Bəxtiyar Hacıyev və vəkillərinin heç bir vəsatəti təmin olunmayıb - REPORTAJ

15:11 | 08.01.2024
Bəxtiyar Hacıyev və vəkillərinin heç bir vəsatəti təmin olunmayıb - REPORTAJ

Bəxtiyar Hacıyev və vəkillərinin heç bir vəsatəti təmin olunmayıb - REPORTAJ

Hakim Əli Məmmədovun rəhbərliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin işi ilə bağlı məhkəmənin ötən aydan təxirə salınmış hazırlıq iclası keçirilib. 

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da Cinayət Məcəlləsinin xuliqanlıq və məhkəməyə hörmətsizliyi nəzərdə tutan maddəsi ilə ittiham olunaraq  həbs edilib. Həbsinin ilk vaxtlarında iki dəfə aclıq aksiyası keçirib. Ancaq bu da Hacıyevin barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsinə, onun azadlığa çıxmasına səbəb olmayıb. Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs-qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib. Ötən il  onun sosial şəbəkə hesabları ələ keçirilib və şəxsi yazışmaları ictimailəşdirilib.  İyunun 16-da isə istintaq orqanı Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192 (Qanunsuz sahibkarlıq), 193 (Yalançı sahibkarlıq), 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1 (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb. Bu ittihamlar əsasən Hacıyevin QHT fəaliyyəti ilə əlaqəlidir. İstintaq orqanının qənaətinə görə, Bəxtiyar Hacıyev qrantl alıb və təyinatı üzrə xərcləməyib. 

Yarımçıq qalmış ötən hazırlıq iclasında Bəxtiyar Hacıyevin anket məlumatları dəqiqləşdirilib. Bu gün isə vəkillər və Bəxtiyar Hacıyev məhkəməyə bir neçə vəsatət təqdim edib. 

Əvvəlcə Bəxtiyar Hacıyev məhkəməyə bildirib ki, qanunvericilikdə ibtidai istintaq müddəti 13 ay nəzərdə tutulsa da, o, 16 aydır ki, həbsdə saxlanılır.
 
"Sentyabrın 28-də baş prokuror barəmdəki həbs-qətimkan tədbirinin yanvarın 8-dək uzadılması ilə bağlı qərar verib. Bununla da baş prokuror qanunu pozub. Beləliklə, mən son 3 ay qanunsuz həbsdə saxlanmışam və özümü girov hesab edirəm. Hakimiyyət məni Kürdəxanıda girov saxlayır”, - Hacıyev deyib. 

Vəkillər Elçin Sadlqovla Cavad Cavadlı da hakimdən baş prokurorun həmin qərarının ləğvini xahiş ediblər. 

Bəxtiyar Hacıyev və vəkilləri daha bir vəsatətlə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 206.1 (qaçaqmalçılığa köməklik etmə),  320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələrinə xitam verilməsini, həmin maddələr üzrə verilmiş ittihamlar üzrə sübutların siyahıdan çıxarılmasını istəyiblər.
 
"Həmin maddələr üzrə sübutlar "anonim müraciət”ə əsaslanır. Qanunvericiliyə görə, anonim şikayət cinayət işi başlanması, şəxsin cəlb edilməsi üçün əsas ola bilməz. Kimsə saxta bir email yaradaraq anonim müraciət edib. Müraciəti edənin şəxsiyyəti araşdırılmayıb, müəyyən olunmayıb. İstintaqın sübutlar siyahısındakı "sənədlər” isə skrinşotlardan ibarətdir. Halbuki, bu, sənəd hesab oluna və sübut hesab edilə bilməz. Sübut üçün sənədin əsası, yaxud notarial qaydada  təsdiqlənmiş surəti qəbul edilə bilərdi. Ona görə də saxta sübut hesab etdiyimiz üçün həmin "sənədlər” sübutlar siyahısından çıxarılmalıdır”, - Hacıyev deyib. 

Vəkillər bildirib ki, skrinşotlar və anonim müraciət qanuni sənəd və cinayət işi başlanması üçün əsas hesab edilmədiyi üçün Bəxtiyar Hacıyevə qarşı həmin "subütlar” əsasında verilmiş maddələrə xitam verilməlidir. 

"Ortada 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq), 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) maddələri qalır. Hesab edirik ki, yalnız bu maddələr məhkəmədə mübahisələndirilə bilər, yəni məhkəmə bu maddələr üzrə araşdırma apara bilər. Digər maddələr üzrə ittihamlara isə qeyd etdiyimiz kimi xitam verilməlidir”, - vəkil Elçin Sadıqov bildirib. 

Prokuror Eldar Həmzəyevin fikrincə isə,  maddələr üzrə verilmiş ittihamlar məhkəmədə araşdırılılmadığı halda onlara hazırlıq iclasında xitam vermək olmaz.
 
"Hörmətli məhkəmə, hələ bir məhkəmə başlasın, istintaqın təqdim etdiyi sübutlar araşdırılsın, saxtadır, saxta deyil, ondan sonra məhkəmə qiymət versin”, - prokuror vurğulayıb. 

Bəxtiyar Hacıyevin vəsatətlərə münasibət bildirərkən  "hakimiyyət hər dəfə seçkilərə siyasi məhbuslarla gedir”, "mən hakimiyyətin siyasi girovuyam”, "mən həbs olunandan vəkillərimin verdiyi qırx vəsatətdən biri də təmin olunmayıb, siz də öz qərarınızı verin, çıxaq gedək” kimi ifadələr işlətməsi hakimi özündən çıxarıb.
 
Hakimin katibə tapşırığıyla Bəxtiyar Hacıyevlə bağlı protokola iki dəfə xəbərdarlıq qeyd edilib. 

Bəxtiyar Hacıyevin başqa ikihissəli vəsatəti də olub. O, vəsatəti yazılı şəkildə məhkəməyə təqdim edib, hakim vəsatəti elan edib.
 
Bəxtiyar Hacıyev vəsatətinin birinci hissəsi ibtidai istintaq vaxtı dindirilən, ancaq adı məhkəməyə göndərilən şahidlərin siyahısında yer almayan Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin müstəntiqi Pünhan Əbilovun, Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi Samir İsmayılovun, iki həkim-ekspertin və bir tərcüməçinin məhkəməyə əlavə şahid kimi çağırılması ilə  bağlı olub.
 
Vəsatətin ikinci hissəsi isə şahidlər siyahısındakı 32 şahidin hamısının yox, əsas şahid hesab etdiyi səkkiz nəfərin məhkəmədə dindirilməsi barədə  idi. 

Son olaraq məhkəmə nə Bəxtiyar Hacıyev, nə də vəkillərinin  vəsatətlərini təmin etməyib. Hakim məhkəmə baxışını yanvarın 19-na təyin edib. 

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.
 
Günel Əliyeva

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM