Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
Nazirlər Kabineti elektroenergetika və qaz təchizatı sahəsində dövlətə məxsus hüquqi şəxslər arasında qarşılıqlı ödənişlərin tənzimlənməsi qaydalarında dəyişiklik edib.Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetindən əlavə müraciət daxil olmadığı təqdirdə, hesabat ayının son iş gününün sonunda “Azərişıq” ASC-nin xüsusi bank hesabında qalan vəsait müvəkkil bank tərəfindən “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürüləcək. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat veriləcək.
Əvvəllər bu əməliyyat Nazirlər Kabineti yanında yaradılmış Komissiyadan müraciət daxil olmadığı halda həyata keçirilirdi.
Dəyişiklik Prezident İlham Əliyevin 2025-ci il dekabrın 29-da imzaladığı dövlətə məxsus hüquqi şəxslərin büdcə göstəricilərinin monitorinqi və xalis mənfəətinin bölüşdürülməsi qaydalarının təsdiq edilməsi haqqında fərmanın icrası ilə əlaqədar tətbiq edilir.