlı  məlumatlandırmayıblar. Dərsliklə bağlı bir qayda yoxdur. Magistraturada oxuyan tələbələrin isə taleyi haqqında heç nə deyilmədi”.
 
Ekspert son olaraq onu bildirdi ki, universitetlərdə ödənişli əsaslarla oxuyan uşağlara güzəştlərin olmaması səhv qərardı.

"Çox təəssüf edirəm ki, universitetlərin distant təhsilə keçməsinə baxmayaraq tələbələrə ödənişlə bağlı  güzəştlər edilmədi”.
 
" Düşünürəm ki, təhsil haqqları əvvəlki kimi tam formada ödənilməli deyil. Aəzrbaycanda 175 min tələbə var. Bunlardan 15 min 600 nəfəri dövlət tərəfindən dəstək alıb. Yerdə qalan 113 min tələbəyə isə heç bir güzəşt tətbiq olunmayıb. Bir sözlə ödənişlər müqavilədə göstərilən kimi yerinə yetirilmir”.
 
 
Milli Məclisin elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva isə bildirdi ki, təhsil nazirinin təklif etdiyi yeni qaydalar indi pandemiya dövrü üçün məqsədəuyğundur.

" Biz bu gün pandemiya dövründə yaşayırıq. Yaxın keçmişə nəzər salsaq koronavirusa yoluxanların sayı iki rəqəmlidən 3 rəqəmliyə qalxdığını görərik. Belə olan halda məktəblərin 15 sentyabrdan tam formada açılması doğru olmazdı. Bu yoluxma sayını artıra bilərdi. Məhz bunları nəzərə alaraq yeni qərarları tam düzgün hesab etmək olar.  Ən azından dərslərin həftədə 2-3 dəfə olması online təhsildən daha yaxşıdır. Çünki ənənəvi təhsilin müsbət tərəfləri daha əhəmiyyətlidir".
 
Kamilə Əliyeva ödənişlərdə güzəştlərin edilməsindən də danışdı.
 
"Təhsil komitəsinin üzvü  kimi mən dəfələrlə çıxışlarımda və Təhsil Nazirliyinin konfranslarında güzəştlərin olunması barədə təkliflər irəli sürmüşəm.
Ən azından tələbələrə ödənişləri hissə-hissə ödəmək imkanı yaradıla bilər. Düşünürəm ki, Milli Məclisdə təhsil kreditləri haqqında qanun layihəsi hazırlansa bu kimi problemlər öz həllini tapar”.
 
 
Məktəblərin açılması COVİD-19-a yoluxma sayına necə təsir edə bilər sualına baş infeksionist Cəlal İsayev belə cavab verdi:
 
 
" Bu qərarları Təhsil Nazirliyi verməyib. Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlardı. Əgər belə məsləhət biliblərsə sadəcə əməl etmək lazımdır. Mən sadəcə Operativ Qərargahın verdiyi qərarları dəstəkləyirəm. Yoluxumaların sayında artımı gələcək göstərəcək. Əgər xəstələrin sayında artım olacaq ehtimalı olsaydı Operativ Qərargah belə qərar verməzdi” – deyə o, bildirib.

Gülnar Nazimqızı
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb