Bələdiyyələrin gəlirləri 1,5% artıb
Azərbaycanda bələdiyyələrin yerli büdcə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,5% artıb. Bu ilin ilk altı ayında şəhərsalma, ətraf mühitin qorunması və abadlıq işlərinə isə 3,5 milyon manatdan çox vəsait ayrılıb. Bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi Elmin Həsənov Milli Məclisdə çıxışı zamanı bildirib.
“Yerli büdcə gəlirlərində artım müşahidə olunur”, - Həsənov bələdiyyələrin fəaliyyəti ilə bağlı tədbirdə deyib.
O, dəqiq göstəricilərin bələdiyyələrin fəaliyyəti üzrə illik məruzədə açıqlanacağını bildirib.
Həsənovun sözlərinə görə, aparılan təhlillər bələdiyyələrin ərazilərindəki mövcud potensialdan tam və düzgün istifadə etmədiyini göstərir. Nazirlik bələdiyyə büdcəsinə ödənişlərin düzgün hesablanması, torpaqlardan qanunsuz istifadə hallarının araşdırılması və bələdiyyələrin maliyyə dayanıqlılığının artırılması istiqamətində iş aparır.
“Bələdiyyə büdcəsi vəsaitlərinin yığılması nə qədər faydalıdırsa, onların qanuna uyğun istiqamətlərə xərclənməsi də bir o qədər aktual və prioritet məsələdir”, - o deyib.
Həsənov bildirib ki, bələdiyyələrin hesabatlarının ictimaiyyət üçün açıq olması və gəlir-xərclərin şəffaf göstərilməsi məqsədilə informasiya sistemləri təkmilləşdirilir. Gəlir və xərclərin əks olunduğu portal artıq bəzi bələdiyyələr tərəfindən istifadə olunur.
Onun sözlərinə görə, yeni qanunvericilik aktları ilə bağlı bələdiyyələrə 5 mindən çox tövsiyə məktubu göndərilib.
Gülnar Nazimqızı
Son xəbərlər