Bəstəkar Fərəc Qarayev: "Ev almağa imkanım yoxdur" - MÜSAHİBƏ

14:06 | 28.05.2014
Bəstəkar Fərəc Qarayev: "Ev almağa imkanım yoxdur" - MÜSAHİBƏ

Bəstəkar Fərəc Qarayev: "Ev almağa imkanım yoxdur" - MÜSAHİBƏ

Moskva konservatoriyasının professoru, bəstəkar Fərəc Qarayevlə Bakıda, onun atası Qara Qarayevin abidəsi yanında görüşdük. Abidə 2014-cü ilin fevralında, “Nizami” kinoteatrının yanında qoyulub. Böyük Azərbaycan bəstəkarı hər gün Səməd Vurğun 21 ünvanında yerləşən evindən çıxıb, konservatoriyaya gedərkən yolunu bu bağçadan salarmış. Abidənin ətrafı Qara Qarayevin ölməz valsının notlarının həkk edildiyi qranit lövhələrlə örtülüb.- Deyirlər, incəsənət xadimləri ailədə hökmran olurlar. Bəs Qara Qarayev necə insan idi, abidənin ruhu sizin atanızın xarakterini əks etdirirmi? - Qara Qarayev ailədə həlim bir insan idi, o, həmişə uşaqların fikirinə qulaq asardı – mənim və Zulya bacımın da. O, bizim nazımızla oynamırdı, çünki ciddi və ədalətli ata idi. Heç vaxt hökmranlıq etməyib. Onunla danışmaq, razılığa gətirmək, onu inandıraraq fikirini dəyişdirmək mümkün idi. Amma bizim evdə pozulmayacaq müqəddəs qaydalar vardı: evdə barmaqlarımızın ucunda gəzirdik, atam öz kiçik kabinetində işlə məşğul olarkən, qonaq dəvət etmirdik. "Atamız işləyir", - bu, müqəddəs qayda idi. - Valideynlərinizlə hansı dildə ünsiyyət qururdunuz? - Nənəm və babam öz aralarında azərbaycanca danışırdılar, bizimlə - uşaqlarla isə nəyəsə görəsə rusca danışırdılar. Əslində, o dövrün siyasəti belə idi. Mənim babam – həkim Əbülfəz Qarayev vəfat edərkən, o vaxtkı Az KP MK-nin birinci katibi onu müsəlman qəbiristanlığında dəfn etməyə icazə vermədi.-  Qarayevin bütün uşaqları musiqiçi oldular? - Bildiyiniz kimi, mən Moskvada musiqi nəzəriyyəsindən dərs deyirəm və əsərlər yazıram. Bacım Züleyxa da həmçinin musiqiçidir. O, 30 ildir Türkiyədə ailəsi ilə yaşayır. Onun əri – Elşad Bağırov, çox gözəl dirijordur, bu yaxınlarda onun Bakı Dövlət Filarmoniyasında konserti oldu. BülBül adına orta musiqi məktəbində oxuyurdum, royalda ifa edirdim və 8-ci sinifdə anladım ki, məndən Rixter çıxmaz. Başqa peşə seçmək istədim. Və onda atam mənə dedi – təhsilini qurtar, diplomunu al, ondan sonra Tibb institutuna və ya başqa ali məktəbə daxil olarsan. Amma mən o vaxta qədər artıq öz musiqilərimi yazırdım və indi seçimimə görə peşman deyiləm. Əgər o məni musiqi məktəbində oxumağa məcbur etsəydi, yəqin daha pis olardı. Mən musiqidə həyat yaşadım və bu, xoşbəxtlikdir. Amma mənim uşaqlarım musiqiçi olmadılar. Oğlum Əjdər babası Əbülfəz Qarayev kimi pediatr oldu. Qızım – Mədinə televiziya mühəndisi oldu. O, Moskvadakı STS  telekanalında işləyir. Üç nəvəm var. - Bakıda Qara Qarayevə gec abidə qoydular… - Heç vaxt olmamaqdansa, gec olması daha yaxşıdır. Heykəlin üstündə illərlə işləyirlər. Müəllif - Fazil Nəcəfov mənə eskizləri göstərdi, fikrimi öyrəndi, aramızda yaradıcılıq və dostluq ünsiyyəti var idi. Uzun müddət heykəltəraş və heykəl üçün yer axtardıq, həm də bu, çox bahalı iş idi. Abidə çox yaxşıdır, amma deməliyəm ki, Qara Qarayevin adı abidəsinin dörd tərəfində yazılıb. Bu, artıq heykəltəraşın günahı deyil, bu, memarın əyalətçiliyidir.     - Siz Moskvada yaşayırsınız… - Təxminən 30 ildir... Vaxt var idi Moskvadakı işimi Bakı konservatoriyasında tədrislə birləşdirirdim, amma bu, çox çətin idi. 70 yaşım var, Moskvaya isə 80-ci illərin sonlarında getdim. Məni Moskva Konservatoriyasına işləməyə dəvət etdilər. Mən musiqi nəzəriyyəsi kafedrasında işləyirəm, musiqişünaslarla çox yaxşı münasibətdəyəm. Bəstəkar bölməsində işləmək çətindir, tələbələrin arasında çoxlu qabiliyyətsizləri və istedadsızları var, hərçənd, əlbəttə, güclü uşaqlar da var. - Şənbə günü Lüteran kilsəsində kamera instrumental ansamblının və Məbud Məhərrəmovun ifasında İqor Stravinskinin "Əsgərin hekayəsi" süitasını göstərirdilər. Razı qaldınız? - Çox razı qaldım. Əvvəlcə mən Bakıya Moskvadan kamera ansamblını dəvət etməyi planlaşdırırdım, amma onlar şıltaqlıq edib imtina etdilər, sonra birdən razılaşdılar, amma onda artıq mən razılaşmadım və Məbud Məhərrəmova müraciət etdim. O, üç gün ərzində monotamaşa hazırladı və bütün partiyaları özü ifa etdi. Bu, mükəmməl idi, mən onu Lui de Fünesin iştirak etdiyi köhnə fransız komediyasından olan personaja bənzədərək "İnsan-orkestr" adlandırdım. O, dedi ki, əgər üç gündən daha çox məşq etsəydik, onda daha artıq şeylər fikirləşərdim. "Əsgərin hekayəsi" Bakıda ilk dəfə 51 il əvvəl -  1963-cü ildə ifa edilib, o vaxt dirijor Leo Qinzburq Moskva artistləriylə gəlmişdi.    Bu konsert "Zamanla üz-üzə" layihəsi çərçivəsində keçirilib, layihəyə mən rəhbərlik edirdim. Mədəniyyət və Turizm Nazirliyindən mənə dedilər ki, bu layihə davam etməyəcək, çünki 2015-ci ilin aprelində Bakıda Q.Qarayev adına altıncı müasir musiqi festivalı olacaq. Artıq hazırlıq işlərləri gedir. Əvvəlki beş festival 1986-da, 1988-də və 1990-cı ildə keçirilmişdi, dördüncüsü 2011-ci ildə, beşincisi isə 2013-cü ildə oldu. Mən festivalın bədii rəhbəri funksiyalarını yerinə yetirirdim. Bu, Qara Qarayevin oğlu olaraq mənim borcumdur. - Sizin Bakıda eviniz var? - Xeyr. Moskvaya köçərkən evimizi satdıq. Bakıya gələrkən, harda olsa yaşayıram. Festivallar keçirilərkən, qonaqlarla birlikdə mehmanxada qalıram, layihə keçirərkən isə mənə sadə ev tapırlar, çünki mehmanxanada bahaçılıqdı. Burada ev almağa imkanım yoxdur. Belə bir hədiyyə üçün isə müraciət etmək olmaz. 1988-ci ildə, atamın dəfnində mən ailəm adından çıxış edirdim. Zalda mərhum Heydər Əliyev əyləşmişdi. Zala enərkən, o, məni qucaqladı və görüşə dəvət etdi. Onunla görüşməyə uzun müddət qərar verə bilmirdim, amma mənə zəng vurdular və Heydər Əliyevin məni gözlədiyini dedilər. Görüşdük, uzun müddət hər şey haqqında danışdıq, xatirələri yada saldıq… Ona "Musiqi akademiyası" adlı Moskva jurnalını gətirdim, bütün nömrə Azərbaycana həsr edilmişdi. Biz bunu Moskva erməniləri və yəhudiləri ilə birlikdə etdik. Heydər Əliyev jurnalı gözdən keçirdi və çox razı qaldı. Sonra evimin olub-olmamasını soruşdu, öyrəndi ki, evim yoxdur. Dərhal icra başçısına zəng vurdu və mənə üç otaqlı ev ayırmağı tapşırdı.Əslində birotaqlı evimin, amma mərkəzdə olmasını istəyirdim. Mərkəzdə bir otaqlı ev almaq üçün həmin üçotaqlı evi satdım. Və birdən inflyasiya oldu, pul qiymətdən düşdü və 20 min dollara nəsə əldə etmək qeyri-mümkün bir şeyə çevrildi. Beləcə mənzili dəyər-dəyməzinə satdım, pul da əldən getdi. Ona görə də deyirəm ki, ikinci dəfə eyni xahişlə müraciət etmək olmaz. -  Moskvada müəllimlik fəaliyyətiniz necə gedir? -  Başqa yerdə necədirsə, Moskvada da eləcə – fərasətsiz, istedadlı və çalışqan insanlar var. Konservatoriyada klassik musiqiyə həmişə maraq olacaq. Bu, belə bir yerdir. Efirdə isə ildən-ilə klassik musiqiyə az yer verilir. - Məni  həmişə təəccübləndirən odur ki, müstəmləkə sovet Azərbaycanında klassik musiqi çiçəklənirdi, inkişaf edirdi. Üzeyir Hacıbəyov, Asəf Zeynallı, Qara Qarayev kimi nəhənglər məhz Sovet dövründə yetişdi. Amma müstəqil Azərbaycanda belə şəxsiyyətlər doğulmur. - "Müstəmləkə" sözü mənim xoşuma gəlmir. Bu, müstəmləkə deyildi. Azərbaycan və Rusiya yeganə sovet respublikaları idi ki, dotasiya hesabına yaşamırdı. Dahilərin yaranması sizin dediyiniz məsələ ilə bağlı deyil. Ümumiyyətlə, bizdə indi də istedadlı insanlar var. Bütün dünyada klassik musiqi ikinci plana keçir. Birinci yerə şou proqramlar çıxır, hətta ciddi bəstəkarlar belə pul gətirən əsərlər yazırlar. Bu, çox mürəkkəb və qlobal prosesdir. Mən pula görə yazmıram. Cavanlıqda çox yaxın dostum, hazırda mərhum Leonid Vanşteynlə operetta yazdım. Bu operettanı Saranskda və Volqoqradda tamaşaya qoydular, il ərzində biz maaşımızdan 5 dəfə artıq qonorar alırdıq. Bizdən bu əsərlə gəlir əldə etmək üçün Ukraynaya yola düşməyi xahiş edirdilər, biz  isə imtina edərək deyirdik ki, bizə pul lazım deyil.İndi də məni pul maraqlandırmır. Uşaqlar böyüyüblər, özləri pul qazanırlar və onlar mənim qayğıma qalırlar və soruşurlar: "Ata, sənə nəsə lazımdırmı?". - Sizin Azərbaycanla produktiv münasibətləriniz var. - Ürəyim burdadır. Bu, mənim borcumdur. Gənc Tamaşaçılar Teatrında "Zamanla üz-üzə" layihəsi çərçivəsində keçirilən konsertdə Azərbaycan gəncliyinin kifayət qədər mürəkkən klassik əsələrə qımıldanmadan qulaq asmağına elə sevindim ki... Onlar konsert barədə “Facebook”dan məlumat almışdılar. Bundan əvvəl mənim "Qobustanın kölgələri" baletimin ifası olmuşdu, elə birbaşa Qobustanda, qədim insanlar rəsmlərinin həkk olunduğu qayaların arasında. Bütün bunlardan çox məmnunam. Kamal ƏliANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM