Bişkekdə Xalq Yazıçısı Anarla görüş

22:01 | 05.03.2014
Bişkekdə Xalq Yazıçısı Anarla görüş

Bişkekdə Xalq Yazıçısı Anarla görüş

Azərbaycanın Qırğızıstandakı səfirliyi və bu ölkənin Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi Bişkekin A.Maldıbayev adına Milli Opera və Balet Teatrında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar ilə görüş təşkil etmişlər.Görüşdə Azərbaycanın Yazıçılar Birliyinin katibləri, Xalq Şairi Fikrət Qoca və Rəşad Məcid, Qırğızıstanın şair və yazıçıları, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak etmişlər.Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov mərasim iştirakçılarını salamlamış, Anarın yubileyinin qardaş Qırğızıstanda keçirilməsini ölkələrimizin mədəni həyatında mühüm hadisə adlandırmışdır. Səfir Anarın ancaq Azərbaycanda deyil, Müstəqil Dövlətlər Birliyi, Avropa ölkələrində və Türkiyədə yaxşı tanındığını bildirmiş, onu yazıçı, dramaturq, publisist, tərcüməçi, rejissor kimi göstərdiyi fəaliyyətinə nəzər salmışdır. Bildirilmişdir ki, Anar Azərbaycanın Xalq Şairləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlmiş. Onların yaratdıqları ədəbi mühitdən bəhrələnmiş, qırğız xalqının böyük oğlu Çingiz Aytmatovla yaxın dostluq əlaqələri saxlamış, 2008-ci ildə Çingiz Aytmatov Bakıda olarkən onunla müxtəlif görüşlər keçirilmişdir. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev böyük qırğız yazıçısını “Dostluq” ordeni ilə təltif etmişdir.Diplomat ötən ilin sonunda Bakıda Çingiz Aytmatovun 85 illiyinin yüksək səviyyədə qeyd olunduğunu da diqqətə çatdırmışdır.H.Orucov demişdir ki, Anar bu yaxınlarda yeni təsis edilən Türkdilli Dövlətlərin Yazıçılar İttifaqının birinci sədri seçilmişdir və bu istiqamətdə də səmərəli fəaliyyət göstərəcəyi şübhə doğurmur.Qırğızıstan mədəniyyət və turizm nazirinin birinci müavini Akimbek Tekeşov ölkələrimiz arasında mədəni sahədə əlaqələrin indiki səviyyəsi haqqında məlumat vermiş, Anarın Qırğızıstanda da yaxşı tanındığını bildirmişdir. O Anarın kino yaradıcılığından bəhs etmiş, 12 filmin ssenarisini yazdığını, 3 filmin isə rejissoru olduğunu qeyd etmişdir.Qırğızıstanın Xalq Yazıçısı Mar Bayjanov Anarla dostluğundan söhbət açmış, onu türk dünyasının ən yaxşı yazıçılarından biri olduğunu bəyan etmişdir.Fikrət Qoca, Rəşad Məcid Anarın yaradıcılığının məziyyətlərindən danışmışlar.Yubilyar çıxış edərək belə gözəl bir tədbirin keçirilməsi üçün Qırğızıstan tərəfinə və səfirliyimizə minnətdarlıq etmiş, yaradıcılıq planlarından danışmış, bundan sonra da ədəbi sahədə türk dünyasının daha da yaxınlaşması üçün var qüvvəsi ilə çalışacağını demişdir.Sonra yazıçıya qırğız milli geyimi bağışlanmışdır.Mərasimin bədii hissəsində Azərbaycanın xalq artistləri Möhlət Müslümov (tar), Fəxrəddin Dadaşov (kamança) və tanınmış xanəndə, Xalq Artisti Mələkxanım Əyyubova, həmçinin Qırğızıstanda yaşayan müğənni Şahmar Tapdıqov muğam, xalq və bəstəkar mahnılarını ifa etmiş, onların ifaları alqışlarla qarşılanmışdır.Yubiley tədbirində Qırğızıstan incəsənət ustalarının ifaları da yer almışdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM