Bu gün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlana bilərmi? GÖZLƏNTİLƏR

11:07 | 22.05.2022
Bu gün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlana bilərmi? GÖZLƏNTİLƏR

Bu gün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlana bilərmi? GÖZLƏNTİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün Brüsseldə görüşü gözlənilir. İlk əvvəl Şarl Mişel İlham Əliyev və Paşinyanla təkbətək görüşəcək. Daha sonra isə üçtərəfli görüşün olacağı bildirilib. 

İlham Əliyev və Nikol Paşinyan sonuncu dəfə aprelin 6-da  Brüsseldə görüşüblər. Onlar aprelin sonuna qədər ikitərəfli sərhəd komissiyasının yaradılması barədə razılığa gəlsələr də, bu məsələ ilə bağlı konkret addımlar atılmayıb. 
 
Bəs görəsən bu gün baş tutacaq görüşdən gözləntilər nədir?

Millət vəkili Arzu Nağıyevin fikrincə, sözügedən görüş  hesabat xarakterli ola bilər. 

"Düşünürəm ki, bütün tərəflər öz üzərinə götürdükləri öhdəliklərlə bağlı müzakirələr aparacaqlar. Avropa bu görüşdə konkret söz deməlidir və görüş xatirinə görüşlərdən imtina etməlidir. Eyni zamanda, İrəvanı real sülh prosesinə məcbur etməlidir”, - millət vəkili vurğuladı. 

"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov Brüssel görüşündə mübahisəli qalan məsələlərin müzakirə ediləcəyini təxmin edir. Onun fikrincə, əvvəlki görüşlərdə alınan qərarların icrasını  hansı mərhələdə olduğu aydınlaşdırılacaq.

"Görüşdə mina xəritələrinin veriləcəyini və problemli məsələlərin həlli istiqamətində müzakirələrin aparılacağını düşünürəm. Xüsusilə tərəflər arasında ərazi bütövlüyünün tanınması, delimitasiya və demarkasiya işlərinin aparılmasının nizama salınması aktual olacaq", - o vurğulayıb.
 
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin iştirakı ilə Brüsseldə keçiriləcək görüşdə tərəflərin sülh sazişi üzrə danışıqlara başlamaq üçün təklif etdiyi məqamları müzakirə edəcəklər, 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Armenpress-ə verdiyi açıqlamaya görə,  prezidentlər bu günkü görüşdə sülh sazişi üzrə danışıqlara başlamaq üçün təklif edilən məqamları müzakirə edəcəklər.

"Gündəliyə münasibətlərin tənzimlənməsi və sülh danışıqlarına başlanması üçün Ermənistan və Azərbaycanın təklif etdiyi məqamların müzakirəsi, əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, regional kommunikasiyaların açılması, sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə ikitərəfli komissiyanın işə başlaması daxildir”, - Qriqoryan bildirib. 

Onun sözlərinə görə, görüşdə Əliyev və Paşinyanın hər hansı sənəd imzalayacağı planlaşdırmır.

"Regional kommunikasiyaların açılması məsələsi ilə bağlı üçtərəfli işçi qrupu (Azərbaycan, Ermənistan və Rusiyanın baş nazirləri müavinləri olmaqla yaradılan qrup nəzərdə tutulur, -red ) fəaliyyət göstərir və ən yüksək səviyyədə əldə olunmuş razılaşmalar bu formatda müzakirə olunmalıdır. Eyni şey digər məsələlərə də aiddir. İşçi formatlarda ətraflı müzakirələr davam edir. Odur ki,  Brüsseldə hər hansı sənədin imzalanması planlaşdırılmır”, - Qriqoryan vurğulayıb.
 
Politoloq Tural İsmayılov bildirir ki, bu dəfəki Brüssel görüşündə Avropa İttifaqı Şurası daha sərt mövqe ilə çıxış etməlidir.

"Xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Ermənistan tərəfindən konkret addımlar atılmalıdır. Nəzərə almaq lazımdır ki, Ermənistanın son günlər anklavlar və digər məsələlərlə bağlı verdiyi fikirlər onun müstəqil dövlət mövqeyi deyil. Bu məsələdə Rusiyanın təhrikediciliyi açıq hiss olunur", politoloq bildirib.

İsmayılovun sözlərinə görə, 22 may Brüssel görüşündən gözləntilər çoxdur. 

"Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı təkcə Rusiya deyil, Avropa İttifaqı Şurasının da regionda praktiki aktivliyi mütləq şəkildə hiss olunmalıdır. Nəzərə almaq lazımdır ki, hər dəfə Brüsseldə görüş baş verdikdən dərhal sonra Rusiya Ermənistan rəhbərliyini müxtəlif formalarla, danışıqlar prosesindən geri durmağa təşviq edir. Rusiya nəinki müxtəlif təzyiqlər göstərir, hətta Ermənistan daxilində siyasi mühitdə qarışıqlıq, xaos elementləri yaradılır”, - o əlavə edib. 

Brüsseldə Aİ, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü 2021-ci il dekabrın 14-də başlayıb 

Bu görüş zamanı Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi həmin vaxt geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib və bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.

Cari il aprelin 29-da razılaşdırılmış növbəti görüşü isə Ermənistan tərəf  ləğv edib.
 
Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb