• $
  • €
  • ₽
  • ₺
  • £

Fuad Qarayev: Məktəbəqədər təhsilin məqsədi yalnız uşağı məktəbə hazırlamaq deyil

Fuad Qarayev: Məktəbəqədər təhsilin məqsədi yalnız uşağı məktəbə hazırlamaq deyil
19.10.2026 18:08

Məktəbəqədər təhsilin əsas məqsədi yalnız uşaqları məktəbə hazırlamaq deyil, onların fərdi maraqlarını, meyillərini və potensialını müəyyənləşdirərək inkişafları üçün uyğun mühit yaratmaqdır. Bunu Azərbaycan Təhsil İnstitutunun direktor müavini, əməkdar müəllim Fuad Qarayev məktəbəqədər təhsilin əhəmiyyətindən bəhs edən müəllif yazısında bildirib.

Onun sözlərinə görə, məktəbəqədər yaş uşağın dünyanı tanıdığı, suallar verdiyi, sınaqlar keçirdiyi, səhv etdiyi və yenidən cəhd göstərərək tədricən özünü tanımağa başladığı mühüm inkişaf mərhələsidir.

“Məktəbəqədər təhsilin əhəmiyyəti yalnız ilkin bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Bu mərhələ, eyni zamanda, fərdi xüsusiyyətlərin üzə çıxması və təbii imkanların inkişafı üçün geniş fürsətlər yaradır”, müəllif qeyd edib.

Qarayev hesab edir ki, uşaqların davranışlarını qiymətləndirərkən yalnız zahiri xüsusiyyətlərə diqqət yetirmək düzgün deyil. Onun fikrincə, çox sual verən, daim hərəkətdə olan, əşyaları söküb-yığan və ya müəyyən fəaliyyətlə uzun müddət məşğul olan uşaqların davranışlarının arxasında maraq və öyrənmək istəyi dayana bilər.

Müəllif yazısında vurğulayıb ki, uşağın potensialını anlamaq üçün yalnız əldə etdiyi nəticələrə deyil, həmin nəticəyə aparan prosesə də diqqət yetirmək lazımdır.

“Uşaq necə oynayır? Nə ilə daha çox maraqlanır? Nəyi təkrar-təkrar sınayır? Nə barədə çox sual verir? Çətinliklə qarşılaşanda necə davranır? Nəyi özü kəşf etməyə çalışır? Bu sualların cavabları gündəlik fəaliyyət zamanı diqqətli müşahidə ilə üzə çıxa bilər. Potensialı görməyin ilk addımı da məhz budur”, - o bildirib.

Uşaqları eyni meyarlarla qiymətləndirmək düzgün deyil

Qarayevin fikrincə, hər bir uşağın inkişafı fərqli sürətlə və fərqli istiqamətlərdə baş verdiyindən onları eyni qəlibə salmaq əvəzinə, fərdi xüsusiyyətlərini nəzərə almaq lazımdır.

“Bu səbəbdən məktəbəqədər təhsildə əsas sualımız ‘nəyi bacarmır?’ deyil, ‘nəyi sevərək edir və biz həmin marağı onun inkişafına necə çevirə bilərik?’ olmalıdır”, - müəllif qeyd edib.

O bildirib ki, məktəbəqədər təhsilə bəzən ibtidai məktəbin kiçik modeli kimi yanaşılır, uşaqlardan daha tez oxumaq, çoxlu şeir əzbərləmək və yaxşı hesablamaq gözlənilir. Halbuki erkən uşaqlıq dövründə öyrənmək həvəsinin qorunması, müstəqil düşünmək, araşdırmaq və yaradıcılıq bacarıqlarının inkişafı da mühüm əhəmiyyət daşıyır.

Müəllif UNESCO-nun erkən uşaqlıq dövrünü sonrakı öyrənmə, emosional rifah və bütöv inkişaf üçün təməl mərhələ kimi qiymətləndirdiyini xatırladıb. O, həmçinin OECD-nin erkən uşaqlıq təhsili ilə bağlı yanaşmalarında oyun, araşdırma və qarşılıqlı əlaqələrin, eləcə də maraq, motivasiya və özünü tənzimləmə bacarıqlarının əhəmiyyətinin vurğulandığını qeyd edib.

Qarayevin fikrincə, uşağın maraq göstərmədiyi fəaliyyətə məcbur edilməsi öyrənmə həvəsinin formalaşmasına mane ola bilər. Böyüklər əvvəlcə uşağın nəyə maraq göstərdiyini anlamalı, daha sonra bu marağı öyrənmə prosesinə yönəltməyə çalışmalıdırlar.

Oyun uşağın potensialını üzə çıxaran vasitədir

Müəllif sərbəst oyunun məktəbəqədər təhsildə xüsusi rol oynadığını bildirib. Onun sözlərinə görə, oyun zamanı uşaq seçim edir, qərar verir, sınaqlar keçirir, problemləri həll etməyə çalışır və başqaları ilə ünsiyyət qurur.

“Böyüklərin verdiyi tapşırıqda görünməyən bəzi xüsusiyyətlər sərbəst oyun zamanı üzə çıxa bilər: kim yeni ideya irəli sürür, kim detallara diqqət yetirir, kim çətinlik qarşısında yenidən cəhd edir, kim başqalarını oyuna cəlb edir, kim isə özünəməxsus həll yolu tapır”, - Qarayev yazıb.

O, uşaqların inkişafında hərəkətin, təxəyyülün və kiçik motorikanın da əhəmiyyətini vurğulayıb. Qaçmaq, tullanmaq, dırmaşmaq, müxtəlif materiallarla işləmək, qurmaq və yenidən yaratmaq uşaqların ətraf aləmi təcrübə yolu ilə öyrənməsinə imkan verir.

Müəllifin fikrincə, pedaqoqlar uşaqları müşahidə edərkən onların hansı fəaliyyətlərə üstünlük verdiyinə, diqqətlərini nə qədər saxlaya bildiklərinə, çətinliklərə necə reaksiya verdiklərinə və fikirlərini necə ifadə etdiklərinə diqqət yetirməlidirlər.

Qarayev hesab edir ki, potensialı yalnız bir test, qiymətləndirmə və ya fəaliyyətin nəticəsi əsasında müəyyənləşdirmək düzgün deyil. İnkişaf davamlı proses olduğundan müşahidələr müxtəlif vəziyyətlərdə aparılmalı və zamanla müqayisə edilməlidir.

Təhlükəsiz mühit və etibarlı münasibətlər vacibdir

Müəllif məktəbəqədər təhsildə uşağın özünü təhlükəsiz və qəbul edilmiş hiss etdiyi mühitin yaradılmasını da vacib sayır. Onun fikrincə, uşaq səhv etdikdə cəzalandırılmayacağını, başqaları ilə müqayisə olunmayacağını və suallarına diqqətlə yanaşılacağını bilməlidir.

Qarayev bildirib ki, keyfiyyətli məktəbəqədər təhsil yalnız proqramlardan, materiallardan və metodlardan ibarət deyil. Böyüklərlə qurulan etibarlı və diqqətli münasibətlər də uşağın inkişafına təsir göstərir.

“Bəlkə də əsas vəzifəmiz kiməsə ‘sən istedadlısan’ deməkdən əvvəl onun nəyə görə həyəcanlandığını, nəyə maraq göstərdiyini və hansı fəaliyyət zamanı özünü daha sərbəst ifadə etdiyini görməkdir”, - o qeyd edib.

Müəllifin fikrincə, məktəbəqədər təhsilin vəzifəsi uşağın gələcəyini əvvəlcədən müəyyənləşdirmək deyil, onun gələcək imkanlarının genişlənməsi üçün uyğun şərait yaratmaqdır.

“Uşaqlara kim olacağını söyləməkdən daha vacibi, onların öz imkanlarını kəşf etmələrinə şərait yaratmaqdır”, - Qarayev vurğulayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda bu yol tam bağlanır
Cəmiyyət 17:34
Bakıda bu yol tam bağlanır
Sahibə Qafarova TÜRKPA-nı gənclər siyasətində səyləri artırmağa çağırıb
Cəmiyyət 16:40
Sahibə Qafarova TÜRKPA-nı gənclər siyasətində səyləri artırmağa çağırıb
Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib - Sərəncam
Cəmiyyət 16:29
Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib - Sərəncam
Qarabağda Milli Park yaradılacaq - sərəncam
Cəmiyyət 15:59
Qarabağda Milli Park yaradılacaq - sərəncam
Süleyman Rəhimov küçəsində yolu su basıb - Video/Açıqlama
Cəmiyyət 15:50
Süleyman Rəhimov küçəsində yolu su basıb - Video/Açıqlama
Cinsi yolla keçən infeksiyaya yoluxmuş gənclərin 95%-i kişilərdir
Cəmiyyət 15:37
Cinsi yolla keçən infeksiyaya yoluxmuş gənclərin 95%-i kişilərdir
Azərbaycanda gənclər arasında onkoloji xəstəliklər 17% azalıb
Cəmiyyət 15:23
Azərbaycanda gənclər arasında onkoloji xəstəliklər 17% azalıb
Ötən il Azərbaycandan köçən gənclərin 57%-i qadın olub
Cəmiyyət 14:54
Ötən il Azərbaycandan köçən gənclərin 57%-i qadın olub
Bəzi yerlərə leysan yağacaq - proqnoz
Cəmiyyət 14:45
Bəzi yerlərə leysan yağacaq - proqnoz
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol